1. ÜMumi MÜDDƏalar (1-6) GƏMİ (7-25)




Yüklə 0.99 Mb.
səhifə1/9
tarix23.02.2016
ölçüsü0.99 Mb.
  1   2   3   4   5   6   7   8   9
TİCARƏT GƏMİÇİLİYİ MƏCƏLLƏSİ

MÜNDƏRİCAT

(Fəslin başlanğıcına getmək üçün müvafiq fəslin adının üzərində sol düyməni basın)

 

FƏSİLLƏR (Maddələr)

1.             ÜMUMİ MÜDDƏALAR (1-6)

2.             GƏMİ (7-25)

3.             GƏMİLƏRİN VƏ ONLARA OLAN HÜQUQLARIN QEYDİYYATA ALINMASI (26-40)

4.             GƏMİ HEYƏTİ. GƏMİ KAPİTANI (41-60)

5.             DÖVLƏT LİMAN NƏZARƏTİ (61-65)

6.             DƏNİZ BƏLƏDÇİLƏRİ (66-81)

7.             DƏNİZDƏ BATMIŞ ƏMLAK (82-86)

8.             DƏNİZLƏ YÜK DAŞINMASI MÜQAVİLƏSİ (87-137)

9.             DƏNİZLƏ SƏRNİŞİN DAŞINMASI MÜQAVİLƏSİ (138-151)

10.          GƏMİNİ MÜƏYYƏN MÜDDƏTƏ FRAXTETMƏ MÜQAVİLƏSİ (TAYM-ÇARTER) (152-162)

11.          HEYƏTSİZ GƏMİNİN FRAXTEDİLMƏ MÜQAVİLƏSİ (BERBOUT-ÇARTER) (163-173)

12.          YEDƏKLƏMƏ MÜQAVİLƏSİ (174-180)

13.          DƏNİZ AGENTLİYİ MÜQAVİLƏSİ (181-187)

14.          DƏNİZ VASİTƏÇİLİYİ MÜQAVİLƏSİ (188-192)

15.          DƏNİZ SIĞORTA MÜQAVİLƏSİ (193-222)

16.          ÜMUMİ QƏZA (223-245)

17.          GƏMİLƏRİN TOQQUŞMASINDAN VURULAN ZƏRƏRİN ƏVƏZİNİN ÖDƏNİLMƏSİ (246-249)

18.          GƏMİLƏRDƏN NEFTLƏ ÇİRKLƏNDİRMƏDƏN VURULAN ZƏRƏRƏ GÖRƏ MƏSULİYYƏTİ (250-257)

19.          DƏNİZLƏ TƏHLÜKƏLİ VƏ ZƏRƏRLİ MADDƏLƏRİN DAŞINMASI İLƏ BAĞLI VURULAN ZƏRƏRƏ GÖRƏ MƏSULİYYƏT (258-266)

20.          GƏMİLƏRİN VƏ DİGƏR ƏMLAKIN XİLAS EDİLMƏSİ (267-275)

21.          DƏNİZ TƏLƏBLƏRİ ÜZRƏ MƏSULİYYƏTİN MƏHDUDLAŞDIRILMASI (276-286)

22.          GƏMİYƏ DƏNİZ GİROVU. GƏMİNİN VƏ YA İNŞA EDİLMƏKDƏ OLAN GƏMİNİN İPOTEKASI (287-299)

23.          GƏMİNİN ÜZƏRİNƏ HƏBS QOYULMASI (300-303)

24.          DƏNİZ PROTESTLƏRİ (304-311)

25.          PRETENZİYALAR, İDDİALAR VƏ İDDİA MÜDDƏTİ (312-323)

26.          TƏTBİQ EDİLƏN HÜQUQ (324-335)

Ticarət Gəmiçiliyi Məcəlləsi

 AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

I fəsil


ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi ilə tənzimlənən münasibətlər

 1.1. Bu Məcəllə ticarət gəmiçiliyi fəaliyyətinin hüquqi əsaslarını, onun səmərəli təşkili və məqsədli inkişafından yaranan münasibətləri tənzimləyir.

 1.2. Ticarət gəmiçiliyindən yaranan münasibətlər bu Məcəllə, Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının tərəfdar  çıxdığı beynəlxalq müqavilələri və onların əsasında qəbul edilən normativ hüquqi aktlar ilə tənzimlənir.

 1.3. Ticarət gəmiçiliyindən yaranan və bu Məcəllə ilə tənzimlənməyən və ya tam tənzimlənməyən əmlak münasibətlərinə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin müddəaları tətbiq edilir.

Maddə 2. Ticarət gəmiçiliyi Məcəlləsində əsas anlayışlar

 2.1. Ticarət gəmiçiliyi dedikdə, gəmilərdən istifadə etməklə həyata keçirilən aşağıdakı fəaliyyət növləri nəzərdə tutulur:

 2.1.1. yüklərin, sərnişinlərin və onların baqajlarının, poçt göndərişlərinin daşınması;

 2.1.2. su bioloji ehtiyatlarının ovu:

 2.1.3. gəmilərin dəniz bələdçisi ilə keçirilməsi;

 2.1.4. dənizin dibində və təkində mineral ehtiyatların kəşfiyyatı və hasilatı;

 2.1.5. yedəkləmə, buzqırma, axtarış və xilasetmə əməliyyatları;

 2.1.6. dənizdə batmış əmlakın qaldırılması;

 2.1.7. dəniz mühitinin qorunması və saxlanması;

 2.1.8. digər təsərrüfat, elmi, tədris, idman və mədəni məqsədlər üçün istifadə.

 2.2. Gəmi — özühərəkətedən və ya özühərəkətetməyən, ticarət gəmiçiliyi məqsədləri üçün istifadə olunan üzən qurğu.

 2.3. Gəmi sahibi — gəminin mülkiyyətçisi olmasından və ya gəmidən başqa qanuni əsaslarla istifadə etməsindən asılı olmayaraq, gəmini öz  adından istismar edən şəxs.

 2.4. Dəniz limanı — xüsusi ərazidə və akvatoriyada yerləşən və ticarət gəmiçiliyi məqsədi ilə istifadə olunan gəmilərə və sərnişinlərə xidmət  göstərilməsi, yüklər ilə əməliyyatların aparılması və dəniz limanlarında həyata keçirilən digər xidmətlərin göstərilməsi üçün nəzərdə tutulan  qurğular kompleksi.

 2.5. Liman hakimiyyət orqanları — müvafiq icra hakimiyyəti orqanı tərəfindən onların üzərinə qoyulmuş inzibati-hakimiyyət və digər səlahiyyətləri həyata keçirən dəniz limanlarının müvafiq orqanları.

 2.6. Gəminin tutumu — gəmilərin ölçülməsinə dair beynəlxalq müqavilələrə uyğun olaraq gəminin müəyyən edilən ümumi tutumu.

 2.7. Hesablaşma vahidi — beynəlxalq maliyyə təşkilatlarının müəyyən etdiyi borcalmanın xüsusi hüququ vahidi.

 2.8. Kabotaj — Azərbaycan Respublikasının dəniz limanları arasında icra edilən daşıma və dəniz yedəkləməsi.

2.9. Bayraq nəzarəti – Azərbaycan Respublikasının müvafiq gəmi reyestrində qeydiyyata alınmış və Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən gəmilərin yoxlanılması və sertifikatlaşdırılması, eləcə də təhlükəsizliyə və ətraf mühitin mühafizəsinə dair sənədlərin onlara verilməsi sahəsində dövlət nəzarəti.

2.10. Liman nəzarəti – Azərbaycan Respublikasının limanlarına daxil olan və ya limanlarından çıxan xarici gəmilərin, onların avadanlığının və idarə olunmasının beynəlxalq müqavilələrin tələblərinə uyğunluğunun yoxlanılması üzrə dövlət nəzarəti. [1]

Maddə 3. Bu Məcəllədə müəyyən edilmiş qaydaların tətbiq dairəsi

 3.1. Bu Məcəllənin qaydaları aşağıdakılara şamil edilir:

 3.1.1. dəniz gəmilərinə — onların həm dəniz yolları, həm də daxili su yolları ilə hərəkət etdiyi zaman, əgər Azərbaycan Respublikasının  tərəfdar çıxdığı beynəlxalq müqavilədə və ya qanunda başqa hal müəyyən olunmamışdırsa;

 3.1.2. daxili sularda üzən gəmilərə, habelə "çay-dəniz" tipli gəmilərinə — xarici dəniz limanlarına daxil olmaqla yük, sərnişin və onların baqajının daşınmasını dəniz yolları, habelə daxili su yolları ilə icra etdikdə, xilasetmə əməliyyatını həyata keçirdikdə və dəniz gəmisi ilə toqquşduqda.

 3.2. Bu Məcəllədə müəyyən edilmiş qaydalar, birbaşa bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, hərbi gəmilərə, yardımçı hərbi  gəmilərə və dövlət mülkiyyətində olan və ya dövlət tərəfindən istismar olunan və yalnız qeyri-kommersiya hökumət xidməti üçün istifadə  edilən gəmilərə, habelə dövlət mülkiyyətində olan qeyri-kommersiya yüklərinə şamil edilmir.

Maddə 4. Ticarət gəmiçiliyi sahəsində dövlət idarəetməsi

 4.1. Ticarət gəmiçiliyi sahəsində dövlət idarəetməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

 4.2. Bu Məcəlləyə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı  öz səlahiyyəti hüdudlarında ticarət gəmiçiliyindən yaranan münasibətləri tənzimləyən normativ hüquqi aktlar qəbul edir.

 4.3. Dəniz yollarının naviqasiya-hidroqrafik təminatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Maddə 5. Ticarət gəmiçiliyinə dövlət nəzarəti

 5.1. Azərbaycan Respublikasında ticarət gəmiçiliyinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

 5.2. Müvafiq icra hakimiyyəti orqanı dövlət nəzarətini aşağıdakı istiqamətlərdə həyata keçirir:

 5.2.1. ticarət gəmiçiliyinə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və ticarət gəmiçiliyi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə riayət olunmasına;

 5.2.2. gəmilərin təhlükəsiz hərəkətinin idarəetmə sisteminə;

 5.2.3. dəniz yollarının və dəniz yollarında qurulmuş texniki naviqasiya vasitələrinin vəziyyətinə;

 5.2.4. gəmilərin dövlət qeydiyyatına və gəmilərə olan hüquqlara;

 5.2.5. dəniz bələdçi xidmətinə və dəniz limanlarında gəmilərin hərəkətini idarəetmə sisteminə;

 5.2.6. xilasetmə xidmətinə və onun digər xilasetmə xidmətləri ilə qarşılıqlı fəaliyyətinə;

 5.2.7. dəniz mühitinin mühafizəsinə.

 

M a d d ə  5-1. Ticarət gəmiçiliyi sahəsində lisenziyalaşdırma



5-1.1. Ticarət gəmiçiliyi sahəsində aşağıdakı fəaliyyət növləri xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir:

5-1.1.1. su nəqliyyatı ilə yük daşınması;

5-1.1.2. su nəqliyyatı ilə sərnişin daşınması.  [2]

Maddə 6. Hesablaşma vahidi

 6.1. Bu Məcəllənin 132, 148, 253.1, 262.1 və 280-ci maddələrində göstərilən məbləğlərin manatla ifadə olunma borcalmanın xüsusi hüququ  vahidində manatın dəyərinə müvafiq olaraq aşağıdakı müddəalar nəzərə alınmaqla həyata keçirilir:

 6.1.1. bu Məcəllənin 132 və 148-ci maddələrində göstərilən məbləğlərin — məhkəmə və ya münsiflər məhkəməsi qərarının çıxarıldığı və  ya tərəflərin razılaşması əsasında təyin edilmiş tarixə;

 6.1.2. bu Məcəllənin 253.1 və 262.1-ci maddələrində göstərilən məbləğlərin — məsuliyyətin məhdudlaşdırılması fondunun yaranma tarixinə;

 6.1.3. bu Məcəllənin 280-ci maddəsində göstərilən məbləğlərin — məsuliyyətin məhdudlaşdırılması fondunun yaranması, ödəmənin həyata keçirilməsi və ya ödəməyə eyni qiymətli təminatın verilməsi tarixinə.

 6.2. Borcalmanın xüsusi hüququ vahidində manatın dəyəri beynəlxalq maliyyə qurumlarının müvafiq tarixə öz əməliyyat və hesablaşmaları  üçün dəyərin müəyyən edilməsi metoduna uyğun hesablanır.

 

Maddə 6-1. Dənizçilik sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə dövlət rüsumu[3]



 

6-1.1. Dənizçilik sahəsində aşağıdakı xidmətlərə və ya hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir:

6-1.1.1. Azərbaycan Respublikası Bayrağı altında üzmək hüququ (patent) haqqında Şəhadətnamənin verilməsi;

6-1.1.2. berbout-çarter reyestrində qeydiyyata və ya təkrar qeydiyyata alınaraq gəmilərə Azərbaycan Respublikasının Bayrağı altında üzmək hüququ haqqında müvəqqəti Şəhadətnamənin verilməsi;

6-1.1.3. Dövlət Gəmi Reyestrində qeydiyyata və ya təkrar qeydiyyata alınaraq gəmilərə Mülkiyyət hüququ haqqında Şəhadətnamənin verilməsi;

6-1.1.4. heyətin tərkibi haqqında Şəhadətnamənin verilməsi;

6-1.1.5. neftlə çirklənmənin qarşısının alınması haqqında Şəhadətnamənin verilməsi;

6-1.1.6. gəmi Reyestrindən çıxarışın verilməsi;

6-1.1.7. gəminin “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi;

6-1.1.8. gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi;

6-1.1.9. limanın (liman məntəqəsinin) “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi;

6-1.1.10. dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi;

6-1.1.11. gəmi komandir və sıravi heyət üzvlərinə İxtisas şəhadətnamələrinin (işçi diplomların) və təsdiqnamələrin verilməsi;

6-1.1.12. gəmi heyət üzvləri üçün hazırlıq kursları sertifikatlarının verilməsi;

6-1.1.13. dənizçinin Qeyd Kitabçasının verilməsi;

6-1.1.14. dənizçinin şəxsiyyət sənədinin verilməsi;

6-1.1.15. kiçik həcmli gəmilərə gəmi biletinin verilməsi;

6-1.1.16. mühərriksiz kiçik həcmli gəmilərin qeydiyyata alınması;

6-1.1.17. mühərrikli kiçik həcmli gəmilərin qeydiyyata alınması;

6-1.1.18. kiçik həcmli gəmilərə texniki baxışın keçirilməsi;

6-1.1.19. kiçik həcmli gəmilərə gəmi reyestrindən çıxarış verilməsi;

6-1.1.20. kiçik həcmli gəmilərin sürücülərinə sürücülük vəsiqələrinin verilməsi.

6-1.1.21. Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət ilə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında Sertifikatın verilməsi.[4]

II fəsil


GƏMİ [5]

Maddə 7. Gəmi üzərində mülkiyyət

 7.1. Gəmi üzərində mülkiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan bütün mülkiyyət formalarında olur.

 7.2. Gəminin mülkiyyətçisi gəmiyə münasibətdə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və digər şəxslərin hüquqlarını  və qanunla qorunan mənafelərini pozmayan istənilən hərəkətləri həyata keçirə, o cümlədən gəmini digər şəxslərin mülkiyyətinə  özgəninkiləşdirə, mülkiyyətçi qalaraq gəmiyə sahiblik, istifadə və onun üzərində sərəncam hüquqlarını onlara verə bilər, habelə gəminin  ipotekasını müəyyənləşdirə və digər üsullarla sərəncam vermək hüququna malikdir.

Maddə 8. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ

 8.1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin, Azərbaycan Respublikasının dövlət və bələdiyyə mülkiyyətində olan gəmilərə verilir.

 8.2. Müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında xarici dövlətin gəmi reyestrində qeydiyyata alınmış, berbout-çarterə (heyətsiz gəminin fraxtedilmə müqaviləsinə) əsasən Azərbaycan fraxtedəninin istifadəsinə və sahibliyinə verilmiş gəmilərə Azərbaycan Respublikasının  Dövlət bayrağı altında müvəqqəti üzmək hüququ aşağıdakı hallarda verilə bilər:

 8.2.1. berbout-çarter üzrə gəmini fraxtedən bu Məcəllənin 8.1-ci maddəsində göstərilən tələblərə cavab verdikdə;

 8.2.2. gəmi mülkiyyətçisi gəminin Azərbaycan Respublikasının Dövlət bayrağı altına keçirilməsi barədə yazılı razılıq verdikdə;

 8.2.3. gəmi mülkiyyətçisinin dövlətinin qanunvericiliyinə müvafiq olaraq müəyyənləşdirilmiş və qeydə alınmış gəminin ipotekasının və  ya həmin xarakterli yüklü edilmənin girovsaxlayanı gəminin Azərbaycan Respublikasının Dövlət bayrağı altına keçirilməsi barədə yazılı razılıq verdikdə;

 8.2.4. gəmi mülkiyyətçisinin dövlətinin qanunvericiliyi gəmiyə xarici dövlətin bayrağı altında üzmək hüququnun verilməsini qadağan etmədikdə;

 8.2.5. gəmiyə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ verilən anda gəminin xarici dövlətin bayrağı altında üzmək hüququ dayandırılıbsa və ya dayandırılacaqsa.

 8.3. Gəmiyə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ berbout-çarterin qüvvədəolma hüdudunda iki ildən artıq  olmayan müddətə, sonradan onun hər iki ildən bir uzadılması hüququ ilə verilə bilər. Bayrağın dəyişdirilməsi məqsədləri üçün berbout-çarterin qüvvədəolma müddəti bir ildən az olmamalıdır.

 8.4. Gəmiyə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnun verilməsi barədə qərarın qüvvədən düşməsinin təsdiqi  həmin qərarın qəbul edilmə qaydasında həyata keçirilir.

Maddə 9. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnun yaranması

 9.1. Gəmi bu Məcəllənin 26.1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının gəmi reyestrlərinin birində qeydiyyata alındığı  andan Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnu əldə edir.

 9.2. Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə edilən gəmi Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququndan Azərbaycan Respublikasının konsulluq idarəsi və ya Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən ona belə  hüququn verilməsini təsdiq edən müvəqqəti şəhadətnamənin verildiyi andan istifadə edir.

 9.3. Müvəqqəti şəhadətnamə Azərbaycan Respublikasının müvafiq gəmi reyestrində gəmi qeydiyyata alındığı vaxta qədər, lakin altı aydan  çox olmamaq şərti ilə qüvvədə qalır.

Maddə 10. Gəminin milliliyi

 10.1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququndan istifadə edən gəmi Azərbaycan Respublikasının milli mənsubiyyətinə məxsusdur.

 10.2. Azərbaycan Respublikasının milli mənsubiyyətinə malik olan gəmi Azərbaycan Respublikasının Dövlət bayrağını daşımalıdır.

Maddə 11. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnun itirilməsi

 11.0. Gəmi Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnu aşağıdakı hallarda itirir:

 11.0.1. bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda;

 11.0.2. bu Məcəllənin 8.2 və 8.3-cü maddələrinə müvafiq olaraq Azərbaycan Respublikasının Dövlət bayrağı altında gəmiyə üzmək hüququnun verildiyi müddət bitdikdə və ya həmin hüququn verilməsinə dair qərar ləğv edildikdə.

Maddə 12. Gəminin müvəqqəti olaraq xarici dövlətin bayrağı altına keçirilməsi

 12.1. Dövlət gəmi reyestrində və ya gəmi kitabında qeydiyyata alınmış gəmi berbout-çarter üzrə xarici fraxtedənin istifadəsinə və sahibliyinə  Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnun dayandırılması şərti ilə müvafiq icra hakimiyyəti orqanının qərarı  əsasında verildikdə, belə gəmi aşağıdakı hallarda xarici dövlətin bayrağı altına müvəqqəti keçirilə bilər:

 12.1.1. gəmi mülkiyyətçisi gəminin xarici dövlətin bayrağı altına keçirilməsinə yazılı razılıq verdikdə;

 12.1.2. müvafiq qaydada müəyyənləşdirilmiş və qeydə alınmış gəmi ipotekası vaxtında ödənilmədikdə, ipoteka saxlayan gəmini xarici dövlətin bayrağı altına keçirilməsi barədə yazılı razılıq verdikdə;

 12.1.3. fraxtedənin dövlətinin qanunvericiliyində Dövlət gəmi reyestrində və ya gəmi kitabında qeydiyyata alınmış gəmiyə həmin dövlətin bayrağı altına keçirilməyə və belə dövlətin bayrağı altında üzməyə verilmiş hüququn müddəti bitdikdə Azərbaycan Respublikasının Dövlət bayrağı altına qaytarılmasına dair qadağan qoyan müddəalar olmadıqda.

 12.2. Gəmi xarici dövlətin bayrağı altında berbout-çarterin qüvvədəolma hüdudunda iki ildən artıq olmayan müddətə, sonradan onun hər  iki ildən bir uzadılması hüququ ilə keçirilə bilər. Bayrağın dəyişdirilməsi məqsədləri üçün berbout-çarterin qüvvədəolma müddəti bir ildən az  olmamalıdır.

 12.3. Gəminin xarici dövlətin bayrağı altına keçirilməsinə dair qərarın qüvvədən düşməsinin təsdiqi həmin qərarın qəbul edilmə qaydasında  həyata keçirilir.

Maddə 13. Gəminin adı

 13.1. Dövlət gəmi reyestrində və ya gəmi kitabında qeydiyyata alınacaq gəminin öz adı olmalıdır.

 13.2. Gəminin adı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada gəmi mülkiyyətçisi tərəfindən  verilir.

 13.3. Gəmi üzərində mülkiyyət hüququ başqasına keçdikdə və ya kifayət qədər olan digər əsaslarla gəminin adı dəyişdirilə bilər. Gəminin  qeydə alınmış ipotekasını saxlayanlar gəminin adının dəyişdirilməsi barədə dərhal məlumatlandırılır.

Maddə 14. Çağırış siqnalı

 14.1. Gəmiyə çağırış siqnalı verilir. Texniki təchizatından asılı olaraq gəmiyə həmçinin gəmi peyk rabitə stansiyasının identifikasiya nömrəsi  və gəmi radiostansiyasının fərdi çağırış nömrəsi verilir.

 14.2. Gəmiyə çağırış siqnalının, gəmi peyk rabitə stansiyasının identifikasiya nömrəsinin və gəmi radiostansiyasının fərdi çağırış nömrəsinin  verilmə qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 15. Gəmilərin texniki nəzarəti və təsnifatı orqanları

15.1. Bu Məcəllənin 16.2-ci maddəsində göstərilən gəmilərə texniki nəzarət və onların təsnifatı gəmi sahibinin və (və ya) gəmi mülkiyyətçisinin seçdiyi təsnifat cəmiyyətləri tərəfindən həyata keçirilir.

15.2. Azərbaycan Respublikasının ərazisində gəmilərin inşasına və ya təmirinə, eləcə də Azərbaycan Respublikasının bayrağı altında Azərbaycan Respublikasının hüdudlarından kənarda gəmilərin inşasına texniki nəzarət təsnifat cəmiyyətləri tərəfindən həyata keçirilir.

15.3. Təsnifat cəmiyyətlərinin fəaliyyətinə razılıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. [6]

Maddə 16. Gəmilərə texniki nəzarət

 16.1. Gəmi yalnız dənizdə üzmək təhlükəsizliyinin və ticarət gəmiçiliyi sahəsində Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin  tələblərinə cavab verdikdə səfərə buraxıla bilər.

 16.2. Təsnifat cəmiyyətləri öz səlahiyyətləri çərçivəsində sərnişin, yük-sərnişin, maye yük daşıyan, yedəkçi gəmilərinə, habelə baş mühərriklərinin gücü 55 kVt-dan az olmayan digər özühərəkətedən gəmilərə və qeyri-kommersiya məqsədləri üçün istifadə edilən idman və  gəzinti gəmiləri istisna olmaqla, tutumu 80 tondan az olmayan özühərəkətetməyən gəmilərə texniki nəzarəti həyata keçirirlər.

 16.3. Tutumuna və baş mühərrikinin gücünə görə bu Məcəllənin 16.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaların tətbiq edilmədiyi gəmilərə texniki nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Maddə 17. Gəmilərin təsnifatı

 Təsnifat cəmiyyətləri öz səlahiyyətlərinə uyğun olaraq bu Məcəllənin 16.2-ci maddəsində göstərilən gəmilərə quruluş tipindən və təchizatından asılı olaraq müvafiq dərəcə verirlər. Gəmilərə dərəcənin verilməsi təsnifat şəhadətnamələri ilə təsdiqlənir.

Maddə 18. Əsas gəmi sənədləri

 18.1. Gəminin aşağıda göstərilən əsas gəmi sənədləri olmalıdır:

 18.1.1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnamə;

 18.1.2. gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamə;

 18.1.3. gəminin üzgüçülüyə yararlığı haqqında şəhadətnamə;

 18.1.4. sərnişin şəhadətnaməsi (sərnişin gəmisi üçün);

 18.1.5. ölçü şəhadətnaməsi;

 18.1.6. yük çeşidi haqqında şəhadətnamə;

 18.1.7. gəmi heyətinin tərkibi haqqında şəhadətnamə;

 18.1.8. neftlə çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnamə;

 18.1.9. çirkab sularla çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnamə;

 18.1.10. zibillə çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnamə;

 18.1.11. gəmi radiostansiyasının fəaliyyəti üçün xüsusi icazə və radiojurnal (gəminin radiostansiyası olduqda);

 18.1.12. gəmi heyəti üzvlərinin siyahısı;

 18.1.13. gəmi jurnalı;

 18.1.14. maşın jurnalı (mexaniki mühərrikli gəmilər üçün);

 18.1.15. çirkab sularla əməliyyatlar jurnalı;

 18.1.16. zibillə əməliyyatlar jurnalı;

 18.1.17. neft tankerləri olmayan gəmilər üçün neft əməliyyatları jurnalı;

 18.1.18. neft tankerləri üçün neft əməliyyatları jurnalı;

 18.1.19. sanitar jurnalı;

 18.1.20. səfərə çıxmaq hüququ haqqında gəmi sanitar şəhadətnaməsi;

 18.1.21. sərnişinlərin siyahısı (sərnişin gəmisi üçün);

18.1.21-1. Gəminin “Gəmi və Liman vasitələrinin Mühafizəsi haqqında beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə;

18.1.21-2. Gəminin “Əmniyyətli İdarəetmə haqqında beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə;

18.1.21-3. Gəmi tarixinin fasiləsiz qeydlər sənədi;

18.1.21-4. Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyətlə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında Sertifikat; [7]

 18.1.22. beynəlxalq dəniz təşkilatının tələblərinə uyğun digər sənədlər.

 18.2. Gəmi heyəti üzvlərinin siyahısı, sərnişinlərin siyahısı, gəmi, radio və maşın jurnalları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi  qaydada aparılır.

 18.3. Sanitar jurnalı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır.

 18.4. Sanitar, karantin nəzarəti və digər nəzarət üçün istifadə edilən gəmilərdə ölçü və yük çeşidi haqqında şəhadətnamələr tələb edilməyə  bilər. Belə gəmilərə müvafiq şəhadətnamə verilməklə, sadələşdirilmiş üsulla onun tutumu müəyyənləşdirilə bilər.

 18.5. Texniki nəzarəti həyata keçirən orqan tərəfindən başqa qayda müəyyən edilmədikdə, sahilboyu səfərə çıxan gəmilərdə maşın, radio,  gəmi və sanitar jurnalları tələb edilmir.

Maddə 19. Əlavə gəmi sənədləri

 Gəmidə bu Məcəllənin 18-ci maddəsində göstərilmiş sənədlərə əlavə olaraq, təsnifat cəmiyyətinin təsdiq olunmuş qaydalarında nəzərdə  tutulmuş sənədlər də olmalıdır.

Maddə 20. Bəzi kateqoriyalı gəmilərin gəmi sənədləri

 İdman, gəzinti və baş mühərriklərinin gücü 55 kVt-dan az olan digər özühərəkətedən gəmilərdə və tutumu 80 tondan az olan özühərəkətetməyən gəmilərdə zəruri olan gəmi sənədlərinin siyahısını, onların verilmə və aparılma qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 21. Uzaq səfərə çıxan gəmilər üçün gəmi sənədləri

 Uzaq səfərə çıxan gəmilərdə bu Məcəllənin 18-20-ci maddələrində göstərilən sənədlərdən başqa, Azərbaycan Respublikasının beynəlxalq  müqavilələri ilə nəzərdə tutulmuş sənədlər də olmalıdır.

Maddə 22. Gəmi sənədlərini verən orqanlar  

 22.1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında və gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamələr  gəmini qeydiyyata alan orqan tərəfindən verilir.

 22.2. Gəminin üzgüçülüyə yararlığı haqqında şəhadətnaməni, ölçü şəhadətnaməsini, sərnişin şəhadətnaməsini, yük çeşidi haqqında şəhadətnaməni, neftlə çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnaməni, çirkab suları ilə çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnaməni, zibil ilə çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnaməni və digər əlavə gəmi sənədlərini təsnifat cəmiyyəti verir. Gəmilərin bəzi kateqoriyalarından ölçü şəhadətnaməsi və ya yük çeşidi haqqında şəhadətnamələr gəmini qeydiyyata alan orqanın icazəsi ilə tələb edilmir. [8]

 22.3. Uzaq səfərə çıxan gəmilərə Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə nəzərdə tutulmuş sənədlər təsnifat cəmiyyəti tərəfindən verilir.

 22.4. Gəmi radiostansiyasının fəaliyyəti üçün xüsusi icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

 22.5. Səfərə çıxmaq hüququ haqqında gəmi sanitar şəhadətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

Maddə 23. Xarici dövlətin bayrağı altında üzən gəminin sənədlərinin tanınması

 Xarici dövlətin bayrağı altında üzən və Azərbaycan Respublikasının limanlarına daxil olan gəminin sənədlərinin tanınması Azərbaycan Respublikasının beynəlxalq müqavilələri əsasında həyata keçirilir.

Maddə 24. Gəmi sənədlərinə dair irəli sürülən tələblər

 Gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamənin həmin şəhadətnaməni verən orqan tərəfindən təsdiq olunmuş surəti istisna olmaqla,  gəmidə bütün gəmi sənədlərinin əsli olmalıdır.

Maddə 25. Gəmi sənədlərinin aparılma qaydaları. Gəmi jurnalının saxlanması

 25.1. Bu Məcəllənin 18.1.13-18.1.19-cu maddələrində göstərilmiş jurnallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş  qaydalara uyğun olaraq aparılır.

 25.2. Gəmi jurnalında axırıncı qeyd edildikdən sonra o, gəmidə iki il müddətində saxlanılır. Göstərilən müddət bitdikdən sonra gəmi jurnalı  gəminin sahibinə və (və ya) mülkiyyətçisinə saxlamaya verilir.

 25.3. Gəmi jurnalı müvafiq məlumatı almaq hüququ olan şəxslərə tanış olmaq və ondan surət çıxarmaq üçün təqdim edilir.

III fəsil


  1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə