1. QƏDİm babiLİstan və MİSİRDƏ FƏLSƏFƏNİn meydana gəLMƏSİ




Yüklə 0.85 Mb.
səhifə10/12
tarix22.02.2016
ölçüsü0.85 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   12

1. Aleksandr Makovelski (1884– 1969). Qazan universitetini bitirmiş, Azərbaycan EA akademiki, SSRİ EA müxbir üzvü olmuşdur. Onun «Avesta», «Sokratadək», «Sofistlər», «Fəlsəfəyə giriş», «Atomistlər» və s. əsərləri fəlsəfə tarixinin bir sıra problemlərini işıqlandırır.

2. Mehbalı Qasımov (1906– 1962). Moskva tarix– fəlsəfə məktəbini bitirmiş, çoxlu tələbələr yetirmişdir. «Ömər Xəyyamın rübailərində materializm», «M.F.Axundov və XIX əsr rus inqilabi– demokratik estetikası», «XIX əsrdə Azərbaycan xalqının qabaqcıl fəlsəfəsi və ictimai– siyasi fikri tarixinin oçerkləri» onun qələminin məhsuludur.

3. Əhməd– Kərədi Zəkuzadə (1888–1968). İstanbul universite­ti­nin fəlsəfə şöbəsini bitirmiş filosof, şərqşünas, yazıçı, psixoloq, mən­­tiqçi olmuşdur. «Bəhmənyarın fəlsəfi görüşləri», «Psixologiya», «İbn-Sinanın psixologiyası», «Əl-Nəzzamın fəlsəfəsi», «Orta əsr ərəb­dilli Azərbaycan məntiqinin tarixindən» və s. əsərlərin müəllifidir.

4. Heydər Hüseynov (1908– 1950). Çoxlu məqalələrin, kitabçaların müəllifidir. «XIX əsr Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən» adlı əsərinə görə təqiblərə məruz qalmışdır. Azərb. EA– nın vitse– prezidenti olmuş, akademik intihar etməyə məcbur edilmişdir. 42 illik ömründə Azərbaycan elminə misilsiz xidmətlər göstərmişdir.

5. Ziyəddin Göyüşov (1920– 1982). Azərbaycan EA– nın müx­bir üzvi idi. Etik fikir tarixinin tədqiqi ilə məşğul olmuşdur. «Azər­baycan maarifçilərinin etik görüşləri», «Əxlaqi sərvətlər», «Həzz və iztirab», «Fəzilət və Qəbahət», «Daxilə pəncərə», «Sovet Azər­bay­canında fəlsəfi fikir» (Qısa oçerk) və s. əsərlərin müəllifidir.

6. Aslan Aslanov (1926– 1995), filosof, şair, tərcüməçidir. Aka­demikin bir sıra şer kitabları ilə yanaşı, «İncəsənət və tərbiyə», «Estetika aləmində» və s. əsərləri çapdan çıxmışdır. O, eyni zamanda Azərbaycanda nəşr olunan bir sıra estetika dərsliklərinin müəllifi idi. Çox saylı alimlərin yetişdirilməsində böyük rolu olmuşdur.

Bütün bu filosoflarla yanaşı, Sovet dövründə Azərbaycanda çox­saylı filosof ordusu yetişmişdir. Onlardan Şeydabəy Məmmə­dov, Firudin Köçərli, Fuad Qasımzadə, Midhəd Ağamirov, Həsən Şirəliyev, Şükufə Mirzəyeva, Adil Nəcəfov, Mikayıl Məm­mədov, Məqsəd Səttarov, Ənvər Əh­mədov, Qurban Bayramov, Qeysər Xəlilov, cəmil Əhmədli, Əhməd Həsənov, Maqsud cəlilov, Həmid İma­nov, camal Mus­tafayev, Əfrand Daşdəmirov, Sabir Daşdəmirov, Niyazi Mehdi, Vəli Həbiboğlu, Zakir Məmmədov, Gülnaz Abdullazadə, Zey­nəd­din Hacıyev, Fərman İsmayılov, Zümrüd Quluzadə, Oruc Abdul­layev, Elmira Zamanova, Solmaz Rzaquluzadə, Fər­rux Rama­zanov, V.Kərimov, İzzət Rüstəmov, Yusif Rüstəmov, Zahid Oru­cov, Niza­mi Məmmədov, İmran cəfərzadə, Məmmədəli Zeynalov, Telman Hacıyev, Abdulla Əhədov, Əlipaşa Əliyev, Murad Axundov, Maarif Əkbərov, Rafik və Babək Qurbanovlar, Qabil Hüseynli, Əlikram Tağıyev, Əddin Şakirzadə, Səlahəddin Xəlilov, Vəli Paşayev, Həsən Quliyev, Rəhman Bədəlov, Əli Abasov, Əlikram Abdullayev, Şamil Qasımlı, Əbülhəsən Abbasov, Rəfiqə Əzimova, Kazım Əzimov, Məmməd Balayev, İlham Məmmədzadə, Qabil Seyidov, Azər Mustafayev, Adil Əsədov, Pənah Mahmudov, Qədim Mustafayev, Əsəddula Qurbanov, Əlisa Əhmədov, Rafik Əliyev, Əziz Məmmədov, Tariyel Əhmədov, Nizami Nəcəfov, Qoşqar Əliyev və başqalarını xüsusi qeyd etmək olar.


12. XX ƏSRİN ƏSAS FƏLSƏFİ JƏRƏYANLARI
a) XX əsr fəlsəfəsinin ümumi xarakteristikası;

b) «Həyat fəlsəfəsi», Şopenhauer və Nitşe;

c) Freydizm və yeni Freydizm;

ç) Neopozitivizm;

d) Elmin fəlsəfəsi;

e) Fəlsəfi antropologiya;

ə) Ekzistensializm;

f) Personalizm;

g) Praqmatizm;

ğ) Neotomizm;

h) Sovet fəlsəfəsi.
a) XX əsr fəlsəfəsinin ümumi xarakteristikası
XX əsr fəlsəfi fikrinin inkişafında başlıca fərqli cəhət rəylərin plüralizminin, çoxsaylı fəlsəfi məktəb və cərəyanların mövcudluğudur. Təbiətşünaslığın nailiyyətlərindən, ilk növbədə fizika, kimya və biologiyanın uğurlarından fəlsəfi konsepsiyaların yaradılmasında fəal surətdə istifadə olunur. Fəlsəfə varlıq haqqındakı mövcud olan təsəvvürləri daha da dərinləşdirərək, materiyanın mürəkkəb quruluşuna daxil olur, insanın mövcudluğunu daha aydın dərk etməyə çalışır, elmi təhlil və sosial praktikanın nəticələrini birləşdirmək yolu ilə ictimai inkişaf problemlərini həll etməyə çalışır. Səciyyəvi cəhət odur ki, elmin müvəffəqiyyətlərinə baxmayaraq fəlsəfə dini mövzuların şərhindən kənarda qala bilmir. Birinci halda din fəlsəfi təhlilin obyekti rolunda çıxış edir. Digər halda isə, filosofluğun əsasını, özü­lünü təşkil edir. Elmin və ictimai praktikanın təsirindən azad, «tə­miz (saf) fəlsəfə» yaratmaq cəhədləri növbəti dəfə uğursuzluğa dü­çar olur. Eyni zamanda elm tərəfindən fəlsəfəni ənənəvi problema­ti­ka­dan məhrum etmək cəhdi də bu cür uğursuzluğa məruz qalır. Ona görə də dövrün bu və ya digər fəlsəfi cərəyanına qiymət verərək kon­kret sosial-siyasi, iqtisadi şəraiti nəzərə almaq olduqca vacibdir.

Qeyd etmək lazımdır ki, XX əsr həyatın bütün sahələrində böhranlar əsridir. Müəyyən ictimai quruluşun əsaslarını dəyişdirən sosial çevrilişlər həyatın ayrılmaz əlamətinə çevrilir. cəmiyyətin düşdüyü iqtisadi böhranlar çox vaxt öz həllini açıq antihumanizm formalarında tapır. Onların içərisində ən dəhşətlisi– bütün xalqları ümumdünya faciəsi ruhunu hiss etməyə məcbur edən dünya müha­ribələri olmuşdur. Adama elə gəlir ki, militarizmin dəhşətli təc­rübə­sini dərk etdikdən sonra insanlar sosial konfliktləri müha­ribələrdən istifadə etmədən həll edəcəkdir. Lakin hazırda lokal mü­ha­ribələr kütləvi xarakterli hadisələrdir və bəşəriyyəti yeni bir ümumdünya yan­ğınına sürükləyə biləcək bir amildir. Bundan əlavə, yer kürə­sin­də ekoloji təhlükə təsəvvüredilməz sürətlə irəliləyir. Elmi– texniki in­qilabi nailiyyətlər bəzən xeyirdən çox şəri doğuran mənbəyə çevrilir. Adamların həyat şəraitinin pisləşməsi, təbiətin öz təbii xassələrini getdikcə daha çox itirməsi, maddi ehtiyatların tükənməsi hər bir insanın həyatında özünün təsirini göstərir. Nəticədə insanların sağ­lamlığı təhlükə altına düşür, psixi vəziyyəti (indiki, həm də gələcək nəsillərin) pisləşir. Ona görə də XX əsr də «mədəniyyətin böhranı» anlayışı cəmiyyətin mənəvi həyatına möhkəm daxil olmuşdur. Də­yərlərin təzədən qiymətləndirilməsi– hər bir yeni nəslə xas olan ha­di­sədir. Lakin XX əsrdə həyati qaydaları və oriyentirlərin trans­formasiyası insan və onun təbiəti haqqında əbədi təsəvvürlərin təzə­dən idraki süzgəcdən keçirilməsi ilə müşayiət olunur. Sosial və təbii qüsurların aradan qaldırılmasında elmə bəslənilən ümidlər ruh düşgünlüyü, elmə inam­sızlıqla əvəz olunmuşdur. Müasir dövrdə fəl­səfi tədqiqatların ağır­lıq mərkəzi insanın üzərinə keçirilmişdir. XX əsr fəlsəfəsində spesifik cəhətlərdən biri də fəlsəfi məktəb və cərə­yanların əksəriyyətinin marksizmə əks mövqedən çıxış etməsidir. Bunu onunla izah etmək olar ki, uzun illər marksizm (sonralar isə marksizm– leninizm) praktikada kommunizm ideallarını reallaş­dır­mağa çalışan cəmiyyətin siyasət və ideologiyasının məhək daşı ol­muşdur. Marksizmin fəlsəfi prinsip­lərinin– xüsusilə dialektik və ta­rixi materializm prinsiplərinin–düzgün olmadığını sübut etməyə cəhd edən bir çox fəlsəfi cərəyanlar onun sübut və arqumentsiz tənqidinə üstünlük verirlər. Uzun illər fəlsəfənin inkişafı ancaq ideo­loji qarşıdurma sahəsində də özünü götərirdi. Həqiqi fəlsəfi prob­lemləri həll etmək əvəzinə tərəflər bir– birinin fəlsəfi konsepsiya­la­rın­da zəif yerlər və səhvlər axtarmaqla məşğul olurdular. Lakin bu za­man həqiqi fəlsəfi konsepsiyalar yaradılmasına meyl də güclə­nirdi.

Ümumiyyətlə, XX əsr fəlsəfəsi müxtəlif istiqamətlər üzrə inkişaf etmişdir. Buraya dini fəlsəfənin çoxsaylı formaları, həmçinin pozitivizmin ən yeni növləri də daxildir.

XIX əsrdə və XX əsrin əvvəllərində elmin rolunun artması fəlsəfəyə də öz təsirini göstərmişdir. Hətta sayentizm (latınca: bilik, elm sözündədir) istiqaməti də meydana gəlmişdi ki, burada da fəlsəfənin konkret elmə meyilli olan müəyyən təfəkkür tipinə arxalanması irəli sürülürdü.

Sayentizmin tərəfdarları pozitiv elmlərə (başlıca olaraq təbiətşünaslığa) istiqamət götürərək fəlsəfədən ənənəvi dünyagörüşü problematikası çıxarmağı, fəlsəfənin tarixən qərarlaşmış predmetin­dən imtina edilməsini, ona dəqiq elmlər tipindən quruluş verməyi planlaşdırırdılar. Sayentizm istiqamətinə çox vaxt neopozitivizmi (analitik fəlsəfəni), «elm fəlsəfəsini», strukturalizmi aid edirlər. Ümumi fəlsəfi sayentist konsepsiyalarla yanaşı, müxtəlif spesifik nə­zə­riyyələr də yayılmağa başlamışdır. Bunlar: «industrial», «postin­dustrial», «texnotron», «informasiya» və digər ictimai quruluş tipo­logiyasına uyğun modellər əsasında təşkil olunmuşdur. Sayentist fəlsəfi təsəvvürlərin işlənilməsində ən böyük çətinlik metodologiya sahəsində özünü göstərmişdir. Belə aydın olurdu ki, nəzəri bilikləri tam şəkildə empirik faktlara müncər etmək qeyri– mümkündür. Sayentizm praktikası bir daha göstərdi ki, fəlsəfi problemləri tam şəkildə təcrid etmək olmaz.

İkinci spesifik fəlsəfi konsepsiya antropoloji konsepsiya hesab olunur. Bu istiqamət humanitar– antropoloji sahənin ön plana çıxa­rılması və antisayenizm meyillərinin güclənməsi ilə bağlı idi. Bu za­man «insani məzmun» başlıca prinsip elan olunurdu. Antropo­lo­qizm çərçivəsində fəlsəfi anropologiya, həyat fəlsəfəsi, ekzisten­sia­lizm, personalizm və s. cərəyanlar formalaşmışdır. onların fərqli xü­susiyyətləri təkcə əqlə münasibətdə deyil, sırf fəlsəfi məzmunun for­malaşması mexanizmində xristianlıq ilə doğma cəhətlərə malik ol­masındadır. Bu istiqamətin tərəfdarlarını təbii elmi təfəkkürün və onun normalarının ümumiliyinin qəbul edilmə­məsi birləşdirir. Bu cərəyanların arasındakı sərhədlər demək olar ki, yoxdur.


b) «Həyat fəlsəfəsi». Şopenhauer və Nitşe
Qərbdə XIX– XX əsrdə ən geniş yayılmış cərəyanlardan biri «Həyat fəlsəfəsidir». Bu fəlsəfi istiqamətdə mərkəzi problem insan problemi, onun mahiyyəti və mövcudluğudur. «Həyat fəlsəfəsi»nin banisi alman filosofu A.Şopenhauer (1788– 1860) hesab olunur. Əsas əsəri «Dünya kor iradə və boş təsəvvürdür» adlanır. Bu əsər son­rakı fəlsəfi fikrə böyük təsir göstərmişdir. Şopenhauer dünyanı kor iradə və qüvvə kimi öz fəlsəfəsində təsvir etmişdir. Pessimist fəlsəfəsi eyni zamanda çoxmənalı mahiyyətə malik olmuşdur. Onun fikrincə, insan illüziya və «kabuslardan» xilas olaraq gələcəyi yara­dır. Həmin illüziya və kabusların içərisində sadəlövh, uzaqgörməz optimizm də vardır.

Nəzəri aspektdə o, öz fəlsəfəsində hind upanişadlarına, Platon və Kantın təlimlərinə əsaslanmışdır. Onun ideyaları rasionalizmə, tarixiliyə və Hegelin dialektikasına qarşı olmuşdur. «Dünya kor ira­də və boş təsəvvürdür» əsəri Platonun ideyaları aləminə və Kantın «özündə şey»inə yaxın olmuşdur. Eyni zamanda Kantdan fərqli olara Şopenhauer «şey özündə»– nin, yaxud məqsədsiz, kor fəaliyyət göstərən «iradə»nin dərkedilənliyini təsdiq etmişdir. «İradə» «təsəvvürləri» doğurmuşdur.

Şopenhauerin dünyagörüşü subyektiv idealist mahiyyət daşıyır. Onun üçün subyektsiz obyekt yoxdur. Şopenhauerin subyektivizmi onun özünün «dəlilər fəlsəfəsi» adlandırdığı solipsizm deyildir. Filosofa görə, dünya bir tərəfdən, dərkedənin təsəvvürüdür, digər tərəfdən isə dərkedən dünyanın məhsuludur. Həyatda olan bütün hadisələr iradənin obyektivləşdirilməsinin mərhələləridir. Daha dəqiq desək, həyatda baş verən bütün hadisələr, adamların işi, tarix və təbiət qanunları– bütün bunlar şüursuz, qüdrətli cəhətdən ibarətdir. Dünya– təcəssümləşmiş iradədir. Həyat– uzun yuxugörmədir. Həyata münasibətində Şopenhauerin mövqeyi pessimizm mövqeyidir. Bu mövqe bir çox məsələlərdə buddizmə əsaslanır. «Hər bir həyat– iztirabdır». «Bizim bədənimizin həyatı– ancaq xroniki olaraq ləngidilmiş ölümədir». Onun «Həyat müdrikliyi aforizmləri» qiymətli fikirlər məcmusudur.

A.Şopenhauerin fəlsəfəsinin təsiri altına düşən filosoflardan biri F.Nitşedir (1844– 1900). Əsərlərinin birində Nitşe onu özünün birinci və yeganə müəllimi adlandırmışdır. Nitşenin fikrincə, Şopenhaueri oxumaqla O, özündə «azad kişilik xarakteri» formalaşdırmışdır. Müəlimi kimi, Nitşe də özünü pessimist adlandırmışdır. Onun yaradıcılığında keçmişə, hər şeydən əvvəl, xristian mənəvi dəyərlərinə yenidən qiymət vermək ön planda durmuşdur. Nitşe dini (xristialığı) mədəniyyətdə həqiqi insani dəyərləri təhrif etməkdə günahkar hesab etmişdir. Xristianlıq həyat instinktini dağıtmış, axirət dünyası naminə real dünyanı inkar etmiş, o dünyanı tərifləmişdir. Xristianlıq iradəsi «məhvə doğru gedən iradədir», xəstəlikdir, tənəzzüldür. İkincisi, xristianlıq (İsgəndəriyyə, yaxud bizans mədəniyyətindən eləcə də ellin mədəniyyətindən fərqli olaraq) qul şüuru yaratmışdır, günahı qarşısında cəzalandırmaq qorxusu doğurmuşdur. Üçüncüsü, xristianlıq və onun ehkamları doktrinyor əxlaqın əsasını qoymuşdur. Bütün həyat sadə sxemə sığmasa da, xristian əxlaqı həmin sxemə sığmağa məcbur etmişdir. Dörüncüsü, xristianlıq bəşəriyyətin nəslinin kəsilməsinə şərait yaradır, bu isə gizli məhvetmə instinktdir. Nitşe öz fəlsəfəsini «həyatın müdafiə instinkti» adlandırmışdır. Başqa sözlə, O, həmin fəlsəfəni antixristian fəlsəfəsi də adlandırırdı. Nəhayət, beşincisi, Nitşenin antixristianlığı öz mahiyyətinə görə hər cür asılılığa, əyriliyə, köləliyə qarşı çevrilmişdir. Məlum olduğu kimi, «Zərdüşt belə söyləmişdir» əsərində Allahın öldüyünü elan etmişdir. Nəyə görə? İnsan heç bir avtoritetdən asılı olmamalıdır. Allahın ölümünün dərk edilməsi azad əql, azad ruh və «azad ölüm» üçün, onların haqqında ideyaların formalaşması üçün zəruridir. Həmin əsərin bir fəsli belə də adlanır– «Azad ölüm haqqında». Lakin azad həyat və azad ölüm hər bir adama müyəssər olan deyildir bunlar yalnız fövqəlinsana xas olan şeydir. Nitşeyə görə, bəşəriyyət öz yollarıyla gedən saysız insan kütlələrindən ibarətdir. Bu kütlələrin və bu yürüşün heç bir planı, heç bir məqsədi yoxdur. Əgər bir məna deyilən şey varsa, o da onların içində vaxtaşırı zühür edən ayrı– ayrı qeyri– adi fəlsəfələrin varlığıdır. Lakin bu fərdlərin gördüyünü və düşündüyünü başqaları görüb düşünə bilmədiyindən, ətraf mühit və cəmiyyət onlara düşmən kəsilir, onları tənhalığa, aclıq və səfalətə məhkum edir.

Xalqların həyatında heç bir tərəqqi olmur və son nəticədə həyatı ac və kədərli bir sonluq gözləyir. Haçansa lap yaxın zamanlarda hələ azad olan Qərb xalqlarını və sivilizasiyasını irəlidə qarşısıalınmaz şəkildə yaxınlaşan köləlik totalitarizm gözləyir.

İnsan öz əzəli instiktlərinə qayıtmalı, xeyir və şərin nə oldu­ğu­nu bilməyən güclü, təbii, azad fərdlərə çevrilməlidir. Əks təqdirdə bəşəriyyəti ümumi bir cırlaşma və qum zərrəcikləri kimi bir– bi­rilərinin eyni olmaq kimi kədərli, bəhrəsiz, cılız bir sonluq gözləyir1.

Ümumiyyətlə, Nitşenin həyat fəlsəfəsi həyatdan ayrı düşmüş rasionalizmin tənqidinə, həmçinin mənəviyyatsızlığın tənqidinə, həyatın əxlaqsızlığına, ikiüzlüyə, avamlığa qarşı çevrilmişdir.
j) Freydizm və yeni Freydizm
Fəlsəfi konsepsiya kimi psixoanalizin1 əsaslandırılması Ziqmund Freydin adı ilə bağlıdır. Avstriyalı həkim– psixiatr Z.Freyd (1856– 1939) psixoanalizi fəlsəfi antropoloji prinsip səviyyəsinə qaldırdı. Freydə görə, seksual meyillər uşaqlıqdan bütün həyat mərhələlərində insanı müşayiət edir, bu meyillər yerinə yetməyəndə psixoloji sarsıntılar meydana gəlir.

Freydə görə, şüurlu «mən» iki obyektiv qüvvənin– «o» ilə cəmiyyət qaydalarının mübarizəsi meydanına dönür. «Kütlə psixologiyası və insan «mən»inin analizi» əsərində isə Freyd sosial əlaqələrin təbiətindən söz açır. Kütlə psixologiyasının spesifik cəhətini onun qeyri– şüuru, təhtəlşüur olaraq lider və başçıya pərəstiş etməsində görür. «Moisey və monoteizm» əsərində dinə qarşı çıxış edərək iki əks qüvvənin– həyatla ölümün əbədi mübarizəsinin psixoloji əsaslarını şərh edir.

Təhtəlşüur haqqında Freyd təlimi psixoanalizin elə müddəalarına əsaslanmışdır ki, burada psixoloji narahatlıqlar, zədələr, affektlər, arzuların həyata keçməməsi və s.– nin insanı ömrü boyu izləməsi göstərilir. Bunlar özünü nevroz formasında təzahür etdirir.

Freydə görə, ona qədərki fəlsəfənin ən böyük günahı o idi ki, təhtəlşüur problemi onun tədqiqat predmeti olmamışdır. Tədqiqat predmeti əql, şüur olmuşdur. Doğrudur, Freyd etiraf edirdi ki, şüurun öyrənilməsi vacib şərtdir. Əslində şüur dünyada insanın oriyentasiya götürməsinə imkan verir, özünün «Mən»– ni (ego) formalaşdırmağa şərait yaradır. Lakin «Mən»– dən başqa fərdin şüuru, insan psixikası, Freydə görə, özünə daha iki strukturu daxil edir: «Fövqəl– Mən» (Super ego)– psixikası daxilinə keçirilmiş sosial əhəmiyyətli motivlər, requlyatorlar və həmçinin «o» (Jd) təhtəlşüurun «mikrodünyası».

Təhtəlşüur, Freydə görə, şüurdan fərqlənir və öyrənilməlidir. Bu, ona bənzəyir ki, biz qaranlıq otaqda işığı yandırırıq və bütün pred­metləri başqa cür görürük. Təhtəlşüur da şüurla, beynin fəaliy­yəti və s. ilə çoxsaylı keçidlərlə əlaqədardır. Təhtəlşüur özünü yu­xu­görmədə, hipnotik vəziyyətlərdə, davranışda təzahür etdirir. O, müx­təlif səviyyələrdə (aşağı və yuxarı) özünü göstərə bilər. Yüksək səviyyə yaradıcılıq prosesləri ilə əlaqədar olduğundan burada intuisiya, təxəyyül böyük rol oynayır. Elə bil ki, onlar şüurdan gizlidir, fikrin, ideyanın, obrazın yaradılması ilə bağlıdır. Təhtəlşüur təlimi libido (cinsi meyl), həyata meyl, ölümə meyl və s. terminlərlə tamam­lanır və izah edilir. Freyd libidonu insanın psixik enerjisi kimi şərh etmişdir.

Freyd öz təlimini məlum qədim yunan mifləri ilə möhkəmləndirmişdir. Məsələn, «Edip kompleksi»ni Freyd 3– 4 yaşlı hər bir uşağa aid etmişdir. Termin bilmədən öz atasını öldürüb, öz anasına evlənən qədim yunan padşahı Ediplə əlaqələndirilmişdir. Freydə görə, oğlan uşağı üçün pozitiv «Edip kompleksi», daha dəqiq desək, anasına məhəbbət və buna görə atasına qısqanclıq və rəqibi kimi nifrət motivləri mövcuddur, yaxud da neqativ, yəni ataya məhəbbət, anaya nifrət motivləri vardır. Eyni vəziyyət– psioxoloji kompleks qızlarda da vardır (ataya məhəbbət, anaya nifrət), bunu O, «Elektra kompleksi» adlandırır.

Həyat və ölümə meylə gəldikdə Freyd bunu da mifologiyanın köməyi ilə izah etmişdir. O, Aristofanın «Pir» komediyasına mü­raciət etmişdir. Burada Platon cinsi meylin mənşəyini nəql edir. Bu da, öz növbəsində, insanın digər meyillərini başa düşməyə imkan verir. Nə vaxtsa insanlar iki cinsli olmuşlar. Zevs onları iki hissəyə bö­lür. Beləliklə, hər şey yarı bölünür və hər bir adamda özünün ikinci yarısına meyl yaranır. Hər iki hissə bir– birinə qovuşmaqdan ötrü öz bədənlərini birləşdirirlər. Freyd belə hesab edirdi ki, mifdə irəli sürülən hipotez psixoanaliz üçün olduqca vacibdir. Burada meyl əvvəlki vəziyyətin tələbatından çıxır.

Bunun üçün Freyd daha qədim mənbələrə müraciət edir. Məsələn, Upanişadlarda dünyanın Atmandan əmələ gəlməsi və s. bu qəbildəndir.

Freydin kütlə içində insan təlimi də təhtəlşüur haqqında olan təliminə əsaslanmışdır. O, dini ümumbəşəri nevroz adlandırmışdır. Freyd əqli insanın xilaskarı, kütləni isə ibtidai cəmiyyətin ordusu hesab edir.

Bolşevizmi dinə yaxın olan növbəti illüziya saymışdır. Rus bolşevizminin din kimi təfəkkürə qadağan qoyduğunu göstərən Freyd K.Marksın əsərlərini onlar üçün Bibliya və Quranı əvəz edən vəhy kitabları olduğunu qeyd etmişdir. Freydin təlimini inkişaf etdirən şagirdləri içərisində K.Yunq (1875– 1964) özünəməxsus yer tutur. Əgər Freydin xidməti təhtəlşüurun «mikrodünyası»nın təhlili idisə, Yunq da öz növbəsində təhtəlşüuru öyrənərək onun ayrı– ayrı yaratdıqları (arxetipləri) ilə struktur, obrazlar mədəniyyəti üçün ümumi oxşarlığını göstərmişdir. O, elmi dövriyyəyə «kollektiv təhtəlşüur» anlıyışını gətirmişdir. «Psixoloji tiplər» əsərinin girişində Yunq Platon və Aristotelin iki, tamamilə bir– birindən fərqli olan insan naturası olması haqqında Heynenin qeydlərini təhlil edir. Bunlardan biri xəyalpərvər naturadır, mistik Platon naturasıdır ki, öz qəlbinin gizli yerlərindən xristian ideyalarını və ona müvafiq gələn simvolları yaradır. Aristotel naturası isə praktikdir, hər şeyi qaydaya salandır. Həmin ideyalardan və simvollardan möhkəm ehkamlar və kult sistemi yaradır.

Yunq pisxoloji tipləri iki böyük qrupa bölür: bunlar introversiya tipi və ekstraversiya tipləridir. Fərddə müxtəlif funksiyalar: 1. təfəkkür; 2. emosiya; 3. hiss; 4. intuisiya hökm sürür.

Hər bir funksiyaya adamların müvafiq psixoloji tipi uyğun gəlir. 1. təfəkkür tipi; 2. emosional tip; 3. hissedici tip; 4. intuitiv tip. Bu 4 tipdən hər biri (funksiyalarına görə) ya bir introvertiv, yaxud da iki ekstravertiv ola bilər. Beləliklə, 1. ümumi pisxoloji qaydalardan (göstərişlərdən) asılı olan tiplər (maraqların istiqaməti və onların libidosu digər tiplərdən fərqlənənlər); 2. funksional tiplər.

Psixoloji tiplər ümumi psixik proseslərlə şərtlənir ki, bunu da K.Yunq «kollektiv təhtəlşüur» adlandırmışdır. Fərdi şəxsiyyət psixoloji prosesin hissəsi, kəsiyi, yaxud nümayəndəsidir ki, o, hər bir canlıda onun anadangəlmə xassəsi kimi əks olunmuşdur. Fərdin obraz tərzinin anadangəlmə xüsusiyyətləri Yunqa görə, instinkt adlanır. O yazırdı ki, obyektin bu psixi xüsusiyyətini arxetip kimi ifadə etməyi məsləhət gördüm. Arxetip anlayışı nə deməkdir? Yunq buna belə bir izahat vermişdir. Arxetip «ibtidai obraz» olub burada kollektiv təhtəlşüurun məzmunu şüurda açıq ifadə ounan meyllərlə və baxışlarla təmsil olunmuşdur.

Yunqun dərin məzmunlu əsərlərindən biri «Psixoloji tiplər»­dir. Demək olar ki, insan haqqında, onun psixoloji mahiyyəti haq­qında bundan güclü və kamil tədqiqat əsəri təsəvvür etmək çətindir.

Yunqun psixoloji konsepsiyasında müxtəlif sistemlər birləşir. Yunqa görə insanın daxilində 4 insan yaşayır: «Mən», «Maska», «Kölgə» və nəhayət «Ruhun obrazı». «Mən»– fərdin inkişafıyla bağ­lı son məqsəddir. «Maska»– şəxsin sosial dərisidir. «Mən» üçün qalxan rolunu oynayan «Maska», eyni zamanda son nəticədə onu simasızlaşdıra bilər. «Kölgə» «Mən»in tutqun və aşağı oxşarıdır. «Kölgə» şəxsin daxili «mən»i, onun yarımyuxulu «şər» «mən»idir, insanın zirzəmisində yaşayan vəhşi insandır.

Yunqa görə, insan dərin dəyişmələrə uğrayıb inkişaf edir, körpəlikdən böyümə və yetkinləşmə mərhələlərinə keçir. Amma bəzən qəlb anlayışlarla yox, obrazlarla keçib gəldiyi inkişaf mərhələrinə qayıdır. Bu zaman arxaik, individlərə qədərki kollektiv təhtəlşüur dövrünün xatirələri oynayıb üzə çıxır. O, xüsusilə uşaqlarda, kahinlərdə, mistiklərdə, sənətkarlarda, yuxu görənlərdə və ruhi xəstələrdə özünü göstərir. Nağıllarda əsatirlərdə, misteriya, yuxu və röyalarda onlarla yenidən görüşmək olar.

Yunq analitik psixologiyanın banisidir. O, təfəkkürün inkişaf tarixini əks etdirməyə çalışmışdır. Yunq hər bir fərdin dərin daxili aləmini və xalqların həyatının mifoloji dərinliyini ustalıqla şərh etmiş və sübuta yetirmişdir ki, Freydin bizə məlum olmayan anlaşılmaz «nəsə» təhtəlşüuru insanın yuxusunda və fantaziyalarında özünü göstərən bu qaranlıq, ehtiraslı və zorla susdurulan halları kollektiv şüurun uzaq zamanlardakı həyəcan və təcrübələrinin əks– sədasıdır.

Yunqun kəşf etdiyi kollektiv təhtəlşüur bütün bəşəriyyətə xas olan və hər hansı fərdin əsaslandığı psixi təbəqə və ya mərhələdir.

Yunqun «Metamarfoza və libido rəmzləri» ilk böyük və özünün ən çox bəyəndiyi əsəridir. Burada əks olunan arxetiplər nəzəriyyəsi fəlsəfi psixologiyada yeni bir mərhələ açdı və göstərdi ki, insanın və xalqların qədim kollektiv şüuru mifoloji motivlərlə birgə sonrakı bütün mərhələləri özüylə gətirərək, insanın beynində və hətta genlərində yatıb qalır, psixi xəstələrin, paranoiklərin sayıqlamalarında üzə çıxır.

Yunq hardasa bütün anlaşılmaz, mürəkkəb, sirli elmlərin pərdəsini açdı, bütün qədim obraz və rəmzləri oxudu, insanın dünya və fövqəldünyalarla əlaqələrini açdı. Xüsusilə mədəniyyət, din və etik normaların inandırıcı mənşəyini və tarixini yaratdı.

Yunq sağlığında əsərlərini öyrənən xüsusi institut yaradan nəhəng elm korifeylərindən biridir.

Yunq yaradıcılığının son dövründə üzünü Şərq fəlsəfəsinə tutub Tibet və Çin fəlsəfə kitablarına psixoloji şərhlər yazdı. Hətta kimyagərliyin yeni psixoloji izahını verdi.1

Freydizmi yeni dövrdə yeni Freydizm kimi təbliğ edən alman- amerikan filosofu, sosioloqu Erix Fromm (1900– 1980) olmuşdur. Fromm freydizmin sosial tənqidi ilə məşğul olmuşdur. O, faşizmi sosial hadisə kimi tədqiq edən «Adolf Hitler Nekrofilinin klinik hadisəsi» (1978) əsərini və «Azadlıqdan qaçış» (1941), «Məhəbbət sənəti» (1956), «Ümidlər inqilabı» (1968), «Malik olmaq, yaxud mövcud olmaq» (1976) və s. əsərləri ilə məşhur olmuşdur. Frommun diqqət mərkəzində fərdin subyektiv– şəxsi fəaliyyəti kimi yox, ontoloji fakt kimi götürülmüş insanın mövcudluğunun ziddiyyətləri durur. Fromm aşağıdakı dixotomiyaları2 fərqləndirməyə çalışır: insanların həyatının təşkilinin patriarxal və matriarxal prinsipləri; avtoritar və humanist şüur; xarakterin istismarçı və reseptiv (üzü yola) tipləri; malikolma və varlıq fərdin həyatının iki üsulu kimi və s. Fromma görə, müasir sivilizasiya insanların fərdi, eqoist cəhətləri ucbatından məhv olacaqdır. «Malikolma ehtirası» sinfi münasibətlərə doğru aparır. Kommunistlərin sinfi mübarizəsi də doğru deyildir. Çünki qeyri– məhdud təlabat prinsipi həyatın məqsədi kimi göstərilir. Hamı daha çox şeyə malik olmağa cəhd edir. Bu isə şübhəsiz siniflərin yaranmasına və onların arasındakı mübarizə isə özlüyündə qlobal miqyasda xalqlar arasında müharibələrə səbəb olacaqdır. «Acgözlük və sülh bir– birini inkar edir». Böyük həyat müəllimləri Budda və Xristos öz sistemlərində mərkəzi yeri ona vermişdilər ki, mülkiyyətə malik olmadan yaşamağı öyrənmək vacibdir.

Fromma görə, insan düşünən varlıq kimi bir tərəfdən, azadlığa və müstəqilliyə can atan, digər tərəfdən isə öz təhlükəsizliyi naminə bu azadlıqdan əl çəkməyə, ondan qaçmağa razı olan bir canlıdır. Bu baxımdan Fromm K.Marksla Z.Freydi birləşdirməyə çalışmışdır. Fromma görə, sosial xarakterlərin formalaşmasında başlıca amillərdən biri qorxudur. Qorxu insanı sosial normalara uyğun gəlməyən təhtəlşüur cəhətlərini sıxışdırıb tamam aradan çıxarmağa məcbur edir. Nəticədə insan təcrid olub öz– özünə qapılır. Fromm həkim– psixoanalitik kimi, Freyd isə biologizmindən uzaqlaşıb ekzistensializmə yaxınlaşmışdır.



Onun baxışları Freyddən bir də onunla fərqlənir ki, psixoanalizin banisi dinə «kollektiv nevroz» kimi baxırsa, neofreydist əksinə, dini nerozun xüsusi bir növü hesab edir.
ç) Neopozitivizm
XIX əsrdə geniş yayılmış fəlsəfi cərəyanlardan biri də pozitivizm olmuşdur. Müstəqil fəlsəfi istiqamət kimi pozitivizm keçən əsrin 30– cu illərində formalaşmışdır. Həmin cərəyanların nümayəndələrinin fikrincə, əsas məsələ fəlsəfə ilə elmin qarşılıqlı münasibəti məsələsidir. Onların təsəvvürünə görə, müsbət (pozitiv) bilik ayrı– ayrı xüsusi elmlərin nəticəsində əldə edilə bilər, yaxud da onların sintetik birliyi sayəsində mümkün ola bilər. Ona görə də reallığın məzmununu tədqiq etməyi iddia edən fəlsəfənin xüsusi elmi fənn kimi mövcud olmaq hüququ yoxdur. Pozitivizm öz inkişafında iki mərhələ keçmişdir. Birinci mərhələ öz banisi fransız filosofu O.Kontun (1798– 1857) fəlsəfi məktəbi ilə əlaqədar olmaqla XIX əsrin 30– 40– cı illərini əhatə edir. Kontun məqsədi əhatəli şəkildə elmlərin təsnifatını yaratmaq olmuşdur. Ona görə biliklərin iyerarxiyası sadədən mürəkkəbə, ibtidaidən aliyə, ümumidən konkretə doğru tarixi inkişafı əks etdirməlidir. Elmlərin ierarxiyası belədir: riyaziyyat– astronomiya, fizika– kimya– biologiya– sosiologiya.
1   ...   4   5   6   7   8   9   10   11   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə