[1] Maddə Əsas anlayışlar




Yüklə 310.88 Kb.
səhifə1/3
tarix18.04.2016
ölçüsü310.88 Kb.
  1   2   3
Su təchizatı və tullantı suları haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU



 

I fəsil
ÜMUMİ MÜDDƏALAR[1]

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:



su təchizatı sistemi - suyu mənbədən götürən, təmizləyən və istehlakçıya çatdıran bir və ya bir qrup qurğu, o cümlədən magistral (ümumiləşdirilmiş) və paylayıcı (daxili) su kəmərləri (xətləri) şəbəkəsidir;

kanalizasiya sistemi - yaşayış məntəqəsində və ya sənaye müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tullantı sularını tullantı təmizləyən məntəqəyə nəql etdirən şəbəkədir;

su təchizatı və kanalizasiya müəssisələri (su təchizatı müəssisələri, kanalizasiya müəssisələri) - mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəyyən ərazi (zona) hüdudlarında su təchizatının və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxsdir;

istehlakçı - su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxsdir;

su təchizatı və tullantı sularının axıdılması obyektləri (su təchizatı obyekti, tullantı sularının axıdılması obyekti, obyekt) - daxili (paylayıcı) su kəmərləri və kanalizasiya şəbəkəsi ümumi (magistral) su təchizatı və kanalizasiya sistemlərinə qoşulmuş və ya qoşulmalı olan hər hansı müəssisə, idarə, təşkilat, yaşayış binası, torpaq sahəsi, qurğu, binadır;

məişət (təsərrüfat)-içməli su - yaşayış məntəqəsində yaşayan əhalinin və sənaye müəssisələri işçilərinin məişət (təsərrüfat) və içmək məqsədləri üçün istifadə olunan sudur;

istehsalat məqsədli su - istehsalat, sənaye, texnoloji və başqa texniki məqsədlər üçün istifadə etdiyi sudur;

tullantı suları - istehlakçıların istifadə edərək çirkləndirdiyi sular, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır;

su (kanalizasiya) müəssisəsinin nümayəndəsi - səlahiyyətləri bu Qanunun 49-cu və 50-ci maddələrində nəzərdə tutulmuş vəzifəli şəxsdir;

yerli orqanlar - Azərbaycan Respublikasının Su Məcəlləsi, digər qanunvericilik aktları və bu Qanunla su təchizatı sahəsində səlahiyyətləri müəyyən edilmiş müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələrdir;

su təchizatı və kanalizasiya obyektinin (obyektin) sahibləri - su təchizatı və kanalizasiya obyektlərinin və ya su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edən obyektlərin (müəssisələrin, qurğuların, binaların, evlərin, mənzillərin) mülkiyyətçiləri, icarəçilərdir;

su təsərrüfatı pasportu – əhali qrupuna aid olan istehlakçılar istisna olmaqla, su təchizatı və kanalizasiya obyektinin fəaliyyət, istismar və texniki xüsusiyyətlərindən asılı olaraq istifadə etdikləri (edəcəkləri) suyun, kanalizasiya sistemlərinə axıdılan (axıdılacaq) tullantı sularının normativ həcmini və tərkibindəki çirkləndirici maddələrin yol verilən qatılıq həddini müəyyənləşdirən texniki sənəddir. [2]

Maddə 2. Qanunun məqsədi

Qanunun məqsədi istehlakçıların dövlət standartlarının tələblərinə cavab verən keyfiyyətli və lazımi miqdarda su ilə təmin edilməsi, tullantı sularının axıdılması sahəsində münasibətlərin tənzimlənməsidir. [3]

Maddə 3. Su təchizatı və tullantı sularının axıdılması haqqında qanunvericilik

1. Su təchizatı və tullantı sularının axıdılması haqqında qanunvericilik bu Qanundan, Azərbaycan Respublikasının Su Məcəlləsindən və digər normativ hüquqi aktlardan ibarətdir.

2. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq normaları və ya Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə ziddiyyət təqşkil edərsə, beynəlxalq hüququn və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin müddəaları tətbiq olunur.

Maddə 4. Sudan istifadə ilə əlaqədar hüquqlar

1. Fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər.

2. Su təchizatı və kanalizasiya müəssisəsinin əldə etdiyi su (təmizlədiyi tullantı suları) onun məhsulu hesab edilir və bu sudan məqsədli istifadə olunur.

3. Hüquqi və fiziki şəxslər tərəfindən su təchizatı müəssisələrindən alınan su həmin şəxslərin mülkiyyətidir və bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, bu sudan onlar tərəfindən istədikləri şəkildə istifadə olunur.

Maddə 5. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi prinsipləri

1. Su təchizatı və kanalizasiya müəssisələri öz vəzifələrini həyata keçirərkən aşağıdakı prinsiplərə əsaslanırlar:

a) su təchizatı, tullantı sularının axıdılması və tullantıların atılması xidmətlərinin göstərilməsində öz xərcinin çıxarılması;

b) istehlakçıların müvafiq keyfiyyətli və lazımi miqdarda su ilə, ilk növbədə içməli su ilə təmin olunması;

c) su ehtiyatlarından səmərəli istifadə olunması;

ç) tullantı suları və tullantıların təmizlənməsi və atılmasının etibarlı sisteminin yaradılması.

2. Su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər.

3. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[4]

Maddə 6. Su təchizatı və kanalizasiya müəssisələrinin funksiyaları

Su təchizatı və kanalizasiya müəssisələri aşağıdakı funksiyaları həyata keçirirlər:

a) nizamnamələrində nəzərdə tutulmuş qaydada və vəzifələrə uyğun olaraq xidmətlər göstərirlər;

b) müəssisənin istifadəsinə verilmiş su ehtiyatlarını, su təchizatı və kanalizasiya qurğularını idarə edirlər;

c) müvafiq icra hakimiyyəti orqanının su təchizatı və kanalizasiya müəssisələrinin vəzifələrinə aid qərarlarını həyata keçirirlər.

II fəsil
SU TƏCHİZATI VƏ KANALİZASİYA SAHƏSİNDƏ DÖVLƏT TƏNZİMLƏNMƏSİ

Maddə 7. Su təchizatı və tullantı sularının axıdılması sistemlərinin yerləşdirilməsi və inkişaf sxemləri

1. Su təchizatı və tullantı sularının axıdılması sistemlərinin layihələndirilməsi və tikilməsi, əhalinin, müəssisə, idarə və təşkilatların məişət (təsərrüfat)-içməli, sənaye-texnoloji və digər məqsədlər üçün su ilə təmin olunması, həmçinin tullantı sularının axıdılması, nəqli, təmizlənməsi,tullantıların zərərsizləşdirilməsi və atılması prosesləri su təchizatı və kanalizasiya təsərrüfatlarının yerləşdirilməsi və inkişafı respublika və regional sxemlərinə müvafiq olaraq həyata keçirilir.

2. Respublika sxemləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada Azərbaycan Respublikasının bütün ərazisi üçün hazırlanır və təsdiq edilir.

3. Naxçıvan Muxtar Respublikasının regional sxemləri Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanır və təsdiq edilir.

4. Şəhərlərin, rayonların regional sxemləri müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrin iştirakı ilə hazırlanır və təsdiq edilir.

Maddə 8. Su təchizatı və kanalizasiya müəssisələrinə dövlət yardımı

1. Mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemlərinin etibarlı fəaliyyətini və inkişafını təmin etmək, təbii fəlakətlərin nəticələrini aradan qaldırmaq məqsədi ilə su təchizatı və kanalizasiya müəssisələrinə dövlət yardımı göstərilə bilər.

2. Su təchizatı və kanalizasiya müəssisələri üçün nəzərdə tutulmuş vəsaitdən səmərəsiz istifadə edildikdə, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən dövlət yardımı azaldıla bilər, vəsaitdən məqsədyönlü istifadə olunmadıqda isə tamamilə dayandırıla bilər.

3. Dövlət yardımı dotasiya və kredit şəklində verilə bilər. Dövlət yardımının konkret növü, şərtləri və həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

4. Əhalinin müəyyən kateqoriyalarına imtiyazlı xidmət nəticəsində su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən çəkilmiş xərclərin ödənilməsi müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

Maddə 9. Ərazilərin (zonaların) müəyyən edilməsi və onlara cavabdeh müəssisələrin təyin edilməsi

1. Bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı ölkə ərazisinin su təchizatı və (və ya) tullantı sularının axıdılması zonalarına bölünməsini təmin edir, o cümlədən bir və ya bir neçə zonada su təchizatına və (və ya) tullantı sularının axıdılmasına cavabdeh olan müəssisələri təyin edir. Müəyyən ərazidə su təchizatına və tullantı sularının axıdılmasına cavabdeh olan su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə və müvafiq icra hakimiyyəti orqanı ilə bağlanmış müqavilədə nəzərdə tutulan vəzifələri icra edir və səlahiyyətləri həyata keçirir.

2. Müvafiq icra hakimiyyəti orqanı su təchizatı və kanalizasiya müəssisəsinə müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada və şərtlərlə, bələdiyyələrlə razılaşdırılmaqla, müəssisənin xidməti zonasının hüdudlarından kənarda onun fəaliyyətini həyata keçirməyə səlahiyyət verə bilər.

Maddə 10. Su obyektlərindən istifadəyə icazənin verilməsi

Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə nəzərdə tutulmuş qaydada və şərtlərə əsasən bələdiyyələrlə razılaşdırmaqla aşağıdakılara icazə verir:

a) müəyyən miqdarda yerüstü və yeraltı suyun qəbuluna;

b) tullantı sularının hər hansı yerüstü və yeraltı su hövzələrinə axıdılmasına, həmçinin tullantıların (o cümlədən maye tullantıların) daşınmasına, torpaqda və ya su hövzələrində basdırılmasına;

c) su bəndlərinin, su anbarlarının və digər hidrotexniki qurğuların tikintisinə.

Maddə 11. Fövqəladə hallarda fəaliyyət

1. Bu maddədə fövqəladə hallar dedikdə böyük miqyaslı qəzalar, təbii fəlakətlər nəzərdə tutulur ki, onlar aşağıdakı nəticələrə gətirə bilər:

a) su təchizatı və tullantı suları axıdan qurğuların işinin ciddi şəkildə pozulmasına;

b) əhalinin hamısının və ya əksər hissəsinin mənafeyinə toxunan maddi zərər, dağıntı və insan tələfatına, yaxud fövqəladə ekoloji böhrana.

2. Fövqəladə hallar baş verdiyi zaman müvafiq icra hakimiyyəti orqanı müvafiq su təchizatı və kanalizasiya müəssisəsi, bələdiyyə birgə fəaliyyət göstərirlər.

3. Müvafiq icra hakimiyyəti orqanı fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə əlaqədar su təchizatı və kanalizasiya müəssisələri tərəfindən çəkilmiş xərclərin ödənilməsi məqsədi ilə dövlət vəsaiti ayırır.

III fəsil


SU TƏCHİZATI

Maddə 12. Su təchizatı müəssisələrinin vəzifələri

Hər bir su təchizatı müəssisəsi öz zonası hüdudlarında səmərəli və qənaətcil su təchizatı sistemini yaratmaq və saxlamaqla aşağıdakıları təmin etməlidir:

a) məqsədlərindən asılı olaraq keyfiyyət normalarına və müvafiq dövlət standartlarının tələblərinə cavab verən və lazımi miqdarda istehlakçıların məişət (təsərrüfat)-içməli, istehsalat və digər məqsədlər üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən miqdarda  su ilə təmin olunmasını; [5]

b) su kəmərlərindən ətraf mühitə su sızmasının aradan qaldırılmasını və belə halların baş verməsinin qarşısının alınmasını;

c) əsas vəsaitlərin lazımi qaydada saxlanılmasını və onların təkmilləşdirilməsini, xidmətlərin genişləndirilməsini və yaxşılaşdırılmasını, həmçinin su təchizatı sahəsində bu Qanuna müvafiq olaraq digər vəzifələrin yerinə yetirilməsini.

Maddə 13. Məişət (təsərrüfat)-içməli məqsədlər üçün su təchizatı

1. Su tәchizatı müəssisələri aşağıdakı hallarda özünün xidməti zonasının konkret ərazisində məişət (təsərrüfat)-içməli su ehtiyaclarının ödənilməsi üçün obyektləri lazımi miqdarda su ilə təmin etməli, habelə su kəmərləri xətlərini quraşdırmalıdırlar:

a) müəssisənin xidməti zonasında yerləşən tələbatçıların (istehlakçıların) sifarişini aldıqda;

b) su təchizatının yeni su kəmərləri xətləri vasitəsi ilə təmin olunması nəzərdə tutulan obyektlər, binalar, o cümlədən tikilməkdə olan və ya layihələşdirilən binalar mövcud olduqda;

c) həmin ərazidə obyektlərin su ilə təchizatından əvvəl müvafiq normativ hüquqi aktlarla müəyyən edilən tələblərin yerinə yetirilməsini və xidmət haqqının ödənilməsini nəzərdə tutan lazımi müqavilələr bağlandıqda.

2. Su təchizatı müəssisələri su kəmərlərinə ehtiyacları olan istehlakçılardan su kəməri istifadəyə verildikdən sonra razılaşdırılmış müddət ərzində ona çəkilən xərclərin ilbəil ödənilməsi haqqında öhdəliklər də daxil olmaqla su kəmərinin tikintisi zamanı su təchizatı müəssisəsi üçün zəruri olan zəmanətlərin (maliyyə və digər xarakterli) və ya başqa öhdəliklərin yerinə yetirilməsi haqqında zəmanətlərin verilməsini qanunvericiliklə və ya müvafiq müqavilələrlə nəzərdə tutulmuş qaydada tələb edə bilərlər[6]

3. Yeni su kəmərlərinin tikintisi və onların istismara verilməsinə aid bütün məsələlər üzrə müddətlər və şərtlər tərəflərin bağladığı müqavilə ilə, belə müqavilə olmadığı hallarda isə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyənləşdirilir.

4. Su təchizatı müəssisələri obyektləri məişət (təsərrüfat)-içməli məqsədlər üçün su ilə yuxarıda qeyd olunan tələblərin yerinə yetirildiyi təqdirdə və ancaq bu maddədə nəzərdə tutulan obyektlərin təchizi hallarında təmin etməyə borcludurlar.

5. İstehlakçı bu Qanunda nəzərdə tutulmuş haqları vaxtında ödəmədikdə su təchizatı müəssisələri bu maddədə nəzərdə tutulmuş vəzifələrini həyata keçirməkdən imtina edə bilərlər.

6. Məişət (təsərrüfat)-içməli məqsədlər üçün su ilə təmin olunan istehlakçılar tərəfindən bu sudan müqavilədə göstərilməyən məqsədlər üçün istifadə edilməsi və digər istehlakçılara belə istifadəyə icazə verilməsi qadağan olunur.

Maddə 14. İstehsalat məqsədləri üçün su təchizatı

1. Bu maddənin müddəaları o vaxt tətbiq oluna bilər ki, obyektin sahibi tərəfindən su təchizatı müəssisəsinə obyektin su ilə təchizatı barədə sifariş verilmiş olsun və:

a) obyekt tamamilə və ya əsasən qeyri-yaşayış binası olsun;

b) su təchizatı məişət (təsərrüfat)-içməli məqsədlər üçün deyil, digər ehtiyacları ödəmək üçün nəzərdə tutulsun.

2. Su təchizatı müəssisəsi razılaşdırılmış müddətlərə və şərtlərə uyğun olaraq bu maddənin şamil olunduğu hər hansı obyekti su ilə təchiz etməyə borcludur.

3. Su təchizatı müəssisəsi aşağıdakı hallarda su ilə təchiz etməkdən imtina edə bilər:

a) əgər yeni yaradılacaq su təchizatı sistemi, su təchizatı müəssisəsinin digər istehlakçıları məişət (təsərrüfat)-içməli və başqa məqsədlər üçün su ilə təminetmə sahəsində mövcud (sifarişin verildiyi vaxt) və proqnoz öhdəlikləri nəzərə alınmaqla, həddən artıq əlavə məsrəflərə səbəb olarsa;

b) əgər bu su təchizatı müəssisəsinin indiki və gələcək məişət (təsərrüfat)-içməli məqsədli su istehlakçıları qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə maneələr yaradarsa;

c) əgər istehlakçının daxili su paylayıcı şəbəkəsinin vəziyyəti su kəmərləri xətlərinin texniki istismarı üzrə normativ hüquqi aktlara uyğun gəlmirsə.

4. Bu maddədə nəzərdə tutulan obyektlərin su ilə təchiz olunması şərtləri və müddətləri tərəflərin bağladığı müqaviləyə əsasən, belə müqavilə olmadıqda isə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyənləşdirilir.

Maddə 15. İctimai ehtiyaclar üçün su təchizatı

1. Su təchizatı müəssisələri təqdim olunmuş sifarişlər əsasında kanalizasiya, yaşıllaşdırma, yol təsərrüfatı müəssisələrini və yerli orqanları (bələdiyyələri) ictimai ehtiyaclar üçün su ilə təchiz edirlər. Buna kanalizasiya borularının və drenaj axarlarının təmizlənməsi, şose yollarının yuyulması və isladılması, həmçinin böyük su sərfi tələb edən digər ictimai məqsədlər üçün, o cümlədən parkların, hovuzların, hamamların, camaşırxanaların və qızdırıcı sistemlərin su ilə təchizatı aid edilir.

2. Bu maddəyə əsasən su təchizatı müəssisələri tərəfindən su təchizatı bütün maraqlı tərəflər üçün qarşılıqlı əlverişli və sərfəli hesab olunan müqavilə şərtlərinə əsasən təmin edilir.

3. Bu maddəyə əsasən su təchizatı müəssisəsi müqavilədə göstərilməyən hər hansı əlavə xərclərin və işlərin görülməsini nəzərdə tutan su təchizatını həyata keçirməyə borclu deyil. Lakin tərəflərin razılığına əsasən belə işlər sifarişçinin (tamamilə və ya qismən) hesabına su təchizatı müəssisəsi tərəfindən aparıla bilər.

Maddə 16. Suyun topdan təchizatı

1. Müvafiq icra hakimiyyəti orqanı aşağıdakı hallarda su təchizatı müəssisələrindən biri (bir neçəsi) tərəfindən digərinin (digərlərinin) su ilə topdan təchiz edilməsinə dair qərar qəbul edə bilər:

a) suyun verilməsi nəticəsində su verən müəssisənin özünün su təchizatında qıtlıq yaranmadıqda və həmin müəssisə maddi ziyan çəkmədikdə;

b) su təchizatı müəssisələri (tərəflər) arasında suyun verilməsi barədə müvafiq müqavilənin bağlanması mümkün olmadıqda.

2. Bu maddəyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş qərarda, bu qərarla əlaqədar su təchizatı müəssisəsi tərəfindən çəkilmiş xərclərin ödənilməsi nəzərdə tutulmalıdır.

Maddə 17. Sanitar mühafizəsi zonaları

1. Su təchizatı müəssisələri Azərbaycan Respublikasının Su Məcəlləsi ilə nəzərdə tutulmuş sanitar mühafizə zonalarının yaradılması və rejiminin həyata keçirilməsi məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahələri mülkiyyətçilərinin (istifadəçilərinin, icarəçilərinin), həmçinin digər şəxslərin bu zonalarda fəaliyyətlərini qadağan etmək hüquqlarına malikdirlər.

2. Su təchizatı müəssisəsi sanitar mühafizə zonası rejimini mövcud tikinti normalarına və qaydalarına uyğun həyata keçirir.

Maddə 18. Su təchizatının keyfiyyəti

1. Su təchizatı müəssisəsi məişət (təsərrüfat)-içməli ehtiyacları üçün suyun keyfiyyətinə qoyulan tələblərin təmin olunması məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirməlidir:

a) paylayıcı su kəmərləri şəbəkəsinə verilənə qədər suyun keyfiyyətli olmasını təmin etmək;

b) verilən suyun keyfiyyətinin müvafiq dövlət standartlarına uyğunluğuna nəzarət etmək;

c) suyun götürüldüyü yerdə onun keyfiyyətinə nəzarət etmək və onun keyfiyyətinin müvafiq dövlət standartlarına uyğun gəlmədiyi hallarda ondan istifadəyə imkan verməmək.

2. Su təchizatı müəssisələri məişət (təsərrüfat)-içməli ehtiyacları üçün obyektləri su ilə təmin etməkdən ötrü bir və ya bir neçə mənbədən götürülərək magistral kəmərlərə verilən suyun keyfiyyətinin pisləşməsinin qarşısını almaq məqsədi ilə vaxtında təxirəsalınmaz tədbirlər həyata keçirməlidirlər.

3. Su təchizatı müəssisələri, onların təqsiri üzündən baş verən hadisələr istisna olunmaqla, magistral kəmərdən istehlakçının paylayıcı şəbəkəsinə verildikdən sonra suyun keyfiyyətinin pisləşməsinə görə məsuliyyət daşımırlar.

4. Su təchizatı müəssisəsinin təqsiri üzündən suyun magistral kəmərdən istehlakçının paylayıcı sisteminə verilməsi anında onun keyfiyyətinin pisləşməsi təhlükəsi olduqda, həmin müəssisə belə təhlükənin aradan qaldırılması və ya onun minimuma endirilməsi üçün zəruri tədbirləri həyata keçirməlidir.

Maddə 19. Su təchizatının sabitliyi

1. Su təchizatı müəssisələri məişət (təsərrüfat)-içməli məqsədli magistral və digər su kəmərlərində və ya onlara qoşulmuş yanğın əleyhinə istifadə olunan çıxışlarda müəyyən edilmiş normativlərə uyğun minimum sabit təzyiqi təmin etməlidirlər.

2. Bu maddəyə əsasən su təchizatı müəssisələri qəzaların aradan qaldırılması və təmir-profilaktika işlərinin aparılması məqsədi ilə su təchizatının dayandırılması və ya məhdudlaşdırılması zamanı su təchizatının sabitliyinə cavabdehlik daşımırlar.

3. Müvafiq icra hakimiyyəti orqanının su təchizatının təzyiqi və sabitliyinin əlavə olaraq daha yüksək səviyyədə saxlanılması haqqında qərarında su təchizatı müəssisəsində bu qərarın yerinə yetirilməsi üçün zəruri olan pul kompensasiyasının verilməsi nəzərdə tutulmalıdır.

Maddə 20. Suyun qıtlığı zamanı su təchizatı

1. Nəzərdə tutulmuş xərclər hesabına magistral su xətləri ilə lazımi miqdarda və tələb olunan keyfiyyətdə suyun verilməsi, habelə su təsərrüfatı pasportunun nümunəsi, tərtibi və razılaşdırılması mümkün olmadıqda, su təchizatı müəssisəsi yerli orqanların (bələdiyyələrin) müraciətinə əsasən və onların hesabına tərəflər arasında razılaşdırılmış yerlərə, yaxud birbaşa obyektlərə suyun digər üsullarla (sudaşıyan maşınların köməyi ilə və ya su üçün tutumların aparılması) çatdırılmasını təmin edir. [7]

2. Bu maddənin 1-ci bəndinin müddəaları o vaxt tətbiq edilir ki:

a) məişət (təsərrüfat)-içməli ehtiyacları üçün suyun təchizatı keyfiyyətinin aşağı səviyyədə olması və ya suyun qıtlığı insanların sağlamlığını və həyatlarını təhlükə altına alsın. Bu halda yerli orqanlar (bələdiyyələr) bu barədə su təchizatı müəssisələrinə məlumat verir və öz tələblərini irəli sürürlər ki, su təchizatı müəssisəsi bu tələblərin yerinə yetirilməsi imkanlarını müəyyənləşdirə bilsin;

b) su təchizatı müəssisəsi alternativ vasitələrin köməyi ilə bu bəndin “a” yarımbəndində qeyd olunan tələblərin yerinə yetirilməsi üçün maliyyə və texniki ehtiyatlara malik olsun;

c) yerli orqanlar (bələdiyyələr) alternativ su təchizatı dövründəki xərclərin müəyyən müddətdə ödənilməsi və kompensasiyanın müddətləri barədə su təchizatı müəssisəsi ilə müqavilə bağlasın.

3. Əhalinin alternativ su təchizatı ilə əlaqədar, mərkəzləşdirilmiş su təchizatının qiymətindən əlavə xərclər müvafiq büdcə vəsaiti hesabına su təchizatı müəssisəsinə ödənilir.

Maddə 21. Su təchizatı sisteminin istismara verilməsinin elan edilməsi

Su təchizatı müəssisəsi su təchizatı zonası və ya onun bir hissəsində su təchizatı sisteminin istismara verilməsi barədə yerli orqanlara (bələdiyyələrə) rəsmi məlumat verir və kütləvi informasiya vasitələrində elan edir.

Maddə 22. Su təchizatı sistemlərinin tikinti xərclərinin ödənilməsi

Su təchizatı sistemlərinin yaradılmasına və ya tikintisinə çəkilən xərclər su təchizatı müəssisəsi tərəfindən aşağıdakı mənbələrdən ödənilə bilər:

a) su təchizatı obyektlərinin sahiblərinin ödəmələrindən;

b) su təchizatı müəssisəsinin ümumi gəlirlərindən və fondlarından;

c) su təchizatı sisteminin inkişafı və əsaslı tikintisinə sərf olunan xərclərin qismən ödənilməsi üçün ayrılan dövlət vəsaitindən və digər ödəmələrdən.

Maddə 23. Su təchizatı sisteminə qoşulmaqdan irəli gələn vəzifələr və şərtlər

1. Su təchizatı müəssisəsi öz su təchizatı zonasında yerləşən hər hansı istehlakçının müraciətinə əsasən onu aşağıdakı şərtlərlə su təchizatı sisteminə qoşmalıdır:

a) müraciət edən istehlakçı mövcud və ya tikilməsi planlaşdırılan obyektin və ya onun bir hissəsinin sahibi olsun;

b) qoşulma, fiziki şəxs olan istehlakçılar istisna edilməklə digər istehlakçı qruplar üzrə istehlakçının hesabına aparılsın.[8]

2. Müraciətlə əlaqədar su təchizatı müəssisəsi aşağıdakıları tələb edə bilər:

a) su təchizatı sisteminə qoşulma üçün zəruri olan məlumatların təqdim olunmasını;

b) istehlakçı tərəfindən aparılan işlər zamanı qoşulmaya dair müvafiq norma, qayda və tələblərə riayət olunmasını. 

  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə