1. QƏDİm babiLİstan və MİSİRDƏ FƏLSƏFƏNİn meydana gəLMƏSİ




Yüklə 0.85 Mb.
səhifə9/12
tarix22.02.2016
ölçüsü0.85 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   12

L.Tolstoyun (1828– 1910) yaradıcılığı ruhun və qəlbin psixologiyası, dini mənəviyyat və özünü təkmilləşdirmə problemlərinə müraciətinə görə dünya mədəniyyətinə mühüm təsir göstərmişdir.

Həyatın mənası məsələsi L.Tolstoy üçün şəxsiyyətin mənəvi yüksəlişini müəyyən edən «başlıca» məsələ olmuşdur. Onun ən gözəl əsərləri elə bu problemə həsr olunmuşdur. «Tövbə», «Mənim etiqadım nədir?», «Allahın məkanı bizim daxilimizdədir» və s. əsərləri bu qəbildəndir. O, «insan nə üçün yaşayır?» sualına dönə– dönə qayıtmışdır. Bədii obrazlarda, pritça, nağıl, elmi biliklərdə bütün dövrlərin müdriklərin bir və yeganə sualla müraciət edir. İnsan həyatının mənası varmıdır? Əgər varsa nədədir? Əgər yoxdursa, insanlar nə üçün yaşayırlar? və s.

Onu sarsıdan bu idi ki, insanlar gündəlik qayğıları ilə yaşayır və nə üçün həyatda yaşadıqları haqqında düşünmürlər. Həyatın mənası sualı Tolstoyda olum və ölüm problemi ilə əlaqədar olmuşdur. Bu problemi özünün «İvan İliçin ölümü» əsərində dahiyanə şəkildə verə bilmişdir. Tolstoyda həyatın mənası problemi onun mənəvi təkmilləşməsi problemi ilə çulğalaşmışdır. Buraya həmçinin şəxsiyyətlərin təsnifatını da aid etmək olar. O, mənəvi təkmilləşmə və mənəvi yüksəlişi təbiətin insana verdiyi nemət, insana daxilən xas olan daxili keyfiyyət kimi başa düşmüşdür. Burada müxtəlif seçim üsulu var. Dini, yaxud dünyəvi– bu, insanın özündən asılıdır və o qədər də vacib deyildir. Vacib olan odur ki, insan «bitki», yaxud «heyvan həyatı» («cisimdə həyat») mərhələlərində qalmasın. Vacib odur ki, ki, insan mənəvi, ruhi həyatını yaşasın. Onun üçün həqiqi din odur ki, həmin din mənəvi həyat qaydalarına əsaslansın.

Tolstoyun sosial– siyasi baxışları mənəviyyatın bu tələbləri ilə əlaqədar olmuşdur. Bu baxımdan mərkəzi prinsip qeyri– zorakılıq prinsipidir. Tolstoy üçün əxlaqdan kənarda (əxlaqsız) siyasət yoxdur. O, sinfi mübarizə ideyasını inkar etmişdir. Onun fikrincə, sinfi mübarizə adamları birləşdirmir, onları ayırır, bir– birinə qarşı qoyur. Lakin «şərlə» «şəri» aradan qaldırmaq olmaz. Bu, daha çox şər yaradır, zorakılıq doğurur. Zorakılıqla zorakılığı aradan qaldırmaq olmaz. Bütün zorakılıqlar mənəviyyatsızlıqla bağlıdır. Tolstoy qeyri– zorakılığı mütilik və tabeliklə (kvietizm)1 eyniləşdirmir. Onu zorakılığı aradan qaldırmaq vasitəsi hesab edir. O, sosial şərin aradan qaldırılmasında inqilabi yox, başqa vasitələri irəli sürürdü. Tolstoy dövləti (eləcə də başqa) zorakılıqların aradan qaldırılmasının bütöv proqramını hazırlamışdır. Həmin proqramı hind azadlıq hərəkatının məşhur liderlərindən biri olan M.Qandi praktikada tətbiq etmişdir. Təsadüfi deyildir ki, M.Qandi özünü Tolstoyun şagirdi hesab edirdi.

Tolstoy özünün sosial konsepsiyasını dini anarxososializm adlandırmışdır. Onun da mərkəzi ideyası bütün zorakılıq formalarından, dövlət strukturlarından (çünki bu strukturlar mütləq zorakılığa aparıb çıxarır) imtina edilməsi, cəmiyyətin bünövrəsi kimi xeyir və məhəbbət prinsipləri əsasında yaradılan kənd icmalarının müdafiə edilməsi və s. idi.
j) V.Solovyovun «rus ideyası» və metafizikası
Vl.Solovyov (1853– 1900) XIX əsrdə geniş yayılmış rus dini fikrinin əsas ideyalarını öz fəlsəfəsində əks etdirə bilmişdir. Xristian allah– insan prosesinin istoriosof nəzəriyyəsini də o yaratmışdır. Vl.Solovyovun idealı «azad teokratiya», yaxud «ümumdünya kilsəsi» olmuşdur ki, bu ideal da pravoslavlıq, protestantizm və katolikliyin vəhdətinə əsaslanmışdır. Tarixin son mərhələsi Solovyovda «Allah bəşəriyyətdir». Onun «Hər şeyin vəhdəti»– metafizikası Allah eşqinə və xristian birliyi naminə «xeyirxahlığa haqq qazandırılması» ideyasından ibarətdir.

Hər iki mütəfəkkir– L.Tolostoy və Vl.Solovyov xristian mənəviyyatı və insanların birləşməsi yollarının axtarılması problemləri ilə məşğul olmuşlar. Lakin onların təlimləri bir– birindən kökündən fərqlənirdi. Tolstoy insana və xeyirxahlığa müraciət edirdi. Allah onun üçün məqsəddən çox vasitə hesab olunurdu. Vl.Solovyov isə xeyirxahlığa Allahla haqq qazandırırdı və ona görə Allah xristianlıq birliyi onun üçün məqsəd idi.

Vl.Solovyovun L.Tolstoyla polemikaya girdiyi iki əsəri vardır. Bunlar «Müharibənin mənası» və «Müharibə, tərəqqi və ümum­dünya tarixinin sonu haqqında üç söhbət» adlı əsərləridir. L.Tolstoy zorakılığı rədd edir, müharibəni qeyri– əxlaqi və qeyri– təbii hal kimi qiymətləndirir. Vl.Solovyova görə isə əgər müharibə gələcək birliyi və xeyirxahlığı şərtləndirirsə, ona haqq qazandırmaq olar. Solovyov hesab edirdi ki, şərin müvəqqəti təntənəsi və Antixristin gəlişi haqq qazanmışdır. Solovyovun xristian esxatologiyası2 «Yerdə Allah Hakimiyyəti»ni bütün xalqlar üçün xeyirxahlıq və sülh kimi başa düşən L.Tolstoyun prinsipini qəbul etməmişdir.

Vl.Solovyovun «Rus ideyası» adlı əsəri də vardır. Həmin əsərində filosof Rusiyanın Avropa sivilizasiyasından fərqləndirən baxışlarını şərh etmişdir. Avropa sivilizasiyasını Rusiya ikinci dərəcəli məsələlərlə əlaqədar qəbul etmişdir. Onun üçün başlıca məsələ xris­tian milləti olmasıdır. Ona görə də söhbət «millət ideyasından» gedir.

Bu ideya necədir? İnsan nəslinin birliyi mühüm dini həqiqətdir. Bu substansional birlik bütövlükdə bəşəriyyət, yaxud, müxtəlif millətləri təmsil edən üzvləri olan sosial orqanizmdir. Xristos dünyaya gəldikdən sonra bu ideya reallığa çevrilmişdir. Həmin vaxtdan böyük bəşəri vəhdət, Allah insanın ümumdünya cismi kimi real olaraq yerdə mövcuddur. Bəşəriyyət artıq abstrakt varlıq deyildir, onun substansional forması xristian dünyasında, ümumdünya kilsəsində reallaşır.

Rus ideyası sosial üçlüyün qəbul edilməsidir ki, burada da üç başlıca üzvü birlikdən– kilsə, dövlət və cəmiyyətdən– hər biri azaddır və yerdə qalan ikisindən ayrılmadan, daxili əlaqələri təsdiq edərək, onları məhv edərək və yaxud udaraq mövcud ola bilər. İlahi üç­lü­­yün həmin obrazını yer üzərində bərpa etmək– bax rus ideyası budur.

Beləliklə, millilik və xristianlığın ümumdünya (pravoslav) kilsəsi ətrafında birləşməsi yollarının axtarılması variantlarından biri rus ideyasıdır.

ç) N.Berdyayev


XX əsrdə Rusiyada Tolstoyun və Solovyovun fəlsəfi axtarışları N.Berdyayevin (1874– 1948) təlimində inkişaf etdirilmişdir. Berdyayev özündən əvvəlki iki görkəmli həmvətəninin axtarışlarının dini xarakterini irs almışdır.

Doğrudur, rus fəlsəfi fikrini dediyimiz üç böyük dahi ilə məhdudlaşdırmaq olmaz. Lakin onlar fəlsəfi ideyalarının dərinliyi və spesifikliyinə görə ümumdünya şöhrəti qazanmışlar.

N.Berdyayevin ən böyük əsərləri «Yaradıcılığın mənası», «Rusiyanın taleyi», «Qeyri– bərabərlik fəlsəfəsi» və «Özünü dərketmə» hesab olunur. Axırıncı əsəri ölümündən 8 il əvvəl yazmışdır. Bu əsər unikal bir janra– fəlsəfi avtobioqrafiya janrına həsr olunmuşdur. Əsərin girişində yazılırdı: «Filosof üçün həddən artıq hadisələr baş vermişdi: Mən dörd dəfə həbsxanada olmuşam, iki dəfə köhnə rejimdə, iki dəfə də yeni rejimdə, üç ilə şimala sürgün olunmuşam, məni əbədi olaraq Sibirə köçürülməyimlə bağlı prosesdə olmuşam. Vətəndən sürgün olunmuşam. Yəqin ki, ömrümü xaricdə də başa vuracağam. Bütün bunlarla yanaşı mən heç vaxt siyasət adamı olmamışam».

«Qeyri– bərabərlik fəlsəfəsi» (1918) yeni sosialist dövlətinə hamıdan qabaq verilən obyektiv qiymətdir. «Sosialist dövləti demokratik dövlət kimi sekulyarist1 dövlət deyildir. Bu sakral2 dövlətdir. Bu dövlət prinsipcə nə din azadlığına yol verə bilər, nə də hər hansı bir azadlığı qəbul edə bilər. Bu dövlət sağ etiqadı, sosialist etiqadını qəbul edənləri tanıyır. Bu avtoritar teokratik dövlətə oxşayır. Sosialist dövləti satanakriyadır (satana– şeytan sözündəndir). Sosializm məsiha etiqadı təmsil edir. Proletariat məsiha sinfidir. Proletariatın məsiha «ideyalarının» mühafizəçisi xüsusi ierarxiya– ifrat dərəcədə mərkəzləşmiş və diktator hakimiyyətinə yiyələnmiş kommunist partiyasıdır. Xalqın heç bir iradəsi qəbul edilmir. Xalqı proletariatın «müqəddəs» iradəsinə zorakılıqla tabe etmək, proletariatı isə proletariat «ideya»sına tabe etmək zəruridir. Həqiqəti bilirlər və həqiqətə çox az adam tabe olur».

Demokratiya problemi onun «Rusiyanın taleyi» adlı kitabında toplanmış və 1914– 1918– ci illərdə qəzet və jurnallarda çap olunmuş məqalələrdən ibarət məcmuədə öz əksini tapmışdır. Bu ideyaya Berdyayev onu düşündürən dixotomiya– cəmiyyət və şəxsiyyət mövzusu ilə əlaqədar gəlmişdir. İştirakçısı və müşahidəçisi olduğu rus inqilabı hərəkatının təhlilinə həsr olunan əsərlərdə Berdyayev şəxsiyyətin «xalq», «millət» tərəfindən udulduğunu göstərmişdir. O, şəxsiyyəti «kütlədən», «sinifdən» ayırmaq və həmin nöqteyi– nəzərdən tarixi hadisələrə nəzər yetirməyə çalışmışdır.

Demokratiya və sosializmin, indinin və gələcəyin təhlilini Berdyayev rus vətənpərvərliyi və xristian personalizmi mövqeyindən çıxış edərək vermişdir. Böyük alim italyan faşizminin, alman nasional– sosializmin və stalinizmin bərqərar olmasını ürək ağrısı ilə izləmişdir. O, «rus kommunizminin mənbələri və mahiyyəti» (1937), «İnsanın azadlığı və köləliyi haqqında (1939) əsərlərində yuxarıdakı məsələlərə öz münasibətini bildirmişdir. Əsərlərində şəxsiyyətin əxlaqı ilə millətin əxlaqı anlayışlarının köklü fərqini göstərmişdir. Millətin əxlaqı– millətçilikdir. Bu zaman insani baxımdan millətə hər şeyə icazə verilir, hətta cinayətə də. Bu əxlaqdan fərqli olaraq Berdyayev şəxsiyyətin əxlaqını– personalizm müdafiə etmişdir.

XX əsrdə rus fəlsəfi fikrində bunlardan əlavə xeyli filosofun adını çəkmək olar. Rus kosmizmin ən böyük nümayəndəsi V.İ.Ver­nadski (1863– 1945) olmuşdur. Müxtəlif elm sahələrində tanınmış alim V.İ.Vernadski fəlsəfi sahəsində də öz sözünü deyə bilmişdir. Onun biosfer və noosfer haqqında təlimi bu qəbildəndir.

11. XIX- XX ƏSR AZƏRBAYJANDA

İJTİMAİ- FƏLSƏFİ FİKRİN İNKİŞAFI
a) XIX– XX əsrin birinci yarısı Azərbaycan tarixində yeni mərhələ. XIX– XX əsrin Azərbaycan filosofları;

b) Abbasqulu Ağa Bakıxanov və Mirzə Kazım bəy;

c) Mirzə Fətəli Axundov;

ç) Həsənbəy Zərdabi;

d) Nəriman Nərimanov;

e) M.Ə.Rəsulzadə;

ə) XX əsrin Azərbaycan filosofları haqqında.
a) XIX-XX əsrin birinji yarısı

Azərbayjan tarixində yeni mərhələ.

XIX-XX əsrin Azərbayjan filosofları
XIX– XX əsrin birinci yarısında Rus imperiyasının işğalçılıq siyasəti daha da gücləndi. Rusiya Qafqazı, onun ardınca Zaqafqaziyanı işğal etməyə başladı. Azərbaycan xalqı işğalçılara qarşı ölüm– dirim mübarizəsinə başladı. Nəticədə Rus imperiyası Azərbay­canı qan gölündə boğdu: Gəncə xanlığının alınmasında bu, özünü daha bariz şəkildə göstərdi. 1918– ci il Gülüstan və 1828– ci il Türkmənçay sülh müqavilələrinə görə Azərbaycan iki hissəyə parçalandı. Araz çayı sərhəd olmaqla Şimali Azərbaycan Rusiyanın tər­kibinə qatıldı. cənubi Azərbaycan isə İrana verildi. Beləliklə, Azərbaycan iki hissəyə parçalandı. Həmin vaxtdan başlayaraq Şimali və cənubi Azərbaycanın iqtisadi, siyasi, elmi və mədəni həyat yolları ayrıldı.

Azərbaycan Rusiya tərəfindən işğalı ilə feodal pərakəndəliyinə son qoyuldu, ara müharibələri aradan qaldırıldı. Lakin amansız müstəmləkəçilik siyasəti ilə yanaşı, çarizm yerli əhalinin müəyyən hissəsinə təhsil verməyə məcbur idi. Əks təqdirdə, o, özü üçün məmur­lar hazırlamadan siyasətini həyata keçirə bilməzdi. Bununla Azərbaycan xalqının müəyyən hissəsinin rus mədəniyyətinə və onun vasitəsilə yeni Avropa sivilizasiyasına yol açması üçün böyük iş görüldü.

Yeni məktəblər açıldı. İmkanlı adamların uşaqları həmin mək­təblərdə oxumağa başladılar. Məktəblər şəbəkəsi XIX əsrin II ya­rısında daha da genişləndirildi. Bakıda, Şuşada və başqa mərkəz­lərdə yeni–yeni məktəblər açılması müsbət hadisə idi. Yeni tipli mək­­təblər Azərbaycanın mədəni inkişafında, elm, ədəbiyyat və incəsənətin yüksəlişində böyük rol oynamışdır. Bu irəliləyiş sənətin müx­tlif sahələrində özünü göstərirdi. Azərbaycanın istedadlı adamları çar idarələrində işə girir və imkanları daxilində xalqına fayda verməyə çalışırdı. XIX əsrdə zəif də olsa Azərbaycan elmi inkişaf edirdi. İmperiyanın Azərbaycanın təbii sərvətlərini– Gədəbəyin misini, Daşkəsənin dəmir və kobaltını, Mehmanın polimetalını, Zəyli­yin alunit yataqlarını istismarı, xüsusilə Bakı neftinin çıxarılması ge­o­loji və kimyəvi elmlərin öyrənilməsini zəruri edirdi. Rus alimləri və onların Azərbaycanlı tələbələri bu sahədə böyük uğurlar qazandılar.

Ümumiyyətlə, XIX əsrin II yarısından başlayaraq imperiyanın mərkəzi şəhərlərində xeyli azərbaycanlı təhsil almağa başladı. Bir sıra Azərbaycan alimi isə həmin şəhərlərin universitetlərinin tanınmış müəllimləri olmuşdular.

XIX əsrin II yarısında əgər cənubi Azərbaycanda bir sıra dini, ideoloji cərəyanlar (babilər və s.) canlanırdısa, Şimali Azərbay­canda maarifçilik yeni ideoloji cərəyan kimi yaranıb inkişaf edirdi.

Məlum olduğu kimi, maarifçilik feodalizm əleyhinə ilk dəfə Qərbi Avropa ölkələrində və sonra Rusiyada, nəhayət Şərq ölkələrində meydana çıxmışdır. O, Şərqdə Qərb mütəfəkkirlərinin ideyalarının təsiri altında yaranıb formalaşmış və inkişaf etmişdir. Maarifçilik xurafat və cəhalətlə mübarizədə misilsiz bir rol oynamışdır. Bunu biz ayrı– ayrı Azərbaycan mütəfəkkirlərinin timsalında aydın görə bilərik.


b) Abbasqulu Ağa Bakıxanov və

Mirzə Kazım bəy


Abbasqulu Ağa Bakıxanov Qüdsi (1794– 1847) Bakı xanı II Mirzə Məhəmmədin oğludur. Şərq dillərini, rus dilini, ədəbiyyat, ilahiyyat, tarix və fəlsəfəni mükəmməl öyrənməyə çalışmışdır. Abbasqulu Ağa Bakıxanov 1812– ci ildə baş komandanın dəftərxanasına Şərq dilləri üzrə mütərcim təyin olunmuş, hərbi xidmətdə polkovnik rütbəsinə qədər yüksəlmişdir.

Onun çoxcəhətli bədii və elmi yaradıcılığa malik olması məlumdur. Özü aşağıdakı əsərləri barəsində məlumat vermişdir: «Qüdsün bağları», türk (Azərbaycan) dilində olub, on dörd fəsildən ibarətdir. Əsərdə imamın on dörd müqəddəsinin həyatı təvir olunur, imam Hüseyn müsibəti göstərilir. «Qısa qrammatika» («Qanuni– Qüdsi») fars dilində danışmaq və yazmaq üçün vəsaitdir. «Qəribəliklərin kəşfi» Yeni dünyanın– Amerikanın kəşfini və vəziyyətini farsca iki məqalədə verir. «Əxlaqın islahı» («Təhzib əl– əxlaq») əxlaqi fəlsəfənin asiman kitabların bəyanına və islam, yunan, firəng hükkəmmasının təyininə görə, bir müqəddimə, on iki fəsil və bir xatimədə izah edir. «Tərəzinin mahiyyəti» əsəri müqəddimə, iki fəsil və bir xatimədən ibarət olub, məntiq elmini təşkil edən ləfzin təqsimatından, kəlmənin dəlalət yollarından, təsəvvür və təsdiqin başlanğıc və məqsədlərindən bəhs edir, disput qaydalarını göstərir. «Kainatın sirləri» heyət elminə dair olub, əski qaydaları yeni üsula və qanunlara tətbiq, əqli dəlilləri nəqli rəvayətlərlə təsdiq edərək, yer kürəsinin və s. cisimlərin imkan sahəsində hallarını, vəziyyətlərini və onlarını intizamına səbəb olan qanunları söyləməklə bərabər təhqiq edir. Sonra «coğrafiya kitabı» və «Gülüstani– İrəm» haqqında məlumat verir, «coğrafiya kitabı»nda dünyanın riyazi, təbii və siyasi hallarından, səma və cisimlərin vəziyyətlərindən, ünsürlərin xassələrindən, qatışıqların (mineral, bitki və heyvanların) məhsulatından, iqlimlərin hüdudunu təyin etmək və yer kürəsi əhalisinin siniflərini müəyyənləşdirməkdən və hər bir ölkənin yaşayış tərzindən bəhs olunur.

Abbasqulu Ağa Bakıxanovun dünyagörüşü islam dininə uy­ğunlaşdırılmış şəkildə klassik fəlsəfəyə əsaslanır. O, fəlsəfənin təd­qiqat obyektini «Əxlaqın islahı» kitabında belə izah edirdi: «Hik­mətin (fəlsəfənin) məqsədi göy cisimlərini və onların hərəkət xətlərini müəyyən etmək deyil, bəlkə maarifi, təhsil və məsrəfləri təhqiq etməkdir». «Kainatın sirləri» traktatında maddi aləmin quruluşu, göylər, planetlər, ulduzlar, kainatda qanunauyğunluqlar baş verən dəyişikliklər haqqında söhbət açır.

Bütün elmlər sahəsində ensiklopedik biliyə malik olan A.Ba­kı­xanov peripatetik və panteist fəlsəfədə araşdırılan ən ümumi prinsiplərini islam ehkamlarının şərhi kimi təqdim etmişdir. O, varlığın vacib və mümkün cisimlərə bölündüyünün, vahiddən yalnız vahid çıxdığının çoxun təkdən törəndiyinin əqli təhqiqat və nəqli əsərlərdən anlaşıldığını yazmışdır. Sufi mövqelərindən çıxış edən mütəfəkkir yazırdı: «İlk başlanğıcın səbəbi məhəbbət olmuşdur, qayıdışa da səbəb o olacaqdır. Beləliklə, bütün sadə və mürəkkəb varlıqlarda həqiqi bağlılıq eşqdir.

Böyük alimin məntiqə aid orijinal fikirləri olmuşdur. «Tərəzinin mahiyyəti» adlı traktatında məntiq problemlərini özünəməxsus ustalıqla şərh etmişdir. Klassik fəlsəfə və əxlaq təlimləri ilə yaxından tanış olan Abbasqulu Ağa Bakıxanov özünün ontoloji və qnoseoloji mühakimələrini etik– əxlaqi fikirlərlə tamamlamışdır. Bu baxımdan onun «Nəsihətlər» kitabı misilsiz əhəmiyyətə malikdir.

XIX əsr Azərbaycan elminin ən böyük nümayəndələrindən biri Mirzə Kazım bəydir. Mirzə Məhəmməd Əli Hacı Qasım oğlu (1802– 1870) Azərbaycan şərqşünası, maarifçi, rus şərqşünaslıq elminin banilərindən biri hesab olunur. Rusiya şəhərlərinin təhsil ocaqlarında işləmişdir. Mirzə Kazım bəy müsəlman hüququnun Rusiyada ilk tədqiqatçısı, Azərbaycan dilinin ilk elmi qarmmatikasının yaradıcısı, İranda babilər hərəkatının, Dağıstanda Şamil hərəkatının ilk tədqiqatçılarından biri olmuşdur. L.N.Tolstoy və N.Q.Çernışevskiyə Şərq dillərini öyrətmiş, N.İ.Lobaçevski ilə dost olmuş, ərəb əlifbasının dəyişdirilməsi məsələsində M.F.Axundovla həmfikir olmuşdur. Ərəb, fars və Azərbaycan xalqlarının qədim və orta əsrlər tarixinə həsr olunmuş əsərləri Rusiyada tarix elminin inkişafında mühüm rol oynamışdır. Mirzə Kazım bəyin dünyagörüşü Azərbaycan mühiti, qabaqcıl Rus ictimai– siyasi fikri, antik dövr və alman klassik fəlsəfəsinin təsiri altında formalaşmışdır. Onun «Müridizm və Şamil», «Bab və babilər», «Firdovsi əsərlərində fars mifologiyası» əsərlərində maraqlı fikirlər çoxdur, «Müridizm və Şamil» kimi tarixi əsərində Mirzə Kazım bəy faktik materialı xronoloji ardıcıllıqla verə bilmişdir. O, dağlıların hərəkatı olan Şamil hərəkatının siyasi xarakteri haqqında dəyərli mülahizələrini söyləmişdir. Lakin o, dağlıların hərəkatını qiymətləndirərkən idealist mövqedə durmuşdur. O, burada ruhaniliyin rolunu həddindən artıq şişirtmiş, xalq kütlələrinin mənafeyinə ikinci dərəcəli yer vermişdir.

Mirzə Kazım bəyin ən iri əsərlərindən biri də «Bab və babilər»dir. Bu əsərində mütəfəkkir 1844– 1852– ci illərdə İrandakı dini– siyasi hərəkatın mahiyyətini açmağa çalışmışdır. Öz dövrünün rəsmi doktrinası ilə razılaşmayan M.Kazım bəy həmin hərəkatı təkcə eres kimi deyil, həm də siyasi hərəkat kimi, xalqın hakimiyyətə qarşı hərəkatı kimi vermişdir. Babın dini islahatlar vasitəsilə tərəqqiyə nail olmaq meylinin şərhi də bu qəbildəndir.

M.Kazım bəy 1848– ci ilədə yazdığı «Firdovsi əsərlərində fars mifologiyası» əsərində göstərirdi ki, əfsanə və rəvayətlər xalqların tarixində mühüm yer tutur. İndiyə qədər insan həyatının çox qaranlıq və sirli dövrlərinin izahında tarix bunlardan az istifadə etməmişdir. Yazılı ədəbiyyat da bu tükənməz mənəvi sərvətdən qiymətli material əxz etmişdir. Böyük azərbaycan mütəfəkkiri Mirzə Kazım bəy yazırdı: «Əfsanəsi olmayan ölkə yoxdur. Köçərilərdə bu, nəsildən– nəsilə şifahi şəkildə keçir.

Yarımmədəni xalqlarda bu nümunələr onların etiqadlarının əsasını, yazılı ədəbiyyatın, tarixin əsas məzmununu təşkil edir. Mədəni xalqlarda isə müqəddəs bir şey kimi, onların təxəyyülü üçün zəngin qida mənbəyinə çevrilir».

Mirzə Kazım bəy mifologiya, müxtəlif xalqlarda onun mənşəyi, xüsusiyyətləri və s. məsələləri dərin elmi dəlillərlə şərh etmişdir. Miflərin dərin tədqiqi sayəsində o, belə bir qənaətə gəlmişdir ki, miflərin real əsası vardır. Mif real, təbii və ictimai hadisələrin insan təxəyyülündə əksindən başqa bir şey deyildir.

Mirzə Kazım bəy Şərq, xüsusilə fars mifologiyası haqqında adı çəkilən əsərində daha ətraflı danışır. O, Şərq mifologiyasını iki hissəyə bölür: allahlar və ruhlar haqqında olan miflər və xalis mifoloji qüvvələr. Görkəmli tədqiqatçıya görə, xalq keçmişini, qəhrəmanlığını öz yaradıcılığında idealizə etmək üçün Pəhlivan, Qəhrəman, Bahadır, Mələk, ruh və s. uydurmuşdur. Fars mifologiyasından danışanda o, allahlar haqqında olan əfsanələrdən söhbət açır. Hörmüz, Əhrimən, Firiştə, Div, Simurğ və s. danışır. Firdovsi və Homer qəhrəmanlarının səciyyəsinə də Mirzə Kazım bəy diqqət yetirmişdir.

Ümumiyyətlə, XIX əsr dünya ictimai– bədii və elmi fikrində Mirzə Kazım bəyin özünəməxsus yeri vardır. Təsadüfi deyildir ki, bu böyük alim dünyanın ən qabaqcıl akademiya və digər elmi idarələrinin həqiqi və yaxud da fəxri üzvü olmuşdur.


j) Mirzə Fətəli Axundov
Mirzə Məhəmməd Tağı oğlu Mirzə Fətəli Axundov (1812– 1878) görkəmli ədib, alim və filosof kimi Azərbaycan mədəniyyəti tarixinə daxil olmuşdur. Zaqafqaziyadakı dövlət idarələrində çalışan M.F.Axundov polkovnik rütbəsinə qədər yüksəlmişdir. Ərəb, fars, fransız dillərini mükəmməl bilmişdir. Azərbaycan dramaturgiyasının banisi olan M.F.Axundov Səbuhi təxəllüsü ilə şerlər, «Puşkinin ölümünə Şərq poemasını» yazmışdır. Bəşəriyyətin elm, fəlsəfə və mədəniyyət tarixini tam halında nəzərdən keçirən M.F.Axundov Qədim Şərq, Yunanıstan və müsəlman Şərqinə aid mərhələləri fərq­ləndirmiş, onların arasındakı bağlılığı, varislik əlaqələrini görmüş­dür. Böyük alim yazırdı ki, ərəblər elmlərin rüşeymləri ilə ilk dəfə Aristotel, Hippokrat, Qalen, Platon və başqalarının əsərləri vasitə­silə tanış olmuşdur. Qədim yunanlar da öz növbəsində qədim misirlilərdən, hindlilərdən, iranlılardan və finikiyalılardan çox şey əxz etmişlər. M.F.Axundov «Həkimi– ingilis Yuma cavab», «Yek kəlmənin tənqidi» məktubları, «Babilik əqidələri», «Mollayi Ruminin və onun təsnifinin babında» və s. əsərlərində fəlsəfənin bu və ya digər məsələləri haqqında özünün orijinal fikirlərini söyləmişdir.

Ümumiyyətlə, M.F.Axundovun fəlsəfi dünyagörüşünün formalaşmasına qədim və orta əsr Şərq fəlsəfəsi ilə yanaşı, Qərbi Avropa filosoflarının da xüsusilə Spinoza, Holbax və Feyerbaxın, XVII əsr fransız maarifçiləri və XIX əsr rus inqilabçı– demokratlarının təsiri böyük olmuşdur. Sxolastika və mistikanın hökm sürdüyü Şərq mühitindən çıxmasına baxmayaraq, M.F.Axundov bir materialist kimi formalaşa bilmişdir. Böyük alim varlığın xüsusi qanunauyğunluqlar əsasında inkişaf etdiyini söyləyərək dünyanın Allah tərəfindən, heçdən yaranması fikrini qəbul etməmişdir. Varlıq təkdir, yaradan da, yaranan da odur, o, özü– özünün səbəbidir. «Bu kainat bir vahid, qadir və kamil vücuddur, əvvəli də budur, axırı da budur. Nə ondan qabaq başlanğıc olmuşdur, nə də ondan nəhayət olacaqdır. Zaman onun tələblərindən, məkan isə keyfiyyətlərindən sayılır». Sırf ateist mövqelərindən çıxış edən M.F.Axundov dinin axirət və ruhun ölməzliyi haqqındakı ehkamlarını qəbul etmirdi. M.F.Axundov Azərbaycan fəlsəfəsinin peripatetiklik, işraqilik, panteizm ənənələrinə əsaslanaraq onlardakı istedadlı və dini– mistik cəhətləri atır, materialist prinsipləri isə qəbul edirdi. O, kainatın maddiliyini və yaradılmazlığını, maddənin və cismin məkan və zaman daxilində mövcudluğunu təsdiq edirdi. «Aldanmış kəvakib» əsərində ədalətli şah ideyasını təbliğ edən M.F.Axundov sonralar fəal mübarizə yolu ideyasını müdafiə etmişdir. Ümumiyyətlə, M.F.Axundov Azərbaycan ictimai– siyasi, bədii fəlsəfi fikrində mühüm yer tutan görkəmli alimdir.

ç) Həsənbəy Zərdabi
Həsən bəy Səlimbəy oğlu Məlikov Zərdabi XIX əsrin II yarısı və XX əsrin əvvəllərində Azərbaycanın ictimai– siyasi, təbii– elmi və fəlsəfi fikrində özünəməxsus yeri olan şəxsiyyətlərdən biridir. Tiflis qəza gimnaziyasını və Moskva universitetinin fizika– riyaziyyat fa­kültəsinin təbiyyət şöbəsini bitirmişdir. Dünyagörüşündə təbii– elmi və materialist məzmun üstünlük təşkil etmişdir. Həsən bəy Zərdabi Azərbaycanda elmi– materialist təbiətşünaslığın əsasını qoymuş, Darvinizmin ən güclü təbliğatçılarından biri olmuşdur. O, Darvin təliminin prinsiplərini qəbul edərək üzvi aləmin, heyvan və insanın meydana gəlməsinin təbii– elmi qanunauyğunluqlarını düzgün başa düşmüşdür. Bu böyük alimin dünyagörüşünün formalaşmasında Şərq, Rus və Avropa mütəfəkkirlərinin böyük rolu olmuşdur.

Azərbaycan mədəniyyəti, xüsusilə mətbuatının inkişafında H.B.Zərdabinin misilsiz rolu olmuşdur. Onun 1875– ci ildə «Əkinçi» qəzetini nəşr etdirməsi dediklərimizin sübutu ola bilər. Özünün materialist əqidəsinə uyğun olaraq O, xalq arasında təbii– elmi, bio­loji, tibbi, kənd təsərrüfatı və s. sahələrə dair bilikləri təbliğ etmiş­dir. «Torpaq, su və hava», «Barama qurdunun saxlanması», «Bə­də­ni səlamət saxlamaq düsturüləməlidir» və s. əsərlərində Həsən bəy Zərdabi özünün elmi– materialist baxışlarını əks etdirmişdir. Maarifçi– materialist kimi tanınan H.B.Zərdabi dünyanın allah tərəfindən yaradılması və axirət haqqında dini təlimi qəbul etməmişdir. Təbiətin dialektik izahına üstünlük verən alim hərəkət, məkan zaman və kainatın dərk edilməsi haqqında da maraqlı fikirlər söyləmişdir.

cəmiyyətə baxışlarında H.B.Zərdabi ziddiyyətli mövqeyi ilə seçilir. O, kəndli ideoloqu olmuşdur. H.B.Zərdabi cəmiyyətdəki sosial ədalətsizlikləri, zülmü və s. haqsızlıqları tənqid etsə də, ictimai dəyişikliklər, inqilabi hərəkatlar haqqında maraqlı fikirlər söyləsə də, bütövlükdə cəmiyyətə baxışlarında idealist mövqedə durmuşdur. O, inqilabi dəyişikliklərsiz maarifin, elmin yayılması yolu ilə yeni cəmiyyətin qurulmasını mümkün hesab etmişdir. Təsadüfi deyildir ki, O, təbliğat yoluna daha yüksək qiymət vermişdir. Zəngin təbii– elmi və fəlsəfi irsi olan H.B.Zərdabi, baxışlarındakı ziddiyyətlərə baxmayaraq, Azərbaycan ictimai– fəlsəfi fikrində inkaredilməz xidməti olan alim kimi yer tutur.
d) Nəriman Nərimanov
Tanınmış ictimai və dövlət xadimi, mütəfəkkir yazıçı, inqilabçı, publisist, həkim və filosof N. Nərimanov Azərbaycan xalqının ən görkəmli övladlarından biridir. «Nadanlıq», «Nadir şah», «Şamdan bəy», «Bahadır və Sona», «Pir» və s. bədii əsərləri, saysız– hesabsız publisist yazıları ilə tanıdığımız N.Nərimanov bir sıra fəlsəfi məqalələrin müəllifi kimi də məşhurdur. Maarifçi, inqilabçı– demokrat fik­irli yazıçı olan N.Nərimanov əqidəsinə görə, xalqın azadlığını, sosial– siyasi və iqtisadi tərəqqisini arzu edən bir şəxsiyyət olmuşdur.

Bir inqilabçı kimi, xalqın sosial– siyasi, iqisadi və mənəvi azadlığı uğrunda mübarizə aparan N.Nərimanov ətaləti, nadanlığı, avamlığı kəskin tənqid atəşinə tutmuşdur. Azərbaycan ictimai– siyasi fikrinin tanınmış nümayəndələrindən biri olan Nəriman Nərimanov monarxiyanın düşməni, demokratik parlamentli respublikanın tərəfdarı olmuşdur. Erməni– daşnak rəhbərlərinin iç üzünü görmüş, onlara milli münasibətlərə dair əsərləri bu sahədə görkəmli nəzəriyyəçi olduğunu sübut edir.

Təbiətşüaslıq sahəsində dərin biliyə malik olması, bir həkim kimi praktik fəaliyyəti onun dünyagörüşünə də böyük təsir göstərmişdir. Nəticədə O, dialektik materialist filosof kimi formalaşmışdır. Onun fikrincə, təbiətdə hər şey dəyişildiyi kimi, insanın şüuru, fikri, biliyi də dəyişir. Lakin bu dəyişmə xarici qüvvənin təsiri ilə deyil, öz obyektiv daxili qanunauyğunluğunun nəticəsi kimi meydana çıxır. Ruh insan beyninin fəaliyyətinin nəticəsidir. Ruh beş hiss üzüvünün vasitəsilə alınanların məcmusudur.

O, dialektikanın qanunlarını düzgün başa düşmüşdür. Onun fəlsəfi irsi az öyrənilmişdir. Görünür, N.Nərimanova münasibətdə tendensiyalı baxışlardan əl çəkilməli, onun həqiqi qiyməti verilməlidir. Təbiətşünas alim, həkim, siyasi xadim, yazıçı və filosof N. Nərimanov Azərbaycan ictimai və bədii fikrində özünə məxsus yeri olan bir şəxsiyyətdir.


e) M.Ə.Rəsulzadə
M.Ə.Rəsulzadə Azərbaycan Demokratik Respublikasının yaradıcılarından biri, görkəmli ictimai– siyasi və dövlət xadimi, istedadlı ədib, alim, naşir, filosof və publisist olmuşdur. Qırmızı istila, millətin verdiyi saysız qurbanlar M.Ə.Rəsulzadənin inamını qıra bilməmiş, mühacir olaraq müxtəlif ölkələrdə azad Azərbaycan uğrunda mübarizəsini aparmış, Azərbaycan varlığını və dərdini dünya ictimaiyyətinə çatdırmışdır. Azərbaycan milli qurtuluş hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadə özünün həyat və fəaliyyəti, Azərbaycan istiqlal savaşına bağlılığı və milli dövlətçiliyimizə xidməti ilə XX əsrin tanınmış siyasətçiləri və dövlət adamları arasında müstəsna yer tutur. Tarixi şəxsiyyətlərimizdən M.Ə.Rəsulzadənin, Ə.Topçu­başovun, F.Xoylunun, N.Yusifbəylinin və başqalarının irsinin, dövlətçilik təcrübəsinin öyrənilməsi yeni cəmiyyət quruculuğu problemlərinin həllində mühüm rol oynaya bilir. M.Ə.Rəsul­zadənin şəxsiyyət kimi böyüklüyünü onun yaxın dostu, bir zamanlar İran parlamentinin sədri olmuş Seyid Həsən Tağızadə belə ifadə etmişdir: «Rəsulzadə bütün ömrü boyunca Şərq dünyasında rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə insanlardan biri idi. Məhəmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbli, doğru sözlü, mətanətli, tam mənası ilə dürüst, fikir və yoluna dərin bir inam bəsləyən, fədakar, mücahid və örnək bir insandı».

«Musavat» partiyasının yaradıcısı M.Ə.Rəsulzadə milli siyasətdə dostluq və qardaşlıq münasibətlərinə əsaslanırdı. 1918– ci il dekabrın 7– də M.Ə.Rəsulzadə Azərbaycan parlamentindəki çıxışında deyirdi: «... bu Qafqaz millətləri ruhunda, hər zaman hürriyyət və istiqlal fikri hakim olmuşdur. Hürriyyət fikrinin rəmzi olan Prometey Qafqaz dağlarında zəncirbənd edilmişdir. O, daim zəncirlərini qırmaq təşəbbüsündə idi. Prometeyin ruhu Qafqazın bütün millətlərində vardır. Qafqaz millətlərinin istiqlalı və bərabərlikdə müstəqil yaşamaları bir xəyal deyildir».

Azərbaycanda elmin, təhsilin inkişafında ADR və onun öndərlərindən biri olan M.Ə.Rəsulzadənin misilsiz rolu olmuşdur. Onun «Əsrimizin Səyavuşu», «Azərbaycan cümhüriyyəti» və s. əsərləri xalqımızın zəngin mənəvi, siyasi və fəlsəfi dünyasının öyrənilməsində qiymətli mənbələr sırasına daxildir.

ə) XX əsrin Azərbayjan filosofları haqqında


XX əsr Azərbaycan fəlsəfəsi əvvəlcə rus imperiyasının, sonra isə Sovet İttifaqının tərkibində inkişaf etmişdir. Bu dövr fəlsəfəsini müstəqil fəlsəfə kimi səciyyələndirmək qeyri– mümkündür. Doğrudur, ayrı– ayrı filosoflar, eləcə də iki ilə yaxın hakimiyyətdə olan Azərbaycan cumhurriyyəti dövründə müstəqil düşünən alimlər, siyasi xadimlər tarix səhnəsində ötəri olsa belə görünsələr də, repressiyalar onları susdurdu. Bütün bunlara baxmayaraq bir sıra Azərbaycan filosofu Azərbaycan fəlsəfi fikrinə dair maraqlı fikirlər söyləmiş, qiymətli əsərlər yazmışlar, Şübhəsiz, XX əsr Azərbaycan fəlsəfəsi və filosofları haqqında gələcəkdə fundamental əsərlər yazılacaq. Biz burada bir neçə görkəmli filosof barəsində qısa məlumat verməyi özümüzə borc bilirik.
1   ...   4   5   6   7   8   9   10   11   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə