2004 VƏ 2004-2007-Cİ İLLƏR ÜÇÜn azərbaycan respublikasinin iQTİsadi sosiAL




Yüklə 208.24 Kb.
səhifə1/4
tarix09.03.2016
ölçüsü208.24 Kb.
  1   2   3   4

2004 VƏ 2004-2007-Cİ İLLƏR ÜÇÜN
AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİ – SOSİAL
İNKİŞAF KONSEPSİYASI VƏ ƏSAS MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİN PROQNOZU
GİRİŞ

Ölkənın gələcəkdə də dayanıqlı sosial-iqtisadi inkişafı ücün əsas prioritetləri müəyyənləşdirmək və mövcud vəsaitlərin həmin prioritetlərə uyğun olaraq daha səmərəli xərclənməsini təmin etmək məqsədilə «Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının qanununa uyğun olaraq İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2004-cü və 2004-2007-ci illər üçün əsas makroiqtisadi göstəricilərin proqnozları işlənib hazırlanmışdır. Bu proqnozlar mövcud sosial iqtisadi vəziyyətin təhlilinə və proqnozların əhatə etdiyi illər üçün sosial iqtisadi siyasətin prioritetlərinə əsaslanır.

2004-cü ilin sosial-iqtisadi proqnoz göstəriciləri hazırlanarkən məlumat bazasının genişləndilməsi məqsədilə ümumi istehsalda xüsusi çəkiləri nəzərə alınmaqla 400-dən artıq sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə sahələrinin aparıcı müəssisələrindən, Azərbaycanda fəaliyyət göstərən 7 böyük neft konsorsiumundan alınmış məlumatlar təhlil edilmişlir.

2004-cü ilin əsas makroiqtisadi göstəricilərinin və ortamüddətli (2004-2007-ci illər) sosial-iqtisadi inkişaf proqnozları, həmçinin iqtisadiyyatın neft və qeyri-neft sahələrinin inkişaf perspektivləri Maliyyə, Vergilər Nazirlikləri, Dövlət Gömrük Komitəsi və digər aidiyyəti dövlət orqanları ilə, eyni zamanda Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının missiyaları ilə geniş müzakirə olunmuşdur.


2002-Cİ İL ÜZRƏ AZƏRBAYCAN RESPUBLİKASININ SOSİAL -İQTİSADİ İNKİŞAFININ YEKUNLARI
XX əsrin sonunda və XXI əsrin başlanğıcında Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin rəhbərliyi altında dünya ölkələrinin təcrübəsi nəzərə alınmaqla beynəlxalq maliyyə təşkilatları ilə sıx əməkdaşlıq şəraitində ölkənin sosial-iqtisadi inkişaf strategiyası müəyyən edilmlş və müvəffəqiyyətlə həyata keçirilməkdədir.

Bu strategiyanın əsas məzmunu bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə sabit sosial-iqtisadi inkişafın təmin olunmasından, əhalinın həyat səviyyəsinin ilbəil yaxşılaşdırılmasından ibarətdir. Uğurla həyata keçirilən bu strategiya nəticəsində ölkə iqtisadiyyatının strukturu mülkiyyət və təşkilati-hüquqi baxımdan köklü surətdə dəyişdirilmiş, bir sıra mərkəzi və dövlət idarəetmə orqanı ləğv edilmiş, digərlərinin ancaq tənzimləmə funksiyaları saxlanılmaqla təsərrüfat funksiyaları tamamilə dayandırılmışdır.



«Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 612 nömrəli fərmanının tələblərindən irəli gələn vəzifələri icra etmək məqsədilə “Azərbaycan Respublikasında «Kiçik və orta sahibkarlığın inkişafı», «2002-2006-ci illərdə aqrar bölmənin inkişafina dair dövlət proqramı», «Enerji və su sektorunda maliyyə intizamının gücləndirilməsi», «Xüsusi maşınqayırma və konversiya sənayesinin inkişafı» proqramları təsdiq olunmuş, qeyri-neft, energetika sektorları üzrə sahəvi proqramlar hazırlanmış, dövlət əmlakının özəlləşdirilməsi və ya uzunmüddətli idarəetməyə verilməsi, bank, maliyyə və vergi sistemlərinin təkmilləşdirilməsi ilə bağli əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.

İqtisadi nailiyyətlərin əldə edilməsində düşünülmüş pul-kredit və məzənnə siyasətinin aparılması əhəmiyyətli rol oynamışdır. Bank sistemində aparılan islahatlar nəticəsində bankların maliyyə parametrlərinə – kapital, likvidlik, mənfəətlik, əməliyyatların təhlükəsizliyi və mütərəqqi texnoloji nailiyyətlərdən istifadə edilməsi və idarəetmə-informasiya sistemlərinin tətbiqi amillərinə xüsusi diqqət yetirilmişdir. 2002-ci ildə manatın 1 ABŞ dollarına orta məzənnəsi 4860,8 manat olmuşudur. Azərbaycan Respublikasının strateji valyuta ehtiyatları 1995-ci illə müqayisədə 86 dəfə artaraq 1,3 milyard ABŞ dolları, o cümlədən Milli Bankın valyuta ehtiyatları 600 milyondan çox, Dövlət Neft Fondunun - 700 milyon ABŞ dollarına yaxın olmuşdur. Bunlarla yanaşı, bank sistemində hesablar planı, mühasibat uçotu və maliyyə hesabatları beynəlxalq standartlara uyğunlaşdırılmış, elektron ödəniş və banklararası hesablaşmalarda iri ödənişlərin avtomatlaşdırılması sistemi istismara verilmişdir.

Maliyyə sektorunda islahatlar davam etdirilmiş, xəzinədarlıq sistemi daha da təkmilləşdirilmişdir. Praqmatik xariçi borclanma siyasəti 2002-ci ildə də davam etdirilmiş, xarici borçun valyuta növlərinə və müddətlərinə görə tənzimlənməsinə optimal yanaşma saxlanılmışdır. 2003-cü il 1 yanvar tarixinə ödəniləcək xarici borcun məbləği 1358 mln. ABŞ dolları (adambaşına düşən xarici borc - 166 ABŞ dolları) təşkil etmiş və ÜDM-in 22.3 faizi səviyyəsində olmuşdur.

2002-ci ildə cari qiymətlərlə 29602,0 milyard manatlıq ÜDM istehsal olunmuş, onun real həcmi 2001-ci ilə nisbətən 10,6 faiz artmışdır. Ümumi daxili məhsulda iqtisadiyyatın istehsal sahələrinin (tikinti də daxil olmaqla) payı 59,9 faiz, xidmət sahələrinin – 40,1 faiz, ÜDM-in deflyator indeksi 100,7 faiz təşkil etmişdir.

Bu dövr ərzində sənayedə real artım 4,2%, kənd təsərrüfatı, ovçuluq və meşəçilikdə 6,4%, tikintidə 2 dəfədən çox, ticarətdə 9,6 %, nəqliyyatda 6,0%, rabitədə 14,9% olmuşdur. Ümumi daxili məhsulun adambaşına düşən real həcmi 2001-ci illə müqayasədə 9,8 faiz artmış və 3610,0 min manat (742,7 ABŞ dolları) təşkil etmişdır.

2002-ci ildə də sahibkarlığın inkişafına dövlət yardımı iqisadi siyasətin prioritet istiqamətlərindən biri olaraq qalmışdır. Azərbaycan Respublikası Prezidentinin 2002-ci ildə yerli və xarici iş adamları ilə görüşləri kiçik və orta sahibkarlığın inkişafı sahəsində əldə olunmuş nailiyyətləri, eyni zamanda bu sahədə mövcud olan problemləri aşkara çıxarmışdır. Həmin görüşlərdən sonra sahibkarlığın inkişafı ilə bağlı ölkə Prezidentinin imzaladığı «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)», «Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında», «Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında», «Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında» və diğər fərmanları, Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurasının yaradılması sahibkarlığın dəstəklənməsi istiqamətində keyfiyyətcə yeni mərhələnin təməlini qoymuşdur.

Sahibkarlığın inkişafı sahəsində qəbul olunmuş dövlət proqramları çərçivəsində ölkə iqtisadiyyatının tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilmiş, sahibkarlara dövlət maliyyə köməyi sistemi təkmilləşdirilmişdir. Sahibkarlıq infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addımlar atılmış, sahibkarlara zəruri texniki yardim – məsləhət, informasiya və s. xidmətlər göstərən strukturlar formalaşmışdır. Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 240-dan 30-a endirilmiş, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirilmiş, lisenziyanın müddəti 2 ildən 5 ilə qədər uzadılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 27 avqust tarixli «Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə» Fərmanı ilə sahibkarlara dövlət maliyyə köməyi sistemi, sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi mexanizmləri təkmilləşdirilmişdir. 2002-ci ildə sahibkarlığın inkişafına yardım məqsədilə Sahibkarlığa Kömək Milli Fondundan 8,4 mlrd. manat vəsait ayrılmış və bunun nəticəsində 1385 yeni iş yeri yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında» 10 sentyabr 2002-ci il tarixli Fərmanı ilə 2003-2005-ci illər üçün Azərbaycan Respublikasının Dövlət büdcəsi layihələrində sahibkarlığın inkişafına 250 milyard manat ayrılması nəzərdə tutulmuşdur.

Bütövlükdə ölkədə, o cümlədən regionlarda işgüzar fəaliyyəti həvəsləndirmək üçün vergi güzəştləri, o cümlədən 2003-cü il yanvarın 1-dən mənfəət vergisinin bütövlükdə və sahələr, regionlar üzrə differensiallaşdırılaraq aşağı salınması, sadələşdirilmiş vergi sisteminin təkmilləşdirilməsi, habelə sosial sığorta ödəmələrinin azaldılması ölkədə sahibkarlıq fəaliyyətinin daha yüksək sürətlə inkişafına əlverişli şərait yaratmışdır. Hüquqi şəxslərin sayı 2002-ci ildə 0,9% artmış və 2003-cü ilin yanvar ayının 1-nə 59130 olmuşdur. 2002-ci ildə 2109 müəssisə və təşkilat fəaliyyətini dayandırmış, 3142 yeni müəssisə yaranmışdır. 2002-ci ilin nəticələrinə görə Azərbaycanda xaricilər tərəfindən və onlarin iştirakı ilə yaradılmış 3061 müəssisə dövlət qeydiyyatından keçmişdir.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı dinamik şəkildə artmaqda davam edir. Respublika vergi orqanlarının məlumatına görə, 2003-cü ilin yanvar ayının 1-i vəziyyətinə vergilərə cəlb edilən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı 2001-ci illə müqayisədə 19,9% artaraq 128104 təşkil etmişdir. 2002-ci il ərzində müəssisələrin ümumi sayında kiçik müəssisələrin xüsusi çəkisi 80,4% (47565) olmuşdur. Ölkə iqtisadiyyatında qeyri-dövlət sektorunun xüsusi çəkisi artmaqda davam etmiş, özəl sektorun mövqeyi möhkəmlənmişdir.

Ölkə iqtisadiyyatında ədalətli rəqabət mühitini təmin etmək, təsərrüfat subyektlərinin səmərəli fəaliyyətinə yardım etmək məqsədilə 2002-ci ildə Azərbaycan Respublikası Tarif (qiymət) Şurası yaradılmış və tariflərin (qiymətlərin) təkmilləşdirilməsi sahəsində həmin Şura tərəfindən bir sıra əhəmiyyətli qərarlar qəbul edilmişdir.

Belə ki, Abşeron Regional Səhmdar Su Cəmiyyətinin istehlakçı qrupları üzrə 01.04.2002 ci il tarixdən suyun, «Bakıkanalizasiya» İB-yi üzrə 01.10.2002-ci il tarixdən çirkab suyun axıdılması xidmətlərinin yeni tarifləri qüvvəyə minmişdir. Suvarma suyunun respublikanın rayonları üzrə qiymətləri, suvarma suyundan istifadə qaydaları təsdiq edilmişdir. Bu qərar ilk növbədə aqrar sektorun suya olan tələbatının daha dolğun ödənilməsinə yönəlmişdir.

Poçt rabitəsi xidmətləri üçün tariflərdə beynəlxalq göndərişlər üzrə əksər xidmətlərin tarifləri aşağı salınmış, beynəlxalq fiber-optik kabel magistralının seqmentləri üzrə rabitə kanallarından istifadə tarifləri 70%-dən 10%-ə qədər aşağı salınmışdır.

Təkcə qeyd olunan tariflər üzrə əhaliyə göstərilən xidmətlərdə 30-a qədər, büdcə təşkilatları üçün göstərilən xidmətlərdə 50-yə yaxın, digər abonentlər üçün göstərilən xidmətlərdə isə 50-dən artıq xidmət növü üzrə qiymətlər aşağı salınmışdır.

Təbii inhisar subyektlərinin məhsullarının (xidmətlərinin) qiymətlərinin (tariflərinin) formalaşması və tənzimlənməsi daimi diqqət mərkəzində olmuşdur. «Təbii inhisar subyektlərinin məhsullarının (xidmətlərinin) qiymətlərinin (tariflərinin) formalaşması və tənzimlənməsinin aparılması qaydaları» təsdiq edilmiş, dövlət qeydiyyatına alınmışdır.

2002-ci ildə bazar iqtisadiyyatının əsasını təşkil edən xüsusi mülkiyyətin inkişafı, dövlət mülkiyyətində olan müəssisələrin özəlləşdirilməsi davam etdirilmiş, nəticədə dövlət sektorunda olan müəssisələrin bir hissəsi özəl bölməyə keçmişdir. 2002-ci ildə 2844 kiçik müəssisə və obyekt özəlləşdirilmiş, müəssisələrin özəlləşdirilməsi məqsədilə 12 investisiya müsabiqəsi keçirilmiş, 160 səhmdar cəmiyyətinin səhmi satılmışdir. Özəlləşdirmə prosesi başlayandan isə Azərbaycanda 30 minə yaxın kiçik müəssisə və obyekt özəlləşdirilmiş, dövlət müəssisələrinin bazasında 1500-ə yaxın açıq səhmdar cəmiyyətləri təsis edilmişdir. 1375 min hektardan çox torpaq sahəsi əvəzsiz olaraq kəndlilərə paylanmışdır.

Gəncəelektrikşəbəkə” və “Əli Bayramlıelektrikşəbəkə” SC-nin “Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları” SC-nə və “Sumqayıtelektrikşəbəkə” SC-nin “Barmek Azərbaycan Elektrik Şəbəkəsi” MMC-nə idarəetməyə verilməsi haqqında müqavilələr təsdiq edilmişdir. Öz növbəsində enerji haqqlarının yığımında da artım müşahidə edilmiş, dolayı subsidiyaların həcmi azalmışdır. Bu tədbirlər nəticəsində 2002-ci ildə qeyri-dövlət sektorunun ÜDM-də xüsusi çəkisi 73%-ə, kənd təsərrüfatında 99,3%,-ə sənayedə 53,7%-ə, tikintidə 84%-ə, nəqliyyatda 64,3%-ə, rabitədə 66,5%-ə, ticarətdə 98,5%-ə, sosial və sair xidmətlər sahəsində 41%-ə çatmışdır.

Ölkə iqtisadiyyatında son illər müşahidə olunan investisiya axınının dinamik artımı 2002-ci ildə də davam etmişdir. 2002-ci ildə müxtəlif mülkiyyət formalarından olan müəssisə və təşkilatlar tərəfindən iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 12621,2 milyard manat və ya əvvəlki ildəkindən 73,5 faiz çox investisiya yönəldilmişdir. Bütün investisiyaların 2730,2 milyard manatını (21,6 faizini) daxili, 9891,0 milyard manatını (78,4 faizini) xarici vəsaitlər təşkil etmişdir.

Sənaye istehsalında nailiyyətlər 2002-ci ildə daha da möhkəmlənmiş və 17,7 trln. manatlıq sənaye məhsulu istehsal olunmuşdur. İstehsal edilmiş sənaye məhsulunun 53,3 faizi hasilat, 36,1 faizi emal sənayesi, 10,6 faizi energetika, qaz və su təchizatı müəssisələrinin payına düşmüş, qeyri-dövlət sektorunun xüsusi çəkisi 53,7 faiz olmuşdur. 2002-ci ildə mədənçıxarma sənayesi müəssisələrində məhsul buraxılışının həcmi keçən illə müqayisədə 2,5 faiz artmışdır. Ötən il ölkədə hasil edilmiş 15,3 milyon ton neft son iyirmi dörd ildə ən yüksək göstərici olmuşdur. Neft sektorunun ÜDM-də xüsusi çəkisi 29,6% təşkil etmişdir.

Neftdən gələn böyük gəlirlərin səmərəli istifadəsi baxımından Dövlət Neft Fondunun yaradılması böyük əhəmiyyət kəsb edir. 2002-ci ilin yekunlarına ğörə Dövlət Neft Fondunun vəsaitləri 700 milyon dollara yaxın olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 25 mart 2002-ci il tarixli 893 nömrəli Sərəncamı ilə Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi proqramı» və «Su sektorunda maliyyə intizamının gücləndirilməsi proqramı» təsdiq edilmiş və onlardan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə müvafiq tədbirlər yerinə yetirilmişdir

«Azərenerji» və «Azəriqaz» səhmdar cəmiyyətlərinə verilən yanacağın haqqının ödənilməsi səviyyəsi təhlil edilmiş və 2002-ci ilin yekununa görə ümumi subsidyaların həcmi 1603.7 mlrd. manat olmuşdur. Enerji və qaz sektoru üzrə alınan yanacaq üçün ödənilməyən məbləğə görə dövlət büdcəsi hesabına bu sektorlara dolayı subsidyanın verilməsi mexanizmi hazırlanmış, İqtisadi İnkişaf, Maliyyə, Vergilər, Yanacaq və Energetika Nazirlikləri tərəfindən təsdiq edilmişdir. 2003-cü ildə enerji və qaz sektoru üzrə alınan yanacaq üçün ödənilməyən məbləğə görə dövlət büdcəsi hesabına bu sektorlara ediləcək dolayı subsidyaların limiti müvafiq olaraq 1500800.0 milyon manat və 97800.0 milyon manat müəyyən olunmuş, icmal büdcənin həm gəlir, həm də xərc hissəsinə daxil edilmişdir.

İqtisadiyyatın bazar prinsipləri əsasında yenidənqurulması, kənddə aqrar islahatların həyata keçirilməsi, kənd təsərrüfatı istehsalı sahəsində mərkəzi planlaşdırma sistemi və məhsul alışı üzrə dövlət sifarişlərinin ləğv edilməsi, məhsulun satınalma qiymətlərinin sərbəstləşdirilməsi və bu kimi digər tədbirlər kənd təsərrüfatının sosial və sahə strukturuna ciddi təsir göstərmişdir. Kənd təsərüfatında əlavə dəyər istehsalının həcmi əvvəlki illə müqayisədə 2002-ci ildə 6,4% artmışdır.

Nəqliyyat sektorunun fəaliyyətində ilbəil sabit artım müşahidə olunur. TRASEKA artıq ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayan bir dəhlizə çevrilmişdir. 1998-ci illə müqayisədə 2002-ci ildə bu dəhlizdə yük daşınması 60 faizə qədər artmışdır. Daşınan yüklərin 56%-dən çoxu qeyri-dövlət bölməsinin nəqliyyat vasitələri tərəfindən yerinə yetirilir. Rabitə xidmətlərinə olan tələbatın ödənilməsi üçün müəsisələr arasında azad rəqabətin yaranması bu sahədə dövlət sektoru ilə yanaşı, qeyri-dövlət rabitə müəssisələrinin də inkişafına təkan vermişdir. Beynəlxalq standartlara cavab verən rəqəmli telefon stansiyalarının istifadəyə verilməsi, Azərbaycanda mobil telefon rabitəsinin yaradılması rabitə sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksək səviyyədə qurulmasına səbəb olmuşdur. Telefon stansiyalarının tutumu 1990-cı ildəki 617 min nömrədən 2002-ci ildə 1 milyon nömrəyədək artmışdır.

İqtisadiyyatın istehsal və xidmət sahələrində müşahidə olunan inkişaf əhalinin rifahının, həyat səviyyəsinin yüksəlməsinə zəmin yaratmışdır. Əhalinin pul gəlirlərində, işçilərin orta aylıq əmək haqlarında son illər müşahidə olunan yüksək artım 2002-ci ildə də davam etmişdir. Belə ki, 2002-ci ildə əhalinin nominal pul gəlirləri 11.4 faiz artaraq 21,2 trln. manat, xərcləri isə 12.6 faiz artaraq 20,9 trln.manat olmuşdur.

Orta aylıq əmək haqqı 2001-ci illə müqayisədə 21.2 faiz artaraq 315.2 min manat, o cümlədən dövlət sektorunda 215.3 min manat və qeyri-dövlət sektorunda 610,8 min manat olmuşdur.

2002-ci ildə ölkənin istehlak bazarında əhaliyə 16101,3 milyard manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmiş və 2001-ci illə müqayisədə 9,1 faiz artmışdır. 2001-ci illə müqayisədə pərakəndə əmtəə dövriyyəsinin həcmi 9,6 faiz, pullu xidmətlər – 7,1 faiz artmışdır.

İqtisadi fəal əhalinin 3726,5 min nəfəri (98,7 faiz) iqtisadiyyatda məşğul olanlar və 51 min nəfəri isə (1,3 faiz) işsiz statusuna malik olanlardır.

Xarici ticarətin əmtəə strukturu və coğrafiyası əhəmiyyətli dərəcədə genişlənmiş, dünyanın 128 ölkəsi ilə ticarət əməliyyatları aparılmışdır. 2002-ci ildə mallar üzrə xarici ticarət dövriyyəsinin ümumi həcmi 3832,9 milyon ABŞ dolları, o cümlədən ixrac 2167,5 idxal 1665,4 milyon ABŞ dolları təşkil etmiş, ölkə üzrə 502,1 milyon dollar məbləğində müsbət xarici ticarət saldosu yaranmışdır.

Dövlət büdcəsinin xərclərində sosial müdafiə və sosial təminat xərclərinin payı ildən ilə artır. Bu məqsədlərə 1995-ci ildə ümumi büdcə xərclərinin 8,5% yönəldilmişdisə, 2002-ci ildə həmin göstərici artaraq 21% təşkil etmişdir, dövlət büdcəsindən qaçqin və məcburi köçkünlərə 200 milyard manat vəsait ayrılmışdır.

Azərbaycanın sosial sahədə əldə etdiyi nailiyyətlər BMT-nin İnkişaf Proqramının 2002-ci ilə olan İnsan inkişafı haqqında hesabatında da öz əksini tapmışdır. Həmin hesabata uyğun olaraq cəmi iki il ərzində Azərbaycan 162 dövlətlər sırasında 110-cu yerdən 79-cu yerə qalxmışdır.

Beynəlxalq maliyyə-iqtisadi institutlarla səmərəli əməkdaşlıq 2002-ci ildə də davam etdirilmişdir. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı makroiqtisadi stabilliyin təmin edilməsi, iqtisadi islahatların davam etdirilməsi, infrastruktur, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə Azərbaycanı maliyyə, texniki və s. yardımla dəstəkləmişdir.

Sevindirici haldır ki, Azərbaycanın əldə etdiyi nailiyyələr beynəlxalq qurumlar, agentliklər və s. tərəfindən də qeyd edilmişdir. 25 iyul 2002-ci il tarixində «Fitch» Beynəlxalq reytinq agentliyi öz hesabatında Azərbaycan Respublikasının suveren reytinqini «Sabit Perspektiv»dən «Müsbət Perspektiv»ə yüksəltməklə xarici və yerli valyutalarla uzunmüddətli kreditlər üzrə reytinqini «BB-», qısamüddətli kreditlər üzrə isə «B» səviyyəsində təsdiq etmişdir.


2003-cü İlİn 6 ayı ərzİndə sosİal-İqtİsadİ İnkİşafın yekunları VƏ İLİN SONUNA GÖZLƏNİLƏN NƏTİCƏLƏR

Əvvəlki illərdə əldə edilmiş sosial-iqtisadi nailiyyətlərin 2003-cü ildə də təmin edilməsi məqsədilə «Azərbaycan Respublikasının 2003-ci il Dövlət Büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 26 dekabr tarixli 827 saylı Fərmanı ilə müəyyən edilmiş bir sıra vacib tədbirlər həyata keçirilmişdir.

Azərbaycan iqtisadiyyatında, o cümlədən qeyri-neft sektorunda xarici investisiyaların həcmini artırmaq, ölkəmizin böyük iqtisadi imkanlarını təbliğ etmək məqsədilə 2003-cü ilin may ayında Bakı şəhərində dünyanın tanınmış şirkətlərinin və beynəlxalq təşkilatların iştirakı ilə Beynəlxalq İnvestisiya Konfransı keçirilmiş, «2004-2007-ci illər üzrə Azərbaycan Respublikasının Dövlət İnvestisiya Proqramı»nın layihəsi hazırlanmışdır.

2003-cü ildə tikintisi başa çatması nəzərdə tutulan obyektlərin maliyyələşdirilməsi şərti ilə «Azərbaycan Respublikasının 2003-cü il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 15-ci bəndində nəzərdə tutulan «Dövlət investisiya xərclərinin» konkret obyektlər üzrə bölgüsü aparılmışdır. Ölkə iqtisadiyyatının tədiyyə qabiliyyəti haqqında dolğun məlumatın əldə edilməsi məqsədilə tədiyyə balansının hesabat və proqnozunun tərtib edilməsi mexanizmi təkmilləşdirilmişdir.

İqtisadiyyatda struktur islahatlar, enerji sektorunda maliyyə intizamı gücləndirilmiş, Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 saylı Fərmanı ilə Dövlət Neft Şirkətinin strukturu bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq təkmilləşdirilmişdir.

Dövlət mülkiyyətinin özəlləşdirilməsi istiqamətində işlər davam etdirilmiş və 2003-cü ilin 6 ayı ərzində 837 kiçik müəssisə və obyekt özəlləşdirilmiş, müəssisələrin özəlləşdirilməsi məqsədilə 4 investisiya müsabiqəsi keçirilmiş, 76 səhmdar cəmiyyətinin səhmi satılmışdir.


Azərbaycan Respublikasının Beynəlxalq Bankı Səhmdar Kommersiya Bankının nizamnamə kapitalındakı dövlətə məxsus səhmlərin və Birləşmiş Universal Səhmdar Bankının özəlləşdirilməsi sahəsində əhəmiyyətli addımlar atılmışdır. “Azərbaycan Respublikasının Beynəlxalq Bankı” Səhmdar Kommersiya Bankının nizamnamə kapitalındakı dövlətə məxsus səhmlərin 20 faizinin Avropa Yenidənqurma və İnkişaf Bankına satılması ilə bağlı 04 iyun 2003-cü il tarixində müvafiq Anlaşma Memorandumu imzalanmış, 2002-ci ilin Maliyyə Hesabatı əsasında həmin səhmlərin satışına dair təkliflərin hazırlanması məqsədilə qiymətləndirmə xidmətləri üzrə KPMG şirkəti ilə müvafiq müqavilə imzalanmışdır.

Birləşmiş Universal Səhmdar Bankının özəlləşdirilməsi ilə bağlı müvafiq təkliflər hazırlanmış, Birləşmiş Universal Səhmdar Bankının institusional quruculuğu və özəlləşdirməyə hazırlığı ilə bağlı işlər davam etdirilir və bu işlər 2003-cü ilin sonunadək başa çatacaqdır.

Ölkədə investisiya fəallığının artırılması, daşınmaz əmlakın sivil bazarının infrastrukturunun yaradılması, mülkiyyətçilərin hüquqlarının müdafiə olunması məqsədilə İqtisadi İnkişaf Nazirliyinin nəzdində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yaradılmışdır.

İqtisadiyyata kredit qoyuluşlarinin həcmi artmaqda davam etmişdir. Belə ki, 2003-cü ilin yanvar-iyun aylari ərzində iqtisadiyyata kredit qoyuluşlarinin ümumi həcmi 2909,0 mlrd. manat , o cümlədən 848,9 mlrd. manat və ya 29,2 %-i dövlət müəssisələrinə, 2060,1 mlrd. manat və ya 70,8 %-i özəl sektora verilmişdir.Cari ilin birinci yarımilliyi ərzində iqtisadiyyata qoyulan ümumi kreditlərin 2577,7 mlrd. manatı və ya 88,6 %-i respublikada fəaliyyət göstərən kommersiya banklarının payına düşmüşdür. Kreditlərin 598,9 mlrd. manatı ticarət və xidmət sektoruna, 162,8 mlrd. manatı energetika, kimya və təbii ehtiyatlar sektoruna, 89,1 mlrd. manatı kənd təsərrüfatı və emal müəssisələrinə, 135,0 mlrd. manatı inşaat və əmlak sektoruna, 108,9 mlrd. manatı sənaye və istehsal sahələrinə, 372,8 mlrd. manatı nəqliyyat və rabitə sektoruna, 580,9 mlrd. manatı fiziki şəxslərə, 529,3 mlrd. manatı isə digər məqsədlər üçün verilmişdir.

Sahibkarlığın inkişafı sahəsində həyata keçirilən əhəmiyyətli tədbirlər, sahibkarlara dövlət maliyyə köməyi, zəruri texniki yardim və s. 2003-cü ilin 6 ayı ərzində də davam etdirilmişdir. Bu dövr ərzində sahibkarlığın inkişafına yardım məqsədilə Sahibkarlığa Kömək Milli Fondundan 16,1 mlrd. manat vəsait ayrılmış və bunun nəticəsində 1463 yeni iş yeri açılmışdır.

Qeyri-bank təşkilatları tərəfindən 1998-ci ildən başlayaraq sahibkarlığın inkişafı və məşğulluq tədbirlərinin həyata keçirilməsi məqsədlərinə ümumilikdə 168978,5 mln. manat, o cümlədən sahibkarlığın inkişafı üçün 140020,6 mln. manat (82,9%) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin xətti ilə məşğulluq tədbirlərinin həyata keçirilməsi məqsədilə yeni iş yerlərinin yaradılmasına 28957,9 mln. manat (17,1%) vəsait ayrılmışdır.

Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və Inkişaf Bankı, Avropa Yenidənqurma və Inkişaf Bankı, Almaniyanın LFS şirkətinin təsisçiliyi ilə Azərbaycan Mikromaliyyələşdirmə Bankı yaradılmış və o, kiçik sahibkarların maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsində əhəmiyyətli rol oynayır.

Sahibkarlığın inkişafının, işgüzar aktivliyin mühüm amili kimi lizinq xidmətlərinin stimullaşdırılması, lizinq fəaliyyətinin stimullaşdırılması məqsədilə ixtisaslaşdırılmış sığorta şirkətlərinin və lizinqin inkişafı fondunun yaradılması və inkişaf etdirilməsi istiqamətlərində müvafiq tədbirlər həyata keçirilməkdədir. Aidiyyəti dövlət orqanları tərəfindən artıq “Lizinq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinin yeni variantı hazırlanmış, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən lizinq fəaliyyətini tənzimləyən müvafiq müddəalar Mülki Məcəllənin tərkibinə daxil edilmişdir.



Kommunal təsərrüfat sahələrində ardıcıllıqla aparılan islahatlar nəticəsində elektrik enerjisinin istifadəsinə görə ödənişlərin və göstərilən xidmətlərin səviyyəsi artmış, şəbəkələrin maddi-texniki bazasını inkişaf etdirilməsi məqsədilə investisiyalar qoyulmuş, yeni trasformatorlar, elektrik xətləri, müasir avadanlıqlar, məişət sayğacları quraşdırılmışdır. Eyni zamanda qaz, su, istilik təchizatı, kanalizasiya xidməti, lift təsərrüfatı və s. sektorların restrukturizasiyası və onların uzunmüddətli idarəetməyə verilməsi ilə əlaqədar hazırlıq işləri aparılır.

Dövlət büdcəsindən Azərenerji” və “Azəriqaz” səhmdar cəmiyyətləri üçün subsidiyaların ödəmə mexanzmi müəyyənləşdirilmiş və 2003-cü ilin 6 ayının yekunlarına görə subsidiyaların həcmi 951,01 mlrd. manat təşkil etmişdir.

Kommunal xidmətlərin ödənişində kart sisteminin tətbiqi ilə əlaqədar tədbirlər həyata keçirilir. Kommunal xidmətlərə görə və digər xırda ödənişlərin aparılmasında nəğd hesablaşmaların azaldılması məqsədilə respublikada kart sisteminin tətbiqi həyata keçirilir. Artıq 18 bank kart sistemi ilə hesablaşmalar aparır və 40 minə yaxın plastik kart emmisiya olunmuşdur.

Bakı şəhərinin və onun ətarfında su təchizatı sistemlərində yenidənqurma işləri həyata keçirilmişdir. Kür və Ceyranbatan baş su təmizləyici qurğuları bərpa edilmiş, yüksək məhsuldarlıqlı regional nasos stansiyaları kompleksləri yenidənqurulmuş, məhəllədaxili nasos stansiyaları təmir olunmuş, böyük diametrli magistral və şəhər su paylayıcı borular dəyişdirilmişdir.

Asiya Inkişaf Bankının texniki yardımı çərçivəsində respublika üzrə kiçik şəhərlərin su təchizatı və kanalizasiya sistemlərinin vəziyyəti öyrənilmiş və hazırda Naxçıvan, Göyçay, Ağdaş şəhərləri üzrə bu sahələrin texniki iqtisadi əsaslandırmaları hazırlanır. Kommunal infrastrukturu üzrə şəhərlərin su təchizatı sistemlərinin bərpasına Almaniyanın KfW Bankı tərəfindən ayrılmış kredit hesabına İmişli şəhərinin su təhcizatı sistemi istifadəyə verilmişdir.

Azərbaycan Respublikasında minimum yaşayış səviyyəsinin müəyyən edilməsinə və minimum əmək haqqının mərhələlərlə minimum yaşayış səviyyəsinə uyğunlaşdırılmasına dair normativ hüquqi sənədlərin layihələri hazırlanmışdır.

Əhalinin sosial vəziyyətinin gələcəkdə də yaxşılaşdırılması hökumətin diqqət mərkəzində qalmışdır. Bu sahədə dövlət strategiyasi müəyyən edilmiş və onun əsas istiqamətləri Azərbaycan Respublikasi Prezidentinin 20 fevral 2003-cü il tarixli 854 sayli fərmani ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında 2003-2005-ci illər üçün yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə dövlət proqramı»nda öz əksını tapmışdır.

Həmin proqramda Azərbaycanda yoxsulluğun mövcud səviyyəsi, onun müxtəlif aspektləri təhlil edilmiş, yoxsulluğun azaldılması məqsədilə iqtisadiyyatda, sosial sahədə islahatların, institusional dəyişikliklərin əsas istiqamətləri müəyyənləşdirilmiş, yoxsulluğa daha həssas olan əhali qruplarının, ilk növbədə qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin həlli ön plana çəkilmişdir.

Görülmüş işlərin məntiq nəticəsi olaraq Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında əvvəlki illərdə əldə edilmiş müsbət nəticələr 2003-cü ilin birinci yarımilliyində də davam etmişdir.

2003-cü ilin yanvar-iyun ayları ərzində cari qiymətlərlə 15,4 trilyon manat ÜDM istehsal olunmuş, onun həcmi keçən ilin eyni dövrünə nisbətən 10,1 faiz artmışdır. İlin sonuna illik real artımın 9,6 faiz təşkil edəcəyi və ÜDM-in 34,0 trilyon manata çatacağı gözlənilir.

Ümumi daxili məhsulun adambaşına həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz artmış və 1902,8 min manat (387,8 ABŞ dolları) təşkil etmişdır. İlin sonuna bu göstəricinin 4104,8 min manat (829,3 ABŞ dolları) olacağı gözlənilir.

Cari dövrdə ümumi daxili məhsulda iqtisadiyyatın istehsal sahələrinin (tikinti də daxil olmaqla) payı 57,8 faiz (2002-ci ilin yanvar-iyununda – 53,5 faiz), xidmət sahələrinin payı 42,2 faiz (2002-ci ilin yanvar-iyununda – 38,5 faiz) olmuşdur. 2003-cü ilin sonuna bu göstəricinin müvafiq olaraq 62,2% və 37,8% olacağı proqnozlaşdırılır.

Bu dövr ərzində sənayedə artım 5,4% (2002-ci ilin yanvar-iyununda – 2,8 faiz), kənd təsərrüfatı, ovçuluq və meşəçilikdə 3,1% (2002-ci ilin yanvar-iyununda – 4,5 faiz), tikintidə 54% (2002-ci ilin yanvar-iyununda – 2,6 dəfə), xidmətlər istehsalında isə 6,7 faiz (2002-ci ilin yanvar-iyununda – 6,4 faiz) olmuşdur. 2003-cü ilin yekunları üzrə sənayedə real artımın 9,2%, kənd təsərrüfatında - 8,0%, tikintidə 50% olacağı gözlənilir.

Sənaye məhsulunun 54,2 faizi (2002-ci ilin yanvar-iyununda – 50,4 faiz) qeyri-dövlət bölməsində, 45,8 faizi (2002-ci ilin yanvar- iyununda– 49,6 faiz) isə dövlət bölməsində istehsal olunmuşdur, qeyri-dövlət bölməsində artım 8,5 faiz, dövlət bölməsində artım isə 3,5 faiz təşkil etmişdir.

İstehsal edilmiş sənaye məhsulunun 50,3 faizi hasilat, 40,5 faizi emal sənayesi, 9,2 faizi isə elektrik enerjisi, qaz və su təchizatı müəssisələrinin payına düşmüşdür.

Mədənçıxarma sənayesi və karxanaların işlənməsi bölməsində məhsul istehsalı 3,3 faiz, emal bölməsində 6,5 faiz və elektrik enerjisi, qaz və su təchizatı bölməsində 26,7 faiz artmışdır.

Deflyator indeksi 106,2 faiz (2002-ci ilin yanvar-iyununda – 99,8 faiz) olmuşdur və 2003-cü il üzrə 104,8% olacağı gözlənilir.

Qeyd olunan dövr ərzində müxtəlif mülkiyyət formalarından olan müəssisə və təşkilatlar tərəfindən iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 7198,8 milyard manat və ya əvvəlki ildəkindən 64,4 faiz çox əsas kapitala investisiya yönəldilmişdir. 2003-cü ildə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına qoyulmuş investisiyalar əvvəlki ildəkindən 35,8 faiz çox olaraq 17134,8 milyard manat təşkil edəcəyi gözlənilir.

Ümumi investisiyaların 6775,4 milyard manatı və ya 94,1 faizi istehsal təyinatlı obyektlərin tikintisinin davam etdirilməsinə sərf edilmişidr. Tikinti-quraşdırma işlərinə istifadə edilmiş investisiyanın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 77,1 faiz artaraq 3262,1 milyard manat olmuşdur.

Hesabat dövründə əsas kapitala yönəldilmiş investisiyanın 5987,6 milyard manatını (83,2 faizini) müəssisə və təşkilatların öz vəsaitləri, 167,4 milyard manatını (2,3 faizini) əhalinin şəxsi vəsaitləri, 74 milyard manatını (1,0 faizini) büdcədənkənar fondların vəsaitləri, 242,2 milyard manatını (3,4 faizini) bank kreditləri, 137,1 milyard manatını (1,9 faizini) büdcə vəsaitləri, 590,5 milyard manatını (8,2 faizini) digər vəsaitlər təşkil etmişdir.

Əsas kapitala yönəldilmiş investisiyaların 882 milyard manatı (12,3 faizi) dövlət mülkiyyətində olan təşkilatların, 6316,8 milyard manatı (87,7 faizi) qeyri-dövlət mülkiyyətinə mənsub təşkilatların payına düşmüşdür.

Bütün investisiyaların 1114,2 milyard manatını (15,5 faizini) daxili, 6084,6 milyard manatını (84,5 faizini) xarici investisiyalar təşkil etmişdir. 2003-cü ildə bütün maliyyə mənbələri hesabına Azərbaycan iqtisadiyyatına qoyulacaq investisiyaların 3500,0 milyard manatının (20,4 faizini) daxili, 13634,8 milyard manatının (79,6 faizini) xarici investisiyalar təşkil edəcəyi proqnozlaşdırılır.

Xarici investisiyaların həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 73,7 faiz, daxili investisiyaların həcmi isə 26,9 faiz artmışdır. 2003-cü il üzrə xarici investisiyaların həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 37,8 faiz, daxili investisiyaların həcmi isə 28,2 faiz artacaq.

2003-cü ilin yanvar-iyun aylarında keçən ilin müvafiq dövrünə nisbətən istehlak qiymətləri indeksi 102,1%, sənaye məhsulları istehsalçılarının qiymət indeksi 117,9% təşkil etmişdir. 2003-cü ildə istehlak qiymətləri indeksinin 102,5% olacağı gözlənilir.

2003-cü ilin altı ayı ərzində ölkənin istehlak bazarında əhaliyə 7395,6 milyard manatlıq istehlak malları satılmış, 1423,6 milyard manatlıq pullu xidmətlər göstərilmiş və keçən ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 9,8 faiz və 10,1 faiz artmışdır. 2003-cü ilin sonuna pərakəndə əmtəə dövriyyəsinin 15200,6 milyard manata çatacağı proqnozlaşdırılır.

İqtisadi fəal əhalinin sayı 3794 min nəfər olmaqla əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,9 min artmış və ölkə əhalisinin 46,8 faizini təşkil etmişdir. İqtisadiyyatda məşğul olanların sayı 3741 min. nəfər, rəsmi işsiz statusuna malik olanlar isə 53037 nəfər olmuşdur.

Əhalinin banklardakı əmanətlərinin məbləği 941,8 mlrd.manat olmuş və keçən ilin eyni dövrü ilə müqayisədə 319,0 mlrd.manat və ya 51,3 faiz artmışdır.

2003-cü ilin yanvar-iyun aylarında əhalinin pul gəlirləri 11017,8 mlrd.manat olmuş və keçən ilin eyni dövrünə nisbətən 12,0 faiz artmışdır. Əhalinin hər nəfərinə düşən pul gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə 11,2 faiz artaraq 1360,6 min manat olmuşdur. Keçən ilə nisbətən əhalinin pul gəlirlərinin 2003-cü ilin sonuna 17,6 faiz artaraq 24900,0 mlrd.manata çatacağı gözlənilir.

2003-cü ilin 6 ayı ərzində ölkə iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 373,5 min manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,4 faiz artmışdır.

Proqnoza əsasən 2003-cü il ərzində ölkə iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki illə müqayisədə 41 faiz artaraq 443,0 min manat təşkil edəcək.

2003-cü ilin 6 ayının yekunlarına görə mallar üzrə xarici ticarət dövriyyəsi 2113,4 milyon ABŞ dolları, o cümlədən ixrac 981,8 milyon ABŞ dolları, idxal 1131,6 milyon ABŞ dolları həcmində olmuş və ilin sonuna mallar üzrə xarici ticarət dövriyyəsinin 4350,0 milyon ABŞ dolları, ixrac və idxalın isə müvafiq olaraq 2150,0 milyon və 2200,0 milyon ABŞ dolları təşkil edəcəyi gözlənilir.
2004-2007-Cİ İLLƏRDƏ ÖLKƏNIN SOSİAL-İQTİSADİ

SİYASƏTİNİN PRİORİTETLƏRİ

Sosial-iqtisadi məqsədlər

Son illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar iqtisadiyyatın bütün sahələrində əhəmiyyətli nailiyyətlərin əldə olunmasına imkan vermişdir.

Əldə edilmiş makroiqtisadi sabitlik möhkəmləndirilmlş, inflyasiya tempinin məqbul səviyyədə stabilliyi və valyuta bazarında sabit və proqnozlaşdırıla bilən vəziyyət təmin edilmiş, strateji valyuta ehtiyatları əhəmiyyətli dərəcədə artmışdır. Dövlət idarəetmə sistemində struktur islahatları həyata keçirilmiş, müəssisələrin böyük qismi öz fəaliyyətlərini bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq səmərəli təşkil edə bilmişdir.

Sahibkarlıq fəaliyyətində mühüm inkişaf müşahidə olunmuş, təsərrüfat subyektlərinin fəaliyyətinə nəzarətedici və yoxlayıcı orqanlar tərəfindən əsassız müdaxilənin aradan qaldırılması, lisenziyalaşdırılan fəaliyyət növlərinin azalması, iqtisadiyyatın liberallaşmasının dərinləşməsi istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir. Vergi və gömrük sistemlərində bir sıra əhəmiyyətli addımlar atılmışdır. Vergi və Gömrük Məcəllələri qəbul edilmiş və ildən ilə onların təkmilləşdirilməsi istiqamətində məqsədyönlü işlər aparılmışdır.

Azərbaycan Respublikasının iqtisadi inikşafının səviyyəsi onun beynəlxalq aləmdə yerini müəyyən edir və ölkənin müstəqil siyasətinin həyata keçirilməsinə təsir göstərir. Keçən əsrin sonunda güclənən qloballaşma prosesi informasiya, texnologiya, işçi qüvvəsi və kapitalın hərəkəti sahəsində ölkələr arasında mövcud maneələrin azaldılmasına şərait yaratmışdır. Belə bir şəraitdə öz ehtiyatlarının artırılması və eləcə də dünyanın iqtisadi ehtiyatlarının cəlb olunması məqsədi ilə milli rəqabətqabiliyyətliliyin gücləndirilməsi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Buna görə də ölkədə investisiya mühitinin yaxşılaşdırılması və yüksək texnologiyaları mənimsəməyə qadir olan iqtisadi sistemin formalaşdırılması üzrə işlər daha fəal şəkildə davam etdirilməlidir.
İqtisadiyyatın strukturunda tarazlıq təmin edilməli və kapitalın sahələrarası axınına məhdudiyyət yaratmayan qiymətli kağızlar, maliyyə bazarları inkişaf etdirilməlidir.

İqtisadiyyatın ayrı-ayrı sahələrində, infrastruktur və kommunal xidmət sferasında, elm, təhsil sistemlərində aparılan islahatlar daha da gücləndirilməli, innovasiya prosesləri stimullaşdırılmalıdır.

Yaxın illərdə Azərbaycanda yoxsulluğun azaldılması və həyat səviyyəsinin yüksəldilməsi ilə bağlı tədbirlər daha da sürətləndirilməlidir.

2004-2007-ci illər ərzində qeyd olunan məqsədlərə nail olmaq üçün qarşıda duran əsas vəzifələr aşağıdakılardan ibarətdir.


  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə