1. QƏDİm babiLİstan və MİSİRDƏ FƏLSƏFƏNİn meydana gəLMƏSİ




Yüklə 0.85 Mb.
səhifə11/12
tarix22.02.2016
ölçüsü0.85 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   12

Pozitivizmin ikinci tarixi mərhələsi (yaxud forması) maxizm və empiriokritisizmlə (E.Max, R.Avenarius) təmsil olunmuşdur. Deməli, neopozitivizm pozitivizmin inkişafında üçüncü mərhələni (və yaxud formanı) ifadə edir və müxtəlif variantlarda: məntiqi pozitivizm, linqivistik təhlil fəlsəfəsi və yaxud linqivistik fəlsəfə kimi təqdim olunur. Maraqlıdır ki, neopozitivizmin tarixi nitqin müxtəlif təhlil üsullarının bir– birini əvəz etməsi tarixidir. Bu üsullar məntiqdən semantikaya, ondan da linqivistik təhlilə doğru gedir. Məlum olduğu kimi, neopozitivistləri maksimum proqram, başqa sözlə desək, süni formalaşdırılmış nitqin əsasında mütləq formalaşdırılmış biliyə nail olmaq cəhdi birləşdirir. Bu zaman onlar elmin metodoloji problemləri üzərində inhisarçı hüququnu iddia edirlər ki, bu da öz növbəsində, idrakın bəzi cəhətlərini mütləqləşdirməyə aparıb çıxarır. Lakin neopozitivistlər idrakı bütöv hadisə kimi ona daxilən xas olan ziddiyyətləri, çətinlikləri, nitqin formalaşdırılması gedişində yaranan digər problemləri ilə birlikdə əhatə etmək qüdrətinə malik deyillər. Ancaq neopozitivizmin uğurları da qeyd edilməlidir. Bunlar böyük metodoloji yükə malik olan biliyin xüsusi sahələrinin işlənib hazırlanması, xüsusilə riyazi məntiq, semiotika, informasiyanın semantik nəzəriyyəsi və s.– dir. Bununla yanaşı, qeyd etmək lazıdır ki, onların idrakı tədqiqatların xüsusi metodlarına ümumi, universal fəlsəfi metodologiya xassəsi vermək cəhdi müvəffəqiyyət qazandırmamışdır. Onların məqsədi təsirli metodologiya yaratmaq və bu zaman oradan fəlsəfi mənada materiya anlayışını çıxarmaq cəhdi də mühüm xüsusiyyətlər sırasına daxildir. Buraya fəlsəfədən reallıq, elmin anlayışlarının təbiəti haqqında «metafizika» məsələlərini çıxarmaq çağırışlarını da aid edə bilərik. Nəticədə neopozitivist terminlər sırf subyektivist çalarlar əldə edir. Onlar hər hansı hadisə haqqında həqiqi bilik almaq imkanını rədd edirlər.

Neopozitivistərə görə, fəlsəfənin əsas məsələsi elm dilinin məntiqi təhlilindən ibarətdir. Bu təhlilin vasitəsi kimi onlar riyazi məntiq və aksiomatik metoddan istifadə etməyi təklif edirlər. Elmə münasibətdə fəlsəfə bu və ya digər konkret elmi nəzəriyyələri təhlil etmək deyil, nəzəriyyə dilinin (hazır biliyin məcmusunu) məntiqi təhlilini yerinə yetirməlidir. Məlum olduğu kimi, hər bir elmi nəzəriyyə qeyri– mükəmməl konstruksiya olduğundan onu müvafiq hipotetik– deduktiv modellə əvəz etmək lazıdır. Bu nöqteyi– nəzər digər ifratçılığa, elmi nəzəriyyənin aksiomatlaşdırılması metodunun mütləqləşdirilməsinə aparıb çıxarır.

Məntiqi neopozitivizmin əsasları Vyana dərnəyində XX əsrin 30– cu illərində işlənib hazırlanmışdır. Bu dərnəyə tanınmış alim və filosoflar M.Şlik (1882– 1936), K.Gedel (1906), A.D.Ayer (1910), K.Karnap (1891) və başqaları daxil idi.

Linqivistik təhlil fəlsəfəsinin formalaşmasına Lüdviq Vitgenşteynin (1889–1951) yaradıcılığı mühüm təsir göstərmişdir. Bu bö­yük məntiqçi və filosof bir sıra problemlərə toxunsa da, ən çox nit­qin məntiqi məsələləri ilə məşğul olmuşdur. Linqivistik fəlsəfənin məq­sədi kəşf deyil, aydınlaşdırma, həqiqət deyil, əhəmiyyətdir. L.Vit­genşteynin sözləri ilə desək, «fələfə hər şeyi olduğu kimi saxlayır».

Neopozitivizm idrak prosesində yaranan bir çox çətinlikləri aşkara çıxartdı və müəyyən tarixi mərhələlərdə onların həll edilməsinə kömək etdi. Lakin elm daim inkişafdadır və yeni– yeni metodoloji problemlər doğurmağa qadirdir.
d) Elm fəlsəfəsi
Təbiətşünaslıq elmləri nəticələrinin, birinci növbədə fizika və riyaziyyat elmləri nəticələrinin başa düşülməsinə təlabat, həmin elmlərin strukturunun və onların metodologiyasının izah edilməsi zərurəti fəlsəfənin müstəqil hissələrini təşkil edən çoxsaylı fəlsəfəsi konsepsiyaların yaranmasına gətirib çıxartdı. Buraya «riyaziyyatın fəlsəfəsi», «fizikanın fəlsəfəsi», «biologiyanın fəlsəfəsi» və s. daxil edilmişdir. Sovet fəlsəfəsində fəal surətdə təbiətşünaslığın fəlsəfi məsələləri işlənirdi. Ellin fəlsəfəsinin meydana gəlməsinin əsas səbəblərindən biri neopozitivist elm konsepsiyasının tənqidi təhlilinə olan zərurətlə əlaqədardır.

Tanınmış fizik M.Born yazmışdı: «Fizikanın adi danışıqda ifadə oluna bilən ümumiləşdirici fəlsəfəyə ehtiyacı vardır». Dünyanın məşhur təbiətşünaslarından olan H.Bor, M.Plank, V.Heyzen­berq və başqaları fəlsəfəyə xüsusi diqqət yetirmişlər. Məsələn, H.Bor qatı pozitivist nöqteyi– nəzəri tənqid edirdi. Həmin pozitivist baxışa görə, yeganə reallıq duyğulardır, yerdə qalanlar isə bizim əqlimizin konstruksiyalarıdır. Elmin sürətli inkişafı, onun metodlarının təkamülü elə problemlər irəli sürdü ki, fəlsəfə cəlb edilməzsə onların həlli qeyri– mümkündür. Bu problemlər hansılardır? Elmin predmetinin dəqiqləşdirilməsi, biliyin həqiqiliyini, determinizm və səbəbiyyət, eksperiment, müşahidə və s. bütün bunlarla yanaşı maddi dünyanın strukturunun dərk edilməsinin metodoloji aspekt­ləri də həmin problemlərdəndir. Elm fəlsəfəsinin görkəmli nümayən­dələrindən biri, ingilis filosofu Karl Popper hələ vaxtı ilə Vyana dərnəyinin fəal iştirakçısı olmuşdur. Fəlsəfi baxışlarına görə, mən­tiqi pozitivizmin nümayəndəsi olan K.Popper eyni zamanda həmin fəlsəfənin bir sıra müddəlarına tənqidi münasibət bəsləmişdir. Bu tənqiddə başlıca cəhət pozitivizmin naturalizmə və apriorizmə bö­yük yer verilməsi ilə əlaqədardır. Özünün «Məntiq və elmi biliklərin yüksəlişi» əsərində Karl Popper mərkəzi fəlsəfi problem kimi elmlə yalançı elm arasında demarkasiya kriteriya axtarışı vəzifəsini irəli sürmüşdür. O, elmiliyə iddia edən hər cür biliyi təkzib etməyi tələb edərək, hər cür biliyi təhrif etmək prinsipinin tətbiqinin tərəfdarı kimi çıxış etmişdir. Onun fikrincə, elmi tədqiqatların məntiqi hər cür subyektiv psixoloji təsirdən azaddır. Elə Popperin Vitgenşteynin və Rasselin məntiqi empirizmindən fərləndirici cəhəti bununla əla­qədardır. Beləliklə, Popperin elm fəlsəfəsi antipsixologizmi və riyazi məntiqi aparata əsaslanır. Elmi metod nəzəriyyəsi empirik nəzəriyyə ola bilməz, öz spesifikası ilə bu fəlsəfi, epistemoloji nəzəriyyə olma­lıdır. Bununla yanaşı, fəlsəfə faktiki olaraq elmi idrakın məntiqi nəzəriyyəsinə aid edilir.

Elm fəlsəfəsinin digər görkəmli nümayəndəsi Amerika filo­sofu T.Kun hesab olunur. Onun «Elmi inqilabların strukturı» əsəri çox məşhurdur. Burada o, elm problemlərinin təhlilinə mühüm yer vermiş, elmin inkişafının qanunauyğunluqlarını araşdırıb təhlil etməyə çalışmışdır. Elmə dair özünün xüsusi konsepsiyasını yara­daraq onun tarixini normal və inqilabı dövrlərə bölmüşdür. İlk dəfə olaraq Kun təbiətin təhlilinə və elmi inqilabın xarakterinə geniş yer vermişdir. Onun ən çox cəlb edən XVII əsrdir. Həmin əsr ki, bu vaxt ilk elmi inqilab baş vermiş və Yeni Dövrün elmi yaranmışdır. Metodoloji təhlilin əsas məsələsi elmi biliklərin hazır strukturlarının tədqiqi deyil, elmdə mövcud olan təsəvvürlərin əvəz olunması və transformasiyası mexanizminin aydınlaşdırılmasıdır. Bu zaman paradiqma1 anlayışına daha böyük yer verilir. Kuna görə, elmin əsl nəzəriyyəsinin yaradılması bilavasitə tarixin öyrənilməsindən keçir. Elmi hissələrə bölüb, onun ünsürlərini öyrənən pozitivistlərdən fərqli olaraq O, elmi vahid bir tam (bütöv) kimi görür.

Fəlsəfənin inkişafında elm fəlsəfəsinin mühüm rolu vardır. Hazırda elm fəlsəfəsi daha da inkişaf etdirilir. Kompüterləşmə və informasiya vasitələrinin çoxalması elm fəlsəfəsinin üfüqlərini, xüsusilə imkanlarını artırmaqdadır.


e) Fəlsəfi antropologiya
XX əsrin birinci yarısında Qərb fəlsəfəsi diqqətini insana doğru çevirdi. İnsan problemi ilə bu və ya digər dərəcədə məşğul olan, həmin problemi əks etdirən çoxsaylı fəlsəfi konsepsiyalar ümumi fəlsəfəyə antropologiya adı altında birləşir. Bu terminin əsas mənası fəlsəfi fikrin insanın təbiətini və imkanlarını dərindən anlamaqla əlaqədardır. Hələ 1929– cu ildə M.Haydegger «Kant və metafizika problemləri» adlı əsərində Kantın məşhur «Mən nəyi bilərəm?», «Mən nə etməliyəm?» və «Mən nəyə güvənə bilərəm?» fikirlərinin yeni yozumunu verməyə çalışmışdır. Öz məcmusuna görə, «insan nədir» ümumiləşdirici fikrinə aparıb çıxarırdı. Əslində fəlsəfi antropologiya üçün başlıca vəzifə insan idrakının, fəaliyyətinin və etiqadının predmetinə yeni traktovka ilə yanaşmaqdır. Müasir şəraitdə vacib olan odur ki, biz necə dərk edirik, necə fəaliyyət göstərir və necə etiqad edirik?

Fəlsəfi antropologiyanın əsas zəmini E.Qusserlinin fenomenoloji fəlsəfəsi və eksiztensializmlə qoyulmuşdur. Fəlsəfi antropologiyanın tərəfdarlarının fikrincə, ənənəvi fəlsəfi obyektivizm və pozitivizm idrakın subyektiv və fəal cəhətlərinə etinasızlıq göstərir, dünyanın mahiyyəti, mənbəyi kimi, insanın özünü kifayət qədər qiymətləndirmir, onun daxili təcrübəsini tam şəkildə nəzərə almır. Buradan da fəlsəfənin spesifik predmetinin axtarılması və onun elmi tədqiqatın predmeti ilə eyniləşdirilməsinə (pozitivistlərdə olduğu kimi) yol verməmək vəzifəsi meydana çıxırdı.

Fəlsəfi antropologiya tərəfindən tədqiq olunan konsepsiyalar şərti olaraq iki qrupa bölünür. Bunlar: subyektiv– antropoloji və obyektiv– ontoloji qruplardır. Birinci qrupa, insanın və dünyanın varlığını insanın özündən, subyektiv «Mən»dən asılı edən təlimlər daxildir. Bu zaman insana avtonom bir canlı kimi, obyektiv şərait və normalardan asılı olmayan varlıq kimi baxılır. Bu konsepsiyaya görə, insan azadlığının həqiqi əsasları kimi əqli– idraki fəaliyyətin daxili səbəblərdən törəyən ruhani– mənəvi qüvvələr, təhtəlşüur– irrasional və iradi impulslar başlıca amillərdir.

İkinci qrupa, varlığın mənasını, obyektin özündən, dünyadan çıxararaq dərk edən təlimlər daxildir. Bu zaman insan kosmosun, dünya əqlinin, ilahinin, mütləq ruhun ciddi determinasiya edilmiş sistemində mövcud olan bir varlıq kimi özünü göstərir. Onun real təbiəti zəruri olaraq fatalist xarakter daşıyır. Sosial– tarixi qanunauyğunluqları yaradır. Bununla yanaşı mahiyyətcə öz– özlüyündən varlığın öyrənilməsi deyil, onun faktiki möcudluğunun qanunları deyil, varlığın özünün mənasının izahı və aydınlaşdırılması təklif olunur. Belə bir fikir irəli sürülür ki, sırf subyektivlik hər cür obyektivliyin fəaliyyət göstərən əsasıdır, insanın əsl varlığı rolunda isə onun yaradıcılıq fəaliyyəti çıxış edir. Bu fəaliyyətin çıxış məqamı insan fəallığının məzmununu müəyyən edən dünyasıdır. İnsan dünyaya özünün həqiqiliyini əldə etməyə kömək göstərən, qarşısına qoyduğu vəzifələrin həyata keçməsinə yardım edən bir vasitə kimi münasibət bəsləyir. Nəticədə insan mənəvi və s. dəyərlərin məcmusu kimi dünyanı yaradır. Çünki bunsuz onun həyatının mənası, demək olar ki, yoxdur.

Öz fikirləri, müddəaları prinsiplərinə görə fəlsəfi antropologiya cərəyanının nümayəndələri fizikalistlərə, sosiobioloqlara və strukturalistlərə bölünür. Birincilərin baxışlarının əsasını dünyanın fizika mənzərəsi, fiziki inkişaf qanunlarının dərk edilməsinə oriyentasiya təşkil edir (U.Kuayn, c.c.Smart, c.Armstronq). sosiobioloq­lar insanın davranışı haqqında təsəvvürləri bioloji qanunlarla əlaqələndirirlər (K.Lorens, Uilson, R.Qrivers, R.Aleksander). Struk­turalistlərin fikrincə, həqiqi mənada tarix yoxdur. İctimai həyat və insanın özü müvafiq bütövlüyün ancaq konkret ifadəsidi. Ona görə də insan azadlığı yoxdur. Bu azadlıq rol və funksiyalarla əvəz olunmuşdur (K. Levi– Stross, M.Fuk, J.Derrida). 70– ci illərdə fəlsəfi antropologiya problematikasının dəyişilməsi müşahidə edilir. Bu da özlüyündə insanın fəlsəfi– antropoloji izahının konkret elmi bazasının genişləndirilməsi ilə əlaqədar idi. İnsan təbiətinin təbii– elmi təhlilinin dairəsinə ruh və mədəniyyət haqqında elmlər də cəlb edilir. Daha doğrusu «yeni antropologiya» haqqında söhbət başlanır. Bu dalğanın nümayəndələri M.Şeler və Q.Plesner idi. M.Şeler «İnsanın kosmosda vəziyyəti» əsərində (1828) fəlsəfi antropologiyanın mahiyyəti haqqında əsas elm kimi təqdim edir. Bu elm insanın varlığını bütövlükdə, müxtəlif sahələri ilə birlikdə konkret elmi və praktiki cəhətdən öyrənilməsini birləşdirməlidir. Q.Plesnerin «Üzviliyin pillələri və insan» (1928) adlı böyük əsərində insanın mahiyyətinin bəzi aspektləri heyvanlar və bitkilər aləminə münasibət baxımından araşdırılmışdır.

Fəlsəfi antropoloji tədqiqatların sonrakı inkişafı və mədəniyyət sahəsindəki tədqiqatlarla zənginləşdirilmişdir. Nəticədə «mədəni antropologiya» xətti də inkişaf etməyə başlamışdır.

Fəlsəfi– dini antropologiya isə (Q.E.Xenqstenberq, F.Xam­mer) insana etiqada əsaslanan, öz həyatını allahla münasibətdən asılı olaraq təşkil edən varlıq kimi yanaşır.

Bir sözlə, XX əsrdə insan problemi ilə Qərbdə saysız– hesabsız cərəyanlar məşğul olmaq­dadır.


ə) Ekzistensializm
XIX əsrin ortalarına qədər fəlsəfədə rasionalizm ideyaları hakim olmuşdur. Lakin bu işdə xüsusilə rasional idrak sahəsindəki çətinliklər də özünü göstərmişdir. Nəticədə fəlsəfi fikrin bir sıra formalarından narazılıq özünü göstərmiş, bir növ alimlər arasında «fəlsəfi qiyam» başlanmışdır. Həmin «fəlsəfi qiyam»ın nümayəndələri sonradan ekzistensializm fəlsəfəsini yaratmışlar.

Ekzistensializmin banisi, XIX əsrin birinci yarısında yaşamış danimarkalı mistik filosof S.Kyerkeqorun (1813– 1855) təlimindən istifadə edən alman filosofu Haydeggerdir (1889– 1976).

Ekzistensialistlərin irəli sürdükləri ən ümumi problem– həyatın mənası, insanın dünyada yeri və onun özünə həyat yolu seçməsi məsələsindən ibarətdir. Bu köhnə problem həmişə xüsusi əhəmiyyətə malik olmuşdur. Deməli, ekzistensialistlər zəmanəmizin ən kəskin məsələlərindən birinə toxunmuşlar.

Bu fəlsəfənin tərəfdarları onu, ümumiyyətlə, varlıq haqqında təlim kimi verirlər. Əslində isə həmin fəlsəfəni yalnız insan şəxsiyyətinin «mövcudluğunu» təhlil etməyə müncər edirlər (latınca: ekzistensiya sözü «mövcudluq» deməkdir). Bəzi ekzistensialistlərin «o dünya» haqqında, başqa sözlə desək, allah haqqında yeritdikləri mühakimə hesaba alınmazsa, ekzistensialistlər üçün yeganə reallıq şəxsi mövcudluqdan, «mən mövcudam» idrakından ibarətdir. Onlar insanı əhatə edən aləmi sirli, insan zəkasının dərk edə bilməyəcəyi və məntiqi təfəkkürə uyğun gəlməyən bir aləm kimi təsvir edirlər. Haydegger deyir ki, aləm ona görə mövcuddur ki, mövcudluq vardır. «Heç bir mövcudluq olmazsa, aləm də mövcud ola bilməz».

İnsanın mövcud olması faktının insan üçün ən mühüm olduğu irəli sürülür. Lakin insanın mövcudluğu intəhalıdır və insanın bütün həyatı ölüm qarşısında qorxu şəraitində keçir. Onların fikrincə, fəlsəfənin də vəzifəsi məhz bu qorxunu oyatmaq və daim bu hissi qoruyub saxlamaqdır. K.Yaspers deyir ki, filosofluq etmək ölümə alışmaq deməkdir. Şərti olaraq ekzistensialistləri dini (N.Berdyayev, L.Şestov, K.Yaspers, Q.Marsel) və ateist (M.Haydegger, J.P.Sartr, A.Kamyu, M.Merlo– Ponti, S. de Bovuar) ekzistensialistlərə bölürlər. Ekzistensialistlər belə hesab edirlər ki, insan başqa adamlarla ünsiyyət xaricində yaşaya bilməsə də, bu adamlar əslində özlrini tamamilə yalqız sayırlar. Bu təlimin tərəfdarları ənənəvi fəlsəfədən fərqli spesifik terminologiyadan istifadə edirdilər. K.Yaspersin II dünya müharibəsindən sonra yazdığı «Günah haqqında məsələ» əsəri vardır. Onun mövzusu müharibəyə görə almanların günahlandırılmasıdır. O, burada günahın təsnifatını verir: cinayətə görə günah, siyasi günah, əxlaqi günah və ən böyük günah– metafizik günah. Metafizik günahın mənbəyi insanın varlığıdır. Almanların günahını K.Yaspers metafizik günah kimi verir. Bu cür günahlar hər yerdə və hər xalqda ola bilər. Ona görə də Fuçik xəbərdarlıq edirdi. «İnsanlar sayıq olsun!»

Ümumiyyətlə, ekzistensializmin həm müsbət, həm də mənfi cəhətləri vardır. Əslində ekzistensialist fəlsəfənin leytmotivi insanın xarici ictimai qüvvələr tərəfindən əsarətinə qarşı etirazdır. Onların fikrincə, mövcudluq insanın özüdür, onun dünyaya gəlişidir. O, nə xeyirxah, nə də bədxahdır. O, xeyirxah və ya bədxah ictimai münasibətlər prosesində olur. İnsan özlüyündə həqiqətdir. Həqiqətə malik olmaq yox, həqiqətin özü olmaq gərəkdir. Bu, Roma hakimiyyət nümayəndəsi Ponti Pilatın həqiqət nədir?–sualına Xristosun-həqiqət mən özüməm!–cavabına bənzəyir. İnsanın mahiyyəti ictimai mü­­na­sibətlərin məcmusudur. İnsan hazır ictimai münasibətlər dün­ya­sı­na gəlir. Burada mövcudluqla mahiyyət arasında toqquşma baş ve­rir və insanın bütün həyatı boyu davam edir. Ekzistensialistlər Marksı özgələşmə probleminə görə özlərinin sələflərindən biri hesab etmiş­lər. Özgələşmə problemi ekzistensialistlərdə də mərkəzi prob­lem olmuşdur. Lakin əgər Marksda özgələşmə sosial özgələşmə idi­sə, onlardakı özgələşmə insan həyaının cəmiyyətdə əsas xarakteristikası idi. Ekzistensializm bir növ «həyat fəlsəfəsi»ndən, xüsusilə Nit­şe fəlsəfəsindən, onun fərdiyyəçilik konsepsiyasından yaranmışdır.


f) Personalizm
Personalizm (latınca şəxsiyyət sözündəndir) müasir fəlsəfədə teistik istiqamətdir. Adından göründüyü kimi, burada şəxsiyyət ilkin yaradıcı reallıq və ali mənəvi sərvət hesab olunur. Şəxsiyyətin yaşadığı və fəaliyyət göstərdiyi dünya Ali şəxsiyyət– Allah yaradıcılıq fəallığının təzahürüdür.

Personalizmin formalaşması XIX əsrin sonunda Rusiya və ABŞ–da başlamışdır. Personalist fəlsəfənin əsas prinsipləri N.A.Ber­­dyayev və L.Şestov tərəfindən formulə edilmişdir. Sonralar isə həmin ideyalar N.O.Losskinin, S.N.Bulqakovun, A.Belının, Vyaç.İvanovun yaradıcılığında öz əksini tapmışdır. Personalizmin Fransada yayılması həmin cərəyanın inkişafında xüsusi mərhələni təşkil edir. Onun ən böyük nümayəndəsi Emmanuel Munyedir (1905– 1950). İdealist monizm prinsipinə və Hegelin panlogizminə qarşı olaraq personalizm çoxluq ideyasını irəli sürür. Personalizm tərəfdarları çoxlu mövcudluqlar, şüur, iradə və şəxsiyyətlər haqqında danışırlar. Əqlə qarşı intuisiya durur. Dünyanı Ali person– Allah yaratmışdır və ona inkişaf etmək qabiliyyəti vermişdir.

İdrak sahəsində personalizm ənənəvi fəlsəfənin idrak subyektinin– insanın konkret təzahürləri ilə tam şəkildə antropoloji ümumiliyi ilə əvəz olunması zərurətindən çıxış etmişdir. Eləcə də subyektin fəal rolu qeyd olunur. Çünki yalnız yeganə fərdi təkrarolunmaz insan dərk edir.

Ontoloji planda şəxsiyyət fundamental kateqoriyaya çevrilir, yalnız onun vasitəsilə əsas təzahür mümkündür. Burada iradi fəallıq mövcudluğun fasiləsizliyi ilə çulğaşır. Şəxsiyyət öz təcrübəsi ilə yeganə reallığı təşkil edir. Lakin şəxsiyyətin mənbəyi özündə deyil, allahdadır. Elm bu vəziyyətdə dünyanın zənginlik və müxtəlifliyinə nail olmağa qadir deyildir. Elmdə insan həyatının düzgün yolunu göstərə biləcək etibarlı oriyentirlər tapmaq mümkün deyildir. Bu vəzifəni yalnız dini fəlsəfə yerinə yetirə bilər. Personalizm təlimində şəxsiyyət haqqında çoxlu maraqlı və müsbət momentlər vardır. Xüsusilə fərd və şəxsiyyət anlayışlarının fərqləndirilməsi cəhdi maraq doğurur. Bu təlimin səciyyəvi cəhətlərindən biri də iradə azadlığı haqqında ideyanın əsaslandırılmasıdır. Hələ ekzistensialistlərin əsərləri yayılmamışdan əvvəl cəmiyyət və şəxsiyyətin prinsipial düşmənçiliyi haqqında fikirlər personalizmdə mövcud idi.

XX əsrin birinci yarısında personalizm yeni prinsiplərlə inkişafa qədəm qoymuşdur. Fransız personalizminin banisi E.Munye marksizm və ekzistenisalizmin təsirini qeyd etmişdir. 1946– cı ildə çapdan çıxan «Personalizm nədir?» əsərində o yazırdı: «Biz maddi zərurətə və kollektivçilik sisteminə münasibətində insan şəxsiyyətinin birinciliyini təsdiq edən hər cür təlimi və hər cür sivilizasiyanı personalist təlim adlandırırıq». Qarşısına bitkin fəlsəfi təlim yaratmaq məqsədi qoymayan E.Munye şəxsi mövcudluq probleminin işlənməsinin məhsuldar üsullarını axtarmağa cəhd etmişdir. Bir sözlə, başqa XX əsr fəlsəfi cərəyanları kimi, şəxsiyyət problemi personalizmin əsas tədqiqat problemi olmuşdur.

g) Praqmatizm


XX əsrin ən geniş yayılmış fəlsəfi cərəyanlarından biri praqmatizmdir. Bu cərəyanın vətəni Amerika Birləşmiş Ştatları hesab olunur. Yunanca praqma sözündən olub, iş, əməl deməkdir. Bu cərəyanın banisi Amerikanın görkəmli məntiqçisi Çarlz Pirsdir (1839– 1914). Onun ən məşhur əsərlərindən biri 1904– cü ildə çap etdirdiyi ««Praqmatizm» nədir?» əsəridir. Onun ideyalarını sonralar Uilyam ceyms inkişaf etdirmişdir. Praqmatizm daim işdən, əməldən danışır, ideyaların və nəzəriyyələrin əməli surətdə yoxlanılması lüzumunu göstərir. Çarlz Pirs mürəkkəb və ziddiyyətli bir fəlsəfi sistem yaradaraq, burada bəzi elmi təsəvvürləri dinin mənafeyi ilə əlaqələndirməyə çalışmışdır.

ceyms bilik əvəzinə qeyri– şüur irrasional etiqada sahib olmağı, hər şeydən əvvəl, məntiqi təfəkkürü rədd edən dini etiqad sahibi olmağı təklif edir.

Dyui başda olmaqla digər praqmatistləri «instrumental məntiq»dən və ya «eksperimental məntiqdən» istifadə etməyi məsləhət görürdülər. Bu məntiq isə, əslində, əmələ gəlmiş vəziyyətdə sınama və səhvlər metodu üzrə sərfəli hərəkət tərzi axtarıb tapmağı nəzərdə tutur. Praqmatistlərə görə, təfəkkür insana bilik vermir, ona yalnız çətin vəziyyətdən çıxmaq və müvəffəqiyyət qazanmaq bacarığını öyrədir. Elmi məfhumlar, qanunlar, nəzəriyyələr obyektiv reallığın inikası və ya surəti deyildir, bunlar yalnız bu və ya digər məqsədi həyata keçirməkdən ötrü «hərəkət planlarıdır», «alət» və ya «vasitə»dir. Əgər ideya və ya nəzəriyyə «iş görür» və müvəffəqiyyət qazanmağa imkan verirsə, yaxşıdır, yəni düzgündür; əgər buna imkan vermirsə, pisdir, yəni səhvdir.

Praqmatizm dinin müddəalarını çox faydalı, buna görə də düz­gün hesab edir. Praqmatistlər fayda prinsipini yalnız idraka de­yil, həmçinin mənəvi və əməli fəaliyyətin bütün formalarına şamil edirlər.

ğ) Neotomizm
Neotomizm Avkinalı Fomanın ideyalarını inkişaf etdirən dini– fəlsəfi təlimdir. Neotomizm XX əsdə daha sürətlə yayılmış və hazırda da böyük və nüfuzlu cərəyan olaraq qalmaqdadır. Onun tərəfdarları təkidlə qeyd edirlər ki, «yalnız din nicat verə bilər», ən kəskin ictimai suallara yeganə cavab bundan ibarətdir ki, «xristianlıq ruhu həyatımıza daha təsirli nüfuz etməlidir». Əslində Neotomizm orta əsr sxolastı Akvinalı Fomanın Vatikan tərəfindən katolik kilsəsinin rəsmi fəlsəfəsi kimi qəbul edilən təliminin yeniləşdirilmiş variantından ibarətdir. Neotomistlər təliminin ən ümdə əsası bundan ibartdir ki, allah aləmin xaliqi və külli– ixtiyar sahibidir. Neotomistlərin fikrincə, təbiət «ilahi ideyaların tətbiqi», tarix isə «ilahi planın həyata keçirilməsidir». Onlara görə, həqiqəti dərk etmək üçün üç forma vardır: elm, fəlsəfə və din. Bu formaların ən aşağısı elmdir. Onlara görə, elmin verdiyi bilik mötəbər deyildir və yalnız cismani qılafla məhduddur ki, həmin qılaf da aləmin həqiqi mənəvi mahiyyətini gizlədir, bu mahiyyətə elm nüfuz edə bilmir və bunu qismən fəlsəfə, yaxud metafizika kəşf edə bilər. Elmdən fərqli olaraq fəlsəfə aləmin mövcudluğunun ilk səbəbi məsələsini irəli sürür və belə bir nəticəyə gəlir ki, bu ilk səbəb ali mənəvi başlanğıcdır, yaxud aləmi yaradan allahdır. Neotomistlərin təliminə görə, ali həqiqət yalnız vəhy və dini iman yolu ilə dərk edilir ki, elm və fəlsəfə də özünün dünyagörüşü əhəmiyyəti olan bütün prinsipial nəticələrini bu dini imanla uzlaşdırmalıdır.

Neotomizmin ən görkəmli nümayəndələri J.Mariten (1882– 1973), E.Jilson, Q.Vetter və Y.Boxenski hesab olunur.

Ümumiyyətlə, neotomizm təlimi müxtəlif fəlsəfi fənlər sisteminə əsaslanır. Onlardan metafizika, qnoseologiya, naturfəlsəfə, etika, estetika, sosiologiya və s. göstərmək olar. Neotomist fəlsəfəsinin mərkəzində varlığın universal fəlsəfi nəzəriyyəsi rolunda çıxış edən metafizika durur.

Ümumi metafizika özündə ontologiyanı (ümumiyyətlə, varlıq haqqında və necə var o cür varlıq haqqında təlimi) birləşdirir. Xüsusi metafizika dünya və insan haqqında təlimi ifadə edir.


h) Sovet fəlsəfəsi
XX əsr fəlsəfə tarixində demək olar ki, tədqiq olunmamış dövrlərdən biri də sovet dövrü fəlsəfəsidir. 70 il ərzində Sovet İttifaqı adlanan böyük bir ölkədə yayılan və inkişaf edən fəlsəfədən danışmamaq doğru olmazdı. Bu ölkədə nəinki müharibələr, dəhşətli sosial eksperimentlər aparılmış, həmçinin fəlsəfə ilə də məşğul olmuşlar. Sovet quruluşunun hazırkı tənqidçilərinin fikrincə, sovetlər birliyində 10 illərlə fəlsəfə olmamış, intellektual həyat məhv olmuş, ancaq mərkəzi paytaxt şəhərlərində qadağan olunmuş söhbətlər aparılmışdır. Əlbəttə bütün bunlar ağ yalandır. Əslində Sovetlər İttifaqında başdan– başa savadsızlığın ləğvi, əyintilərlə olsa da mədəni inqilabın həyata keçirilməsi mümkün olmuşdur. Bəzilərinin bəyənmədikləri alimlərin əksəriyyəti aristokrat ailələrindən deyil, sadə fəhlə və kəndli ailələrindən çıxmış adamlar olmuşdur. Əslində sovet dövrü bütövlükdə fəlsəfi təhlil baxımından mürəkkəb, maraqlı və həm də dramatik olmuşdur.

XX əsrin 20– 30– cu illərində bir sıra görkəmli alim– filosofların məcburi mühacirətə yollanması (onlar bolşeviklərin ideoloji doktrinaları ilə razılaşmırdılar) heç də fəlsəfi həyata son qoymadı. Sovetlər birliyində qalıb işləyən və eləcə də yetişməkdə olan yeni filosof nəsilləri çox çətin bir siyasi dövrdə yaşamalarına, bəzi fikirləri açıq şəkildə deyə bilmədiklərinə, hətta öz ideyalarına görə həyatlarını belə qurban verməklərinə baxmayaraq, fəlsəfə elmini inkişaf etdirmişlər. Əslində hamı xaricə gedə bilməzdi. Yaxud da hamı dissident ola bilməzdi. Bundan başqa, həmin dövrdə yaşamış alimlərin demək olar ki, əksəriyyəti marksizmin həqiqi fəlsəfə olduğuna bütün varlıqları ilə inanmışdılar.

Tarixin dəfələrlə sübut etdiyi kimi, həyat öz iradəsini çox zaman diktə etmək qüdrətinə malik olduğundan, həmin dövr alimləri də zamanın göstərişlərinə tabe olmuşdular. Sovet dövrü fəlsəfəsi, onun inkişaf mərhələləri və işlədiyi əsas mövzuları necə səciyyələndirmək olar? Hər şeydən əvvəl, bu dövrü üç mərhələyə bölmək lazımdır.

1   ...   4   5   6   7   8   9   10   11   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə