1. Ümumi müddəalar




Yüklə 109.63 Kb.
tarix22.02.2016
ölçüsü109.63 Kb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 17 iyun tarixli 149 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətin

NİZAMNAMƏSİ

1. Ümumi müddəalar

1.1. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra — Cəmiyyət) “Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli, 372 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin əsasında yaradılmışdır.



1.2. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.

1.3. Cəmiyyət öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, digər normativ hüquqi aktlara və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir.



1.4. Cəmiyyətin rəsmi adı aşağıdakı kimidir:

tam halda — Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti;

qısaldılmış halda — “Azmelsutəsərrüfat” ASC.

1.5. Cəmiyyətin hüquqi ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ. 1000, Ü. Hacıbəyov küçəsi, 40, Hökumət evi.



2. Cəmiyyətin hüquqi statusu

2.1. Cəmiyyət hüquqi şəxsdir, müstəqil balansa, xəzinə və bank hesablarına malikdir.

2.2. Cəmiyyətin ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlaka cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.

2.3. Cəmiyyət üzərində Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş və Cəmiyyətin adı göstərilmiş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

2.4. Cəmiyyətin səhmdarı Cəmiyyətin öhdəlikləri üçün cavabdeh deyildir və Cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün ona mənsub səhmlərin dəyəri həddində risk daşıyır.

3. Cəmiyyətin məqsəd, vəzifə və funksiyaları

3.1. Cəmiyyətin əsas məqsədi meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərmək, torpaqların su təminatını həyata keçirmək, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil etmək, bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir.

3.2. Cəmiyyət aşağıdakı vəzifələri yerinə yetirir:

3.2.1. öz səlahiyyətləri daxilində su istehlakçılarını su ilə təmin etmək;

3.2.2. yerüstü su obyektlərinin istifadəsini, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin (Sudan İstifadəedənlər Birliklərinin istifadəsində olan sistemlər istisna olmaqla) istismarını, mühafizəsini və suvarılan torpaqların meliorativ vəziyyəti üzərində nəzarəti həyata keçirmək;

3.2.3. su obyektlərindən götürülən suları müəyyən olunmuş qaydada bölüşdürmək və onlardan istifadəyə nəzarət edilməsini təmin etmək;

3.2.4. torpaqların meliorativ vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə dövlət meliorasiya xidmətini inkişaf etdirmək;

3.2.5. meliorasiya və su təsərrüfatı sahəsində regional proqramların həyata keçirilməsini təmin etmək;

3.2.6. meliorasiya və su təsərrüfatı sahəsinin sosial-iqtisadi inkişafının əsas istiqamətlərini müəyyənləşdirmək və bu istiqamətlərə dair proqnoz və layihələrin, standart, norma və qaydaların hazırlanmasında iştirak etmək;

3.2.7. meliorasiya və su təsərrüfatının istehsal bazasını gücləndirmək, ondan səmərəli və məqsədyönlü istifadə olunmasını təmin etmək və tabeliyində olan təşkilatları maddi-texniki ehtiyatlarla təchiz etmək;

3.2.8. dövlət büdcəsindən, xidmətlər və digər mənbələrdən daxil olan vəsaitlər hesabına görülən əsaslı tikintinin sifarişçisi, podratçısı, istismar tədbirlərinin icraçısı kimi çıxış etmək;

3.2.9. Sudan İstifadəedənlər Birliklərinin fəaliyyətinə nəzarəti qanunvericiliyə uyğun olaraq öz səlahiyyətləri daxilində həyata keçirmək;

3.2.10. su təchizatına yönəldilən xərclərin qismən ödənilməsini təmin etmək məqsədi ilə mövcud qanunvericiliyə uyğun olaraq, sudan pullu istifadəni təmin etmək;

3.2.11. yerüstü su obyektlərinin istifadəsi, mühafizəsi və suların zərərli təsirinin qarşısının alınması üzrə təklifləri və yerüstü su obyektlərinin monitorinq məlumatlarını aidiyyəti dövlət orqanlarına təqdim etmək;

3.2.12. səlahiyyətləri daxilində müvafiq beynəlxalq öhdəliklərin həyata keçirilməsini təmin etmək;

3.2.13. Azərbaycan Respublikasının su qanunvericiliyinə uyğun olaraq su münasibətlərinin tənzimlənməsi sahəsində ortaya çıxan məsələləri öz səlahiyyətləri daxilində həll etmək;

3.2.14. dövlət mülkiyyətində olan su obyektləri üzrə xüsusi suburaxma, çaylardan sel və daşqın sularının axıdılma və su anbarının doldurulub boşaldılma rejimlərini müəyyən etmək və həyata keçirmək;

3.2.15. dövlət mülkiyyətində olan meliorasiya və su təsərrüfatı obyektlərinin istismarı zamanı, eləcə də yeni tikiləcək belə obyektlərin layihələrində təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsini təmin etmək;

3.2.16. suların zərərli təsirinin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tədbirlər işləyib həyata keçirmək, sahilqoruyucu obyektlərin istismarını təşkil etmək;

3.2.17. su obyektlərinin su mühafizə zonalarını və sahil mühafizə zolaqlarının ölçülərini, sərhədlərini və istifadəsini müvafiq dövlət orqanları ilə razılaşdırmaqla müəyyən etmək və təsdiq olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;

3.2.18. meliorasiya və su təsərrüfatı obyektləri boyunca qoruyucu meşə zolaqlarının salınmasını, onların saxlanılmasını və qorunmasını təmin etmək;

3.2.19. müasir elm, texnika və mütərəqqi texnologiyalar əsasında sahənin elmi və sosial-iqtisadi inkişafını təmin etmək;

3.2.20. hüquqi və fiziki şəxslər tərəfindən sudan istifadə qaydalarına və normalarına əməl olunmasına səlahiyyətləri daxilində nəzarət etmək, bu normaları və qaydaları pozanlara qarşı qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görmək;

3.2.21. qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

3.3. Cəmiyyət qarşısında duran vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

3.3.1. meliorasiya və su təsərrüfatı sahəsində ümumi tədbirləri və əsas istiqamətləri müəyyən edir;

3.3.2. meliorasiya və su təsərrüfatı sahəsində istismar, təmir-bərpa, əsaslı tikinti, yenidənqurma işlərinin aparılmasını təmin edir;

3.3.3. qanunvericiliklə müəyyən edilmiş qaydada suların dövlət uçotunu və dövlət su kadastrını öz səlahiyyətləri daxilində aparır;

3.3.4. suvarılan və meliorasiya olunmuş torpaqların uçotunu təşkil edir və monitorinqini aparır;

3.3.5. müəyyən edilmiş qaydada hidrotexniki qurğuların dövlət reyestrini öz səlahiyyətləri daxilində aparır;

3.3.6. səlahiyyətləri daxilində respublika üzrə, hövzə və inzibati-ərazi vahidləri üzrə su təsərrüfatı balanslarını hazırlayır;

3.3.7. yerüstü su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi baş sxemini, hövzə və ərazi sxemlərini müvafiq dövlət orqanları ilə birlikdə hazırlayır;

3.3.8. qanunvericiliyə uyğun olaraq səlahiyyətlərinə aid məsələlərə dair tariflərin formalaşdırılmasında iştirak edir, bu sahədə dövlət tərəfindən tənzimlənən su tarifləri barədə təkliflər verir və bununla bağlı səlahiyyətləri daxilində zəruri tədbirlər görür;

3.3.9. Cəmiyyətin sərəncamında olan vəsaitlərdən təyinatı üzrə istifadə edilməsini təmin edir;

3.3.10. dövlət büdcəsi, kreditlər, qrantlar, texniki yardımlar, xidmətlər və digər mənbələr hesabına Cəmiyyətin sərəncamına daxil olan vəsaitlərdən təyinatı üzrə istifadə edilməsini, müvafiq investisiya layihələri üzrə müsabiqə sənədlərinin tərtibini, malların (işlərin və xidmətlərin) satın alınması üçün qanunvericiliyə uyğun olaraq müsabiqələrin keçirilməsini təşkil edir;

3.3.11. meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətlərinin göstərilməsi, torpaqların su təminatının həyata keçirilməsi, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarı ilə bağlı büdcə vəsaitinə tələbatı müəyyənləşdirir və aidiyyəti üzrə təqdim edilməsini təşkil edir;

3.3.12. meliorasiya və su təsərrüfatı sahəsinə investisiyaların, o cümlədən xarici investisiyaların cəlb olunmasının təşkilində iştirak edir və bu sahədə lazımi iş aparır;

3.3.13. əsaslı vəsait qoyuluşundan səmərəli istifadə olunmasını, tikilən və yenidən qurulan obyektlərin, istehsal güclərinin və əsas fondların vaxtında istifadəyə verilməsini təmin edir;

3.3.14. Sudan İstifadəedənlər Birlikləri, ayrı-ayrı idarə, müəssisə və təşkilatlar, ailə kəndli təsərrüfatları, vətəndaşlar, digər su istifadəçiləri ilə müqavilələr əsasında meliorasiya və su təsərrüfatı sistemlərinə və qurğularına texniki-servis xidmətinin göstərilməsini təmin edir, bu məqsədlə yerlərdə servis təşkilatlarını lazımi avadanlıq, maşın-mexanizmlər və ixtisaslı mühəndis-texniki kadrlarla təmin edir;

3.3.15. mühasibat uçotunu təşkil edir, tabeliyində olan təşkilatların rüblük və illik mühasibat hesabatlarına və balanslarına baxır, icmallaşdırır və təsdiq edir. Maliyyə-təsərrüfat fəaliyyəti barədə ümumi hesabat və balans tərtib edir;

3.3.16. meliorasiya və su təsərrüfatı sahəsi üzrə kadrların hazırlanması, onların ixtisaslarının artırılması istiqamətində müvafiq tədbirlər görür;

3.3.17. işçilərin sosial-məişət və əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası qaydalarına riayət edilməsini təmin edir;

3.3.18. vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılmasını və onların qəbulunu təmin edir, daxil olmuş müraciətlərə vaxtında cavab verir;

3.3.19. Cəmiyyətin səfərbərliyə hazırlığını təmin edir, tabeliyində olan təşkilatların səfərbərliyə hazırlıq üzrə fəaliyyətini əlaqələndirir;

3.3.20. Cəmiyyətin fəaliyyəti nəticəsində yaranmış arxiv sənədlərinin müəyyən edilmiş qaydada komplektləşdirilməsini, saxlanmasını və uçotunu təmin edir;

3.3.21. meliorasiya və irriqasiya sistemlərinin istismarı və qoruyucu meşə əkinlərinin saxlanması qaydalarının yerinə yetirilməsini təmin edir;

3.3.22. Cəmiyyətin saxlanması və ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün dövlət büdcəsindən ayrılan məqsədyönlü vəsaitin sifarişçisi funksiyalarını həyata keçirir;

3.3.23. sərhəd su obyektlərindən istifadəni, meliorasiya və irriqasiya sistemlərinin dövlətlərarası birgə istismarını təmin edir;

3.3.24. meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi üzrə sifarişçi funksiyalarını həyata keçirir, öz səlahiyyətləri daxilində layihələrin dövlət ekspertizasını aparır və təsdiq edir

3.3.25. su ehtiyatlarından istifadə edilməsi ilə bağlı yeni müəssisələrin tikilməsi və mövcud müəssisələrin yenidən qurulmasını layihələndirməsi zamanı su ehtiyatlarının olması barədə rəy verir, su ehtiyatlarından istifadə edən bütün obyektlər üzrə yerayırma və istismara qəbul komissiyalarının işində iştirak edir;

3.3.26. səlahiyyətləri daxilində Azərbaycan Respublikasını beynəlxalq su təşkilatlarında təmsil edir və su məsələlərinə dair keçirilən beynəlxalq tədbirlərdə iştirak edir, beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, meliorasiya və su təsərrüfatı sahəsində xarici dövlətlər və təşkilatlarla iqtisadi, istehsalat və elmi-texniki əlaqələr yaradır;

3.3.27. meliorasiya və irriqasiya sahəsində tövsiyə xarakterli metodiki sənədlər hazırlayır və onları təsdiq edir;

3.3.28. su istifadəçilərindən sudan istifadənin vəziyyəti barədə lazımi məlumatlar alır;

3.3.29. hidrotexniki qurğuların təyinatı üzrə təhlükəsizlik bəyannamələrini öz səlahiyyətləri daxilində təsdiq edir;

3.3.30. ölkənin müdafiəsinin və təhlükəsizliyinin təmin edilməsi, əhalinin sağlamlığının, ətraf mühitin və tarixi-mədəni irsin, habelə başqa şəxslərin qanuni hüquqlarının və maraqlarının qorunması məqsədi ilə səlahiyyətləri daxilində su obyektlərindən və onların bir hissəsindən istifadəni məhdudlaşdırmaq, dayandırmaq və qadağan etmək üçün müvafiq təqdimatlar hazırlayır;

3.3.31. səlahiyyətləri daxilində su obyektlərindən balıqçılıq üçün istifadəni razılaşdırır, su tutarlarını və ya onların müəyyən hissələrini idman və həvəskar balıq ovu üçün ayırır;

3.3.32. səlahiyyətləri daxilində su obyektlərindən tullantı sularının axıdılması üçün istifadə edilməsinə razılıq verir və ya tullantı sularının su obyektlərinə axıdılmasını məhdudlaşdırır, dayandırır, qadağan edir;

3.3.33. qanunvericiliyə uyğun olaraq su mühafizə zonalarındakı torpaqların istifadəsinə razılıq verir və bu ərazidəki fəaliyyətə nəzarəti səlahiyyətləri daxilində həyata keçirir;

3.3.34. su obyektlərinin bərpası və mühafizəsi sahəsində bələdiyyələr və su istifadəçiləri ilə hövzə sazişləri bağlayır;

3.3.35. sanitariya, hidrotexniki və meliorasiya tədbirlərinin görülməsi halları istisna olmaqla, çaylarda, çay qollarında, meliorasiya və irriqasiya sistemlərində qalaqların yaradılmasının, su axımının qarşısının özbaşına kəsilməsinin, göllərdən və limanlardan su buraxılmasının qarşısını alır;

3.3.36. suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikiləcəyi yerləri öz səlahiyyətləri daxilində müəyyənləşdirir, onların tikinti layihələrini razılaşdırır, bu layihələri dövlət ekspertizasından keçirir, obyektlərin istismara verilməsini razılaşdırır;

3.3.37. respublika əhəmiyyətli və rayonlararası suvarma sistemləri üzrə sudan istifadəyə dair ümumsistem planlarını təsdiq edir;

3.3.38. xüsusi qorunan su obyektlərinin respublika, bölgə və yerli əhəmiyyətli xüsusi qorunan su obyektlərinə aid edilməsi barədə təkliflər hazırlayır;

3.3.39. müəyyən müddət üçün yerüstü su ehtiyatlarından istifadənin son həddini göstərən limitlər və kvotalar müəyyən edir, müqavilələr bağlayır, qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda yerüstü su ehtiyatlarından istifadəyə icazə verir;

3.3.40. qanunvericiliyə uyğun olaraq istismar müddətini başa vurmuş, iqtisadi baxımdan məqsədyönlü sayılmayan, təmiri və bərpası səmərəli hesab edilməyən əsas vəsaitləri balansdan silir;

3.3.41. sərhədboyu sularda meliorasiya və irriqasiya sistemləri və qurğularının yaradılması və onlardan istifadə edilməsi sahəsində beynəlxalq müqavilələrin hazırlanmasında iştirak edir;

3.3.42. yerli və xarici hüquqi şəxslərlə qanunvericiliklə müəyyən edilmiş qaydada müştərək (birgə) müəssisə yaradır;

3.3.43. dövlət büdcəsindən meliorasiya tədbirlərinə ayrılan vəsait hesabına Cəmiyyətin aparatının strukturunu, ştat cədvəlini və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla say tərkibini müəyyənləşdirib təsdiq edir;

3.3.44. səlahiyyətləri daxilində mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, bələdiyyələrdən, fiziki və hüququ şəxslərdən müəyyən olunmuş qaydada arayışlar və məlumatlar alır;

3.3.45. zəruri hallarda respublikanın müvafiq icra hakimiyyəti orqanları ilə birgə tədbirlər həyata keçirir;

3.3.46. səlahiyyətləri daxilində meliorasiya və irriqasiya sistemlərinin yaxşılaşdırılması və inkişafı üzrə layihələrin həyata keçirilməsinə texniki və maliyyə yardımının cəlb edilməsi üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq edir;

3.3.47. Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən digər fəaliyyət növlərini həyata keçirir.

3.4. Cəmiyyət bu Nizamnamə ilə nəzərdə tutulan vəzifə və funksiyalarını bilavasitə tabeliyində olan idarə, müəssisə və təşkilatlar vasitəsilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanı, ictimai təşkilatlar və digər hüquqi şəxslər ilə əlaqəli şəkildə həyata keçirir.

4. Cəmiyyətin nizamnamə kapitalı və əmlakı

4.1. Cəmiyyətin gəlirləri dövlət büdcəsindən, büdcədənkənar vəsaitdən, kreditlərdən, qrantlardan, xidmət və istehsaldan daxil olan, qanunvericiliklə qadağan olunmayan fəaliyyət növlərindən əldə edilən vəsaitlərdən ibarətdir.

4.2. Cəmiyyətin əmlakı əsas fondlardan, dövriyyə vəsaitlərindən və digər əmlakdan ibarətdir.

4.3. Cəmiyyətin əmlakının dəyəri onun balansında göstərilir.

4.4. Cəmiyyətin nizamnamə kapitalı 728428260 manatdır, onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 20 manat olan 36421413 ədəd adi səhmlərdən ibarətdir.

4.5. Cəmiyyətin əmlakı aşağıda göstərilən mənbələr hesabına təşkil olunur:

4.5.1. nizamnamə kapitalına daxil olan əmlak;

4.5.2. səhmdarın vəsaiti hesabına

4.5.3. təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən daxil olan gəlirlər;

4.5.4. qanunvericiliklə qadağan olunmayan digər mənbələr.

4.6. Cəmiyyətin nizamnamə kapitalının artırılması və ya azaldılması Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

4.7. Cəmiyyətin əmlakına qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan, əmlak hüquqlarından və pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər.



5. Cəmiyyətin strukturu

5.1. Cəmiyyət qarşısına qoyulan funksiya və vəzifələrini tabeliyində olan idarə, müəssisə və təşkilatlar vasitəsi ilə həyata keçirir.

5.2. Cəmiyyətin tabeliyində olan idarə, müəssisə və təşkilatlar müvafiq qanunvericiliyə uyğun olaraq yaradıla, yenidən təşkil edilə və ləğv oluna bilər.

5.3. Cəmiyyətin tabeliyində olan idarə, müəssisə və təşkilatların rəhbərləri həmin idarə, müəssisə və təşkilatların məqsəd və funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

5.4. Cəmiyyətin tabeliyində olan idarə, müəssisə və təşkilatlar bu Nizamnaməyə əməl etməli, öz fəaliyyətləri barədə Cəmiyyətə hesabat verməli, Cəmiyyət tərəfindən keçirilən tədbirlərdə və Cəmiyyət qarşısında duran vəzifələrin həllində iştirak etməli və qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirməlidirlər.

6. Cəmiyyətdə uçot və hesabatın aparılması

6.1. Cəmiyyət mühasibat, maliyyə və statistik uçotu Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq standartlara uyğun olaraq aparır. Uçot Azərbaycan dilində aparılır. Cəmiyyət tabeliyində olan idarə, müəssisə və təşkilatlarda bu uçotun qüvvədə olan qanunvericiliyə uyğun olaraq aparılmasına nəzarət edir.

6.2. Cəmiyyətin maliyyə ili qeydiyyata alındığı vaxtdan başlayır və dekabrın 31-də başa çatır. Növbəti maliyyə ili isə yanvarın 1-dən başlayır və dekabrın 31-dək olan dövrü əhatə edir.

6.3. Cəmiyyət illik hesabatı və mühasibat balansını hamının tanış olması üçün hər il maliyyə ili bitdikdən sonra 4 aydan gec olmayan müddətdə auditor rəyi ilə birlikdə mətbu orqanda dərc etməyə borcludur.

6.4. Cəmiyyət onun tabeliyində olan idarə, müəssisə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasının qüvvədə olan qanunvericiliyə uyğun olaraq aparılmasını təmin edir.

6.5. Cəmiyyətin bütün əməkdaşları onlara əmək fəaliyyəti ilə bağlı məlum olan kommersiya sirrini təşkil edən məlumatları gizli saxlamağa borcludurlar.



7. Cəmiyyətin icra orqan

7.1. İdarə Heyəti Cəmiyyətin kollegial icra orqanıdır.

7.2. İdarə Heyəti qanunvericiliklə və bu Nizamnamə ilə Cəmiyyətin digər idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid edilmiş məsələlər istisna olmaqla, Cəmiyyətin idarə edilməsi ilə bağlı bütün məsələləri həll edir.

7.3. İdarə Heyətinin tərkibi 4 nəfərdən — sədr, onun birinci müavini və 2 müavindən ibarətdir.

7.4. İdarə Heyətinin işinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən sədr rəhbərlik edir.

7.5. Sədrin bir birinci müavini və iki müavini Cəmiyyətin sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Baş naziri tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunur.

7.6. İdarə Heyəti:

7.6.1. sədr tərəfindən yaradılmış komissiyalarla birlikdə meliorasiya və su təsərrüfatı sistemlərinin istismarı, inkişafı ilə bağlı məsələləri, tərkibində olan qurumların fəaliyyətinin yekunlarını, daxili audit yoxlamalarının nəticələri barədə və ortaya çıxmış çatışmazlıqların aradan qaldırılmasını, habelə Cəmiyyətin illik maliyyə tələbatını, suyun paylanma rejimlərini və digər məsələləri müzakirə edir, müvafiq qərarlar qəbul edir;

7.6.2. Cəmiyyətin aparatının işçilərinin vəzifə maaşlarını Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının işçilərinin vəzifə maaşı səviyyəsində müəyyən edir, işçilərinin vəzifə maaşlarını dövri olaraq Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarında çalışan işçilərin vəzifə maaşlarının artım tempinə uyğunlaşdırır;

7.6.3. dövlət büdcəsindən meliorasiya tədbirlərinə ayrılan vəsait hesabına Cəmiyyətin aparatının işçilərinin vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq Maliyyə Nazirliyi ilə razılaşdırılmış əmək haqqı fondu dairəsində həyata keçirir;

7.6.4. qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

7.7. İdarə Heyətinin qərarları müvafiq protokollarla və bir qayda olaraq, sədrin əmri ilə rəsmiləşdirilir.

7.8. Cəmiyyətin İdarə Heyətinin qərarlarının qəbul edilməsində onun üzvləri arasında fikir ayrılığı yarandıqda, sədr öz qərarını həyata keçirir və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verir.

7.9. Meliorasiya və su təsərrüfatı sahəsində aparılan elmi tədqiqatların istiqamətləri üzrə təkliflərə baxmaq, müasir elmi nailiyyətlərin istehsalatda tətbiqi üzrə tövsiyələr hazırlamaq, dövlət əhəmiyyətli tikinti və yenidənqurma obyektlərinin layihələrinə baxmaq məqsədi ilə sədrin rəhbərliyi altında respublikanın yüksək ixtisaslı alim və mütəxəssislərini də cəlb etməklə Elmi-texniki Şura yaradılır.



8. Cəmiyyətin sədri

8.1. Cəmiyyətin sədri:

8.1.1. Cəmiyyətin fəaliyyətinə rəhbərliyi həyata keçirir;

8.1.2. müavinlər arasında iş bölgüsünü müəyyənləşdirir;

8.1.3. dövlət büdcəsindən meliorasiya tədbirlərinə ayrılan vəsait hesabına müəyyən olunmuş əməyin ödənilməsi fondu daxilində Cəmiyyətin idarə aparatının strukturunu, ştat cədvəlini və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla xərclər smetasını təsdiq edir;

8.1.4. Cəmiyyətin tabeliyində olan qurumların strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;

8.1.5. Cəmiyyətin tabeliyində olan idarə, müəssisə və təşkilatların nizamnamələrini (əsasnamələrini) təsdiq edir;

8.1.6. Cəmiyyətin aparatının və tabeliyində olan idarə, müəssisə və təşkilatların rəhbər işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onların barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

8.1.7. Cəmiyyətin aparatının və tabeliyində olan struktur vahidlərinin fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir, habelə normativ hüquqi aktların icrasını təşkil edir və yoxlayır;

8.1.8. beynəlxalq danışıqlarda iştirak edir, meliorasiya və su təsərrüfatı sistemlərinin yaxşılaşdırılması məqsədi ilə beynəlxalq müqavilələrin bağlanması üçün danışıqlar aparır, onları imzalayır və imzalanmış müqavilələrin icrasını təmin edir;[1]

8.1.9. Cəmiyyətin fəaliyyətinin yaxşılaşdırılması məqsədi ilə yeni qurumların yaradılması, yenidən təşkil olunması və ləğv edilməsi barədə sərəncam verir;

8.1.10. Cəmiyyətin tabeliyində olan idarə, müəssisə və təşkilatların maliyyə təsərrüfat fəaliyyətinin auditinin və yoxlamaların keçirilməsi ilə bağlı qərarlar qəbul edir;

8.1.11. Cəmiyyətin əmlakı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində sərəncam verir, istehsalat-təsərrüfat fəaliyyətini təmin etmək üçün hüquqi və fiziki şəxslərlə müqavilələr bağlayır, etibarnamələr verir, xəzinə və banklarda hesablaşma hesabı və digər hesablar açır, vəsait yönəltmək hüquqlarından istifadə edir, daxili intizam qaydalarını müəyyən edir;

8.1.12. ilin yekun maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı balansa baxılması və malların alınması, iş və xidmətlərin görülməsi üçün müsabiqələrin keçirilməsi üzrə komissiyalar yaradır;

8.1.13. Cəmiyyət adından etibarnaməsiz fəaliyyət göstərir, onun mənafelərini bütün dövlət orqanlarında, müəssisələrdə, idarələrdə və təşkilatlarda (o cümlədən beynəlxalq təşkilatlarda) müdafiə edir;

8.1.14. qanunvericiliyə müvafiq olaraq digər səlahiyyətləri həyata keçirir.

8.2. Cəmiyyətin sədri öz fəaliyyətində Azərbaycan Respublikasının normativ hüquqi aktlarını və bu Nizamnaməni rəhbər tutur.

8.3. Cəmiyyətin sədri Cəmiyyətə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün məsuliyyət daşıyır.

8.4. Cəmiyyətin sədri iş yerində olmayanda və ya vəzifəsinin yerinə yetirilməsinə mane olan hallar meydana çıxdıqda, yaxud öz vəzifəsini yerinə yetirə bilmədikdə, onun səlahiyyətlərini birinci müavini həyata keçirir.

9. Daxili audit və maliyyə nəzarəti mexanizmi

9.1. Cəmiyyət sədrə tabe olan daxili audit sistemi təsis edir. Daxili audit və bu sistemin işini icra edən şəxslər öz fəaliyyətlərində Cəmiyyətin şöbələrindən asılı deyildirlər və öz funksiyalarını icra edərkən müstəqil qiymət vermək, nəticələr çıxarmaq hüququna malikdirlər.

9.2. Cəmiyyətin daxili auditinin əməkdaşları Cəmiyyətin bütün işçiləri üçün müəyyən edilmiş tələblərlə bərabər aşağıdakı əlavə tələblərə cavab verməlidirlər:

9.2.1. Azərbaycan Respublikasının qanunvericiliyi sahəsində və ekspertiza aparacaqları sahədə müvafiq biliklərə malik olmaq;

9.2.2. hüquq, iqtisadiyyat, yaxud mühasibat uçotu sahəsində ali təhsilli olmaq;

9.2.3. bu Nizamnamənin 9.2.2-ci yarımbəndində sadalanan müvafiq sahə üzrə azı beş illik iş stajına malik olmaq.

9.3. Daxili auditin aşağıdakı səlahiyyətləri vardır:

9.3.1. Cəmiyyətin, o cümlədən onun struktur bölmələrinin fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə və Cəmiyyətin daxili qaydalarına uyğunluğunu yoxlamaq;

9.3.2. Cəmiyyətin istehsal və xidmət fəaliyyətinin, habelə maliyyə statusunun dəqiq qiymətləndirilməsi məqsədi ilə bütün sahələrdə aparılan xüsusi əməliyyatların mütəmadi auditini aparmaq;

9.3.3. daxili audit yoxlamalarının nəticələri haqqında, habelə ortaya çıxmış çatışmazlıqların aradan qaldırılması üçün təkliflər barədə Cəmiyyətin sədrinə məlumat vermək;

9.3.4. Azərbaycan Respublikasının qanunvericiliyi və bu Nizamnamə ilə nəzərdə tutulmuş digər səlahiyyətlər.

9.4. Cəmiyyətin bütün müvafiq bölmələri və əməkdaşları daxili auditi həyata keçirən əməkdaşların tələbi ilə zəruri olan sənədləri təqdim etməyə, onlara öz vəzifələrinin icrası üçün zəruri şəraiti yaratmağa borcludurlar.



10. Cəmiyyətin müstəqil (kənar) auditi

Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin müstəqil (kənar) auditi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.



11. Cəmiyyətin tabeliyində olan idarə, müəssisə və təşkilatlar ilə qarşılıqlı münasibətləri

11.1. Cəmiyyətin onun tabeliyində olan idarə, müəssisə və təşkilatlar ilə qarşılıqlı münasibətləri Azərbaycan Respublikasının normativ hüquqi aktlarına, bu Nizamnaməyə, habelə onların nizamnamə və əsasnamələrinə, Cəmiyyətin idarəetmə orqanının qərarına uyğun olaraq tənzimlənir.

11.2. Cəmiyyət tərkibinə daxil olan idarə, müəssisə və təşkilatlara icrası məcburi olan göstərişlər vermək və onlar tərəfindən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına, bu Nizamnaməyə, onların nizamnamə və əsasnamələrinə, Cəmiyyətin idarəetmə orqanının qərarlarına zidd qəbul edilmiş qərarları ləğv etmək hüququna malikdir.

11.3. Cəmiyyətin onun tərkibinə daxil olan idarə, müəssisə və təşkilatları ilə qarşılıqlı münasibətlərdə səlahiyyətləri aşağıdakılardır:

11.3.1. mövcud normativ hüquqi aktlara uyğun olaraq, tərkibinə daxil olan idarə, müəssisə və təşkilatların balansında olan əmlakı hüquqi və fiziki şəxslərə icarəyə, habelə balansda əks olunmuş fondları silmək üçün müəyyən olunmuş qaydada razılıq vermək;

11.3.2. tərkibinə daxil olan qurumların ştat cədvəllərini və xərclər smetasını təsdiq etmək;

11.3.3. tərkibinə daxil olan idarə, müəssisə və təşkilatların təsərrüfat fəaliyyəti üzrə proqnoz göstəricilərini formalaşdırmaq, hesabatlarına nəzarət etmək, bu məsələlərə aid tövsiyələr vermək;

11.3.4. tərkibinə daxil olan idarə, müəssisə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətlərini təhlil və təftiş etmək;

11.3.5. tərkibinə daxil olan idarə, müəssisə və təşkilatların fəaliyyətlərinin yekunlarına baxılmasını təmin etmək;

11.3.6. tərkibinə daxil olan idarə, müəssisə və təşkilatlardan onların təqsiri üzündən Cəmiyyətə dəymiş zərərin əvəzini ödəməyi tələb etmək;

11.3.7. qanunvericilikdə və bu Nizamnamədə nəzərdə tutulmuş digər hüquqlar.

12. Cəmiyyətin yenidən təşkili və ləğvi

Cəmiyyətin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 17 iyun tarixli 149 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin

STRUKTURU

1. Cəmiyyətin aparatı

2. Viləşçay su anbarı istismarı idarəsi

3. Əyriçay su anbarı istismarı idarəsi

4. Ağstafaçay hidroqovşağı istismarı idarəsi

5. Bəhrəmtəpə hidroqovşağı istismarı idarəsi

6. Mil-Muğan hidroqovşağı istismarı idarəsi

7. Tərtərçay hidroqovşağı istismarı idarəsi

8. Yuxarı Xanbulançay hidroqovşağı istismarı idarəsi

9. Yuxarı Qarabağ kanalı istismarı idarəsi

10. Yuxarı Şirvan kanalı istismarı idarəsi

11. Samur-Abşeron kanalı istismarı idarəsi

12. Əzizbəyov adına kanalı istismarı idarəsi

13. Şəmkir Maşın kanalı istismarı idarəsi

14. Kür-Araz çaylarında bəndlərin istismarı idarəsi

15. Baş Şirvan kollektorunun istismarı idarəsi

16. Aşağı Muğan meliorativ sistemlərinin istismarı idarəsi

17. Baş Mil-Muğan kollektoru istismarı idarəsi

18. Mərkəzi-Muğan kollektoru istismarı idarəsi

19. Mil Qarabağ və Aşağı Şirvan kollektorlarının istismarı idarəsi

20. Sabirabad meliorasiya idarəsi

21. Ucar meliorasiya idarəsi

22. Ağcabədi meliorasiya idarəsi

23. Şirvan meşə meliorasiya idarəsi

24. Mil-Muğan meşə meliorasiya idarəsi

25. Qarabağ meşə meliorasiya idarəsi

26. Ağdam suvarma sistemləri idarəsi

27. Ağdaş suvarma sistemləri idarəsi

28. Ağcabədi suvarma sistemləri idarəsi

29. Ağstafa suvarma sistemləri idarəsi

30. Ağsu suvarma sistemləri idarəsi

31. Astara suvarma sistemləri idarəsi

32. Bərdə suvarma sistemləri idarəsi

33. Beyləqan suvarma sistemləri idarəsi

34. Balakən suvarma sistemləri idarəsi

35. Qax suvarma sistemləri idarəsi

36. Qəbələ suvarma sistemləri idarəsi

37. Quba suvarma sistemləri idarəsi

38. Qusar suvarma sistemləri idarəsi

39. Qazax suvarma sistemləri idarəsi

40. Qubadlı suvarma sistemləri idarəsi

41. Şabran suvarma sistemləri idarəsi

42. Zaqatala suvarma sistemləri idarəsi

43. Zəngilan suvarma sistemləri idarəsi

44. İmişli suvarma sistemləri idarəsi

45. İsmayıllı suvarma sistemləri idarəsi

46. Yevlax suvarma sistemləri idarəsi

47. Kəlbəcər suvarma sistemləri idarəsi

48. Kürdəmir suvarma sistemləri idarəsi

49. Goranboy suvarma sistemləri idarəsi

50. Göyçay suvarma sistemləri idarəsi

51. Oğuz suvarma sistemləri idarəsi

52. Saatlı suvarma sistemləri idarəsi

53. Sabirabad suvarma sistemləri idarəsi

54. Samux suvarma sistemləri idarəsi

55. Siyəzən suvarma sistemləri idarəsi

56. Tərtər suvarma sistemləri idarəsi

57. Tovuz suvarma sistemləri idarəsi

58. Ucar suvarma sistemləri idarəsi

59. Füzuli suvarma sistemləri idarəsi

60. Göygöl suvarma sistemləri idarəsi

61. Xaçmaz suvarma sistemləri idarəsi

62. Xızı suvarma sistemləri idarəsi

63. Cəbrayıl suvarma sistemləri idarəsi

64. Şəmkir suvarma sistemləri idarəsi

65. Şəki suvarma sistemləri idarəsi

66. Şamaxı suvarma sistemləri idarəsi

67. Masallı suvarma sistemləri idarəsi

68. Cəlilabad suvarma sistemləri idarəsi

69. Abşeron suvarma sistemləri idarəsi

70. Hacıqabul suvarma sistemləri idarəsi

71. Biləsuvar suvarma sistemləri idarəsi

72. Laçın suvarma sistemləri idarəsi

73. Zərdab suvarma sistemləri idarəsi

74. Neftçala suvarma sistemləri idarəsi

75. Salyan suvarma sistemləri idarəsi

76. Mollakənd mexaniki suvarma idarəsi

77. Pirəzə mexaniki suvarma idarəsi

78. Sabirabad mexaniki suvarma idarəsi

79. Ağcabədi subartezian quyularının istismarı idarəsi

80. Ağdam subartezian quyularının istismarı idarəsi

81. Beyləqan subartezian quyularının istismarı idarəsi

82. Bərdə subartezian quyularının istismarı idarəsi

83. Goranboy subartezian quyularının istismarı idarəsi

84. Tərtər subartezian quyularının istismarı idarəsi

85. Tovuz subartezian quyularının istismarı idarəsi

86. Şəmkir subartezian quyularının istismarı idarəsi

87. Şəki subartezian quyularının istismarı idarəsi

88. Qobustan qış otlaqların su təminatı sistemləri istismarı idarəsi

89. qış otlaqların su təminatı sistemləri istismarı idarəsi

90. Ceyrançöl qış otlaqların su təminatı sistemləri istismarı idarəsi

91. Bozdağ qış otlaqların su təminatı sistemləri istismarı idarəsi

92. Acı-Nohur qış otlaqların su təminatı sistemləri istismarı idarəsi

93. Mərkəzi Muğan qış otlaqların su təminatı sistemləri istismarı idarəsi

94. Pirsaat qış otlaqların su təminatı sistemləri istismarı idarəsi

95. Şirvan qış otlaqların su təminatı sistemləri istismarı idarəsi

96. Suların istifadəsi və mühafizəsi Dövlət nəzarəti idarəsi

97. Su təsərrüfatı və meliorasiya obyektlərinin kadastrı, reyestri və pasportlaşma idarəsi

98. Hidrogeoloji-meliorativ xidmət idarəsi

99. Texnoloji-istehsalat komplektləşdirmə İdarəsi

100. Azərbaycan Hidrotexnika və meliorasiya elm-istehsalat birliyi

Muğan meliorativ təcrübə stansiyası

Abşeron suvarmanın mexanikləşdirilməsi təcrübə stansiyası

Şirvan meliorativ təcrübə stansiyası

101. Azərbaycan Elmi-Tədqiqat Su Problemləri institutu

102. Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət institutu “Azdövsutəslayihə”

103. Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti

104. Azərbaycanda suvarma-drenaj infrastrukturunun bərpası və tamamlanması layihəsinin həyata keçirilməsi üzrə İşçi qrupu

105. Daşqın zərərlərinin aradan qaldırılması layihəsinin həyata keçirilməsi üzrə İşçi qrupu

106. “Samur — Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin həyata keçirilməsi üzrə İşçi qrupu

107. Şirvan mexaniki təmir-istehsalat birliyi

Üzən nasos stansiyaların hazırlanması və təmir zavodu

108. H. Hacıyev adına mexaniki-təmir zavodu

109. Bəhrəmtəpə dəmir-beton zavodu

110. Sumqayıt sənaye kombinatı

111. Bakı ixtisaslaşdırılmış elektrik avadanlıqlarının təmir-quraşdırma və sazlama idarəsi

112. Gəncə ixtisaslaşdırılmış təmir-quraşdırma və sazlama idarəsi

113. Ağdam melioservis idarəsi

114. Ağdaş melioservis idarəsi

115. Ağcabədi melioservis idarəsi

116. Bərdə melioservis idarəsi

117. Beyləqan melioservis idarəsi

118. Biləsuvar melioservis idarəsi

119. Qazax melioservis idarəsi

120. Zaqatala melioservis idarəsi

121. Zərdab melioservis idarəsi

122. İmişli melioservis idarəsi

123. Yevlax melioservis idarəsi

124. Kürdəmir melioservis idarəsi

125. Göyçay melioservis idarəsi

126. Lənkəran melioservis idarəsi

127. Masallı melioservis idarəsi

128. Neftçala melioservis idarəsi

129. Saatlı melioservis idarəsi

130. Sabirabad melioservis idarəsi

131. Salyan melioservis idarəsi

132. Sumqayıt melioservis idarəsi

133. Ucar melioservis idarəsi

134. Cəlilabad melioservis idarəsi

135. Füzuli melioservis idarəsi

136. Xaçmaz melioservis idarəsi

137. Şəki melioservis idarəsi



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 9 iyun 2008-ci il tarixli 132 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 06, maddə 584)

2. 10 iyun 2008-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 06, maddə 586)

3. 25 iyun 2010-cu il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 06, maddə 566)



4. 11 noyabr 2010-cu il tarixli 210 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 1039)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 11 noyabr 2010-cu il tarixli 210 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 1039) ilə təsdiq edilmiş "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi"nin 8.1.8-ci yarımbəndi yeni redaksiyada verilmişdir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə