1. İmam Xomeyninin böyük İslam inqilabının qələbəsində rolu




Yüklə 412.09 Kb.
səhifə1/7
tarix27.04.2016
ölçüsü412.09 Kb.
  1   2   3   4   5   6   7


Zərİf məqamlar

(Böyük Rəhbər Ayətullah Xameneinin 1979-2004-cü illərdə müəllim və tələbələr qarşısında çıxışlarından seçmələr)

Üçüncü cild

Tərtib edən: Həsən Qüddusizadə

Çevirən: Maqsud Əzizoğlu

QURULUŞ VƏ İNQİLAB


1. İmam Xomeyninin böyük İslam inqilabının qələbəsində rolu

İmamın ən böyük üstün cəhəti bu idi ki, özünü bir şəxsiyyət olaraq önə çəkmədi. Özlüyündə də özünü İslam və müsəlmanlarla bağlı məsələlərdə bir şəxsiyyət kimi hesab etmirdi. İmam İslamda həll olmuş, ilahi maarifə könül vermiş bir insan idi. Səmimi qəlbdən bu maarifi qəbul etmiş, onun tərkib hissəsi olmuşdur. O, Allahın insan həyatındakı hakimiyyətini qəbul etmişdi. Öz şəxsi həyatında da həqiqətən, ilahi hakimiyyəti qəbul etmişdi. Allahın qulu idi, Ona müti idi.

İlahi hakimiyyət buradan başlayır. Öncə ürəyimizi Allahın bəndəsi edək. Allahı könlümüzə, varlığımıza hakim edək. Sonra bütün ölkədə, cəmiyyətdə (Allah) hakimiyyəti qurmaq yönündə hərəkət edək. Beləcə növbə dünyaya çatsın. Belə insanlar iş görə, irəliləyə bilərlər. İmam həqiqətən, bu sahədə ilahi rəhbər, öndər idi. Buna görə də onun qopardığı fəryad İslam fəryadı idi, Allah fəryadı idi. O, Allahın adı və yolu sayəsində könüllərlə əlaqə yarada bildi, ürəkləri ələ aldı.

Həmişə belə olmuşdur. İlahi bir məsələ ortaya çıxdıqda tağut toxumaları öz-özünə kənarlaşır. Önəmli olan budur ki, o ilahi əzm, o ilahi təşəbbüs meydana girsin. (Allahdan) qorxanlardan Allahın nemət verdiyi iki nəfər dedi: “Onların üstünə (qəflətən) qapıdan (yaşadıqları şəhərin qapısından) girin. Əgər (qapıdan) girsəniz, onlara mütləq qələbə çalarsanız. Əgər möminsinizsə, Allaha təvəkkül edin!” (“Maidə, 23”). Kənara çəkilsəniz heç bir nəticəsi olmayacaq. Ən böyük insanlar, ən böyük müqəddəslər, zəkalar meydana atılmayıb kənara çəkilsələr, bütün dalğalar onların başının üstündən ötüb keçəcək və onlar, geri qalacaqlar. Amma elə ki, həmin iman, əzm, həmin bilik, nur dolu saf ürək meydana atıldı, artıq sehr batil olacaqdır.

Hər bir sehr möcüzənin gəlişi ilə batil olur. Musanın əsası meydan atıldısa, sizin meydana atdıqlarınız cadu və aldadıcıdır, həqiqət deyil. Həqiqət, Musanın əsasıdır. O daxil oldusa, bütün sehrlər bir göz qırpımında aradan gedirlər.

İmam bu işi gördü. Ona görə də ürəklər ona doğru cəzb oldu. Bəziləri təəccüblənirlər. bu hadisəni təhlil edə bilmirlər. Necə oldu ki, yanlış, qeyri-sağlam, bütün mədəni amillərin gəncləri fəsada sövq etdiyi bir sistemdə, birdən-birə gənclər meydana atıldılar və bu böyük inqilab baş verdi? Səbəb bu idi. Bu sosioloji, psixoloji baxımdan da tam aydın təhlil oluna bilər. İmam bu meydana elə bir miniklə atıldı ki, o miniyə minən hər kəs sağlam yatmışları oyada bilər.1


2. İnqilabın fəthlərin fəthi

İnsanın maddi həyatının xüsusiyyətləri arasında həyat nemətindən sonra gənclik ən mühüm yer tutur. Buna görə də siz rəvayətlərdə təkrar-təkrar görürsünüz ki, qiyamət günü Allah dörd şey haqqında soruşmadan heç kimi addım atmağa qoymayacaq. Onlardan biri gənclikdir. "Gəncliyi necə və harada keçirdin?"

Allah-taala bütün insanları ömrünün müəyyən zaman kəsiyində bəxş etdiyi bu böyük enerji mənbəyi, güc – istinasız olaraq bütün insanlar həyatlarının bu dövrünü keçirməlidirlər – xoşbəxt həyat üçün tədarük görməyə, möhkəm bir qanunauyğunluq yaratmağa sərf olunmalıdır. Bu dövrü keçdikdən sonra insanda böyük işlər üçün gərəkli ciddi-cəhd azalır. İnsanın gücü də azalır. Fundamental işlər görə bilmir. İnsanın özünütərbiyəsi, şəxsiyyətini formalaşdırması çətinləşir.

Əlbəttə, Allah bəşər üçün heç nəyi – ona bəxş etdiyi bu böyük bacarıq sayəsində – qeyri-mümkün, mahal etməmişdir. Hər halda hamı ömrünün sonunadək növbənöv böyük işlər görə, səylər göstərə bilər. Amma işin gənclik dönəmindən sonra çətinləşməsi, gənclikdə daha asan, daha yüngül olması mühüm bir gerçəkdir.

Tarix boyu dünya xalqlarının çoxu bu zaman kəsiyində ziyana uğramışlar. Yəni bir gün aradan getməli olan gənclik sərmayəsini boşuna keçirmiş və öz gələcəkləri üçün mühüm bir iş görmməmiş, maya qoymamışlar. Bəziləri qəflətlə, bəziləri ehtirasla, bəziləri bir sıra faydalı işlərlə, lakin öz mənəvi, ruhi məsləhətlərinə riayət etmədən keçirmişlər.

İnqilabın, İmam Xomeyninin "fəth əl-fütuh" (fəthlər fəthi) adlandırdığı ən böyük nailiyyəti gəncləri tərbiyə edə, yetişdirə bilməsidir. İnqilab maddi dünyaya bulaşmış, əxlaqi baxımdan bataqlığa yuvarlanmış insanları zəkası və möhkəm iradəsi ilə bəşəriyyətin böyüklərinin yolunu, bəşəri səadət yolunu seçən pak, nurlu insanlara çevirdi. Bu inqilab misi qızıla çevirən, istedadları dəyişən iksir idi. Bu, eynilə Peyğəmbərin (s) İslamın erkən çağlarında gördüyü işdir. Müsəb ibn Ümeyr Ühüd döyüşündə şəhid olduqda Peyğəmbər (s) onun başı üzərinə gəlib ağladı. (Rəvayətlərə və tarixi qaynaqlara görə) Səhabələrinə buyurdu: Bu gənc Məkkədə (Əlbət ki, İslamı qəbul etməzdən öncə) ən yaxşı, ən gözəl, ən iftixarlı libaslar geyinərdi. Məkkədə ən gözəl bəzəklə gəzərdi. Məkkənin bütün kişi və qadınları ona baxardı. Cahiliyyət dəyərlərinə uyğun, həmin dəyərlərdə qərq olmuş bir gənc idi. Bütün səyi gözəl geyinmək, iftixar edəcək şəkildə geyinmək, daha gözəl görünmək idi.

İslam bu gənci dəyişdi, bir qəhrəmana, mənalı insana çevirdi. Peyğəmbər (s) Məkkədən Yəsribə (Mədinəyə) getməzdən öncə yəsriblilərə Quran öyrətmək üçün bu gənci göndərdi. Peyğəmbərin (s) ətrafında yaşlılar da var idi. Amma həzrət (s) onu göndərdi və o, yəsriblilərin Quran müəllimi oldu. Ühüd döyüşündə də şəhid oldu. İsti səhra qumları üzərinə düşdü. Peyğəmbər (s) onun başı üzərində dayanıb pak cəsədinə nəzər saldı və ağlamağa başladı.

İnqilab budur. Dəyərlər inqilabı. Yəni bir gənc üçün önəm daşıyan şeyləri dəyişir. Bu və ya digər gənc üçün önəmli olan, onun dəyər verdiyi şey bu idi di, filan ətiri vursun, filan markalı ayaqqabını geyinsin, saçını filan modelə uyğun bəzəsin, filan prospektdə bir-iki saat yol getsin. Onu nə ölkənin inkişafı, nə abadlaşması, nə də azacıq öz könlünün abadlaşması, nurlanması düşündürürdü. Maksimum – tutaq ki, - intim məsələlərlə bağlı ehtirasını soyutmaq, yaxud yeyib-içmək kimi bu qəbil maddi məsələlərə qərq olmuşdu.

Əzizlərim, gənclik belə keçirdi. Lakin inqilab onu dəyişdi. Sanki bir qrup nadan uşağın əlinə qiymətli cəvahirat düşmüşdü. Küçələrdə, tinlərdə onunla uşaq oyunları oynayırdılar. Sonra biri gəlib onu təmizlədi, qiymət qoydu. Onu lazımi yerdə istifadə etdi. Bu gənclik həmin ləl-cəvahirat idi. Keçmiş mədəniyyətdə, rejimdə Qərb mədəniyyətini kortəbii təqlid nəticəsində belə bir vəziyyət yaranmışdı.

Gənclərin düşünməsi, ətrafda baş verənləri anlaması, həqiqət, nəciblik, Allah, mənəviyyat, özünütərbiyə yolunda addımlaması o günün siyasətçilərinə sərf etmirdi. Bu onlar üçün başağrıdıcı ola bilərdi. Buna görə də gənclərin fəsada üz tutmasını müsbət qarşılayırdılar.

İnqilab gəldi və o, gövhəri, ləl-cəvahiratı gənclərə tanıtdı. Məcburi müharibə (İran-İraq müharibəsi nəzərdə tutulur) də gənclərdə bu parlaq cəvahiratın büruz etdiyi meydan idi. Allaha şükürlər olsun ki, savaşdan sonra da davam etdi. Mən sizə deyirəm, bilin ki, düşmən bu məqamı hədəfə almışdır. Əgər gəncləri nurlandırmaq, onları gəncliyi yüksək dəyərlər yolunda sərf etmək haqqında məlumatlandırmaq, onun əhəmiyyətini başa salmaq, gənci oyatmaq fəthlər fəthidirsə, imperializmin, hegemonçuluğun da fəthlər fəthi, əks-hücumu bunu gənclərdən almaqdır. Yenə gənclərin başını fəsada, aludəçiliyə, yanlış düşüncəyə, puç, əsassız, arxasında heç bir həqiqət olmayan fəlsəfəyə bənzər məsələlərə qatmaqdır. Yalnız danışmaq, çəkişmək, vaxt (heç bir faydası olmadan) keçirmək, onları həqiqətdən, həyat yolundan, inqilab ideallarından, bu millətin, inqilabın gənclərdən umduğu şeylərdən qafil etməkdir.1
3. İnqilabımızın qələbəsi xalqın saflığının, ixlasının nəticəsi idi.

İslama görə aləmi islah etməyin basilica yolu insan nəfsinin islahından, saflaşdırılmasından keçir. Hər şey buradan başlayır. Quran, öz güclü əli ilə tarix səhifəsini çevirmək istəyən nəsilə buyurur: “Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı qoruyun2, “Ey iman gətirənlər! Nəfslərinizi qorumaq sizin borcunuzdur3. Özünüzdən muğayat olun. Özünüzə vaxt ayırın və öz nəfsinizi saflaşdırın, paklayın. “(Günahlardan) Təmizlənən kimsə isə nicat tapacaqdır4. Əgər İslamın erkən çağ cəmiyyəti insanların saflaşdırılmasından başlamasaydı, onda kifayət qədər saf, xalis, qatqısız adamlar olmasaydı, İslam ayaq tutub yeriməzdi, genişlənməzdi. Dünyanın müşriksayağı cərəyanlarını yenməzdi, tarix İslam xətti üzrə hərəkətə başlamazdı. Əgər saflaşmış, islah olunmuş insanlar olmasa, cihad da yoxdur.

Bizim inqilabımızın zəfəri saflığın, ixlasın, sırf Allah üçün iş görməyin, şəxsi və maddi mənafedən keçməyin nəticəsi idi. Məcburi savaşda (İran-İraq müharibəsi nəzərdə tutulur) müqavimət göstərmək də belə idi.5
4. İran xalqının milli kimliyi

Milliyyət nədir? Milliyyət kollektiv kimlikdir. Hansı ki, hər bir ölkə buna sahib olmaqla özünün bütün imkanlarını inkişafa, uğura yönəldə bilər. Əgər bu milli kimlik hissi olmazsa, o millətin qarşısına çoxlu sayda (aşa bilməyəcəyi) problemlər çıxacaq. Bir çox müvəffəqiyyətləri qazanmaqdan məhrum olacaq. Yəni bu və ya digər ölkə milli kimlik hissi olmadan bir çox uğurlara, nailiyyətlərə yetə bilməyəcək. Bizim ölkəmizdə bu milli kimlik, kollektiv mənlik hissi, hətta milli mənsubiyyətdən də yüksəkdə durur. Biz, milli mənsubiyyətə hörmətlə yanaşmağımıza, onu müqəddəs hesab etməmizə baxmayaraq və milli mənsubiyyətə, nasionalizm anlayışına dünya siyasət terminologiyasında olduğu kimi mənfi yox, müsbət mənada çox söykənirik. Amma İran xalqının milli kimliyi, kollektiv mənliyi İslam quruluşudur. Bu İran xalqının milli mənsubluğundan daha cəlbedici, daha geniş təsir qüvvəsinə malik bir kimlikdir.

Bu kollektiv kimliyin əhəmiyyəti budur ki, həm İran miqyasında əks-səda doğurmuş, təsirli olmuşdur, həm İslam dünyasında təsirlidir, həm də dünya miqyasında. Yəni bu elə bir şeydir ki, digər millətlərin heç birində yoxdur. Bu milli mənsubiyyətin fövqündə duran bir məsələdir. Milli mənsubluğun fövqündə olan şüarların bəzisi məhduddur. Misal üçün, ərəblər ərəb kimliklərinə, nasionalizmə, ərəbçiliyə söykənirlər. Lakin bu kimlik, birincisi, yalnız ərəbləri əhatə edir. Onlardan o yana çıxa bilmir. İkincisi isə ərəb olmaq bir gerçək, bir reallıqdır. Bu, milli mənsubiyyətin hüdudları fövqündə duran ideya deyil ki, digər dünya xalqlarını cəlb edə bilsin. Buna görə də inhisar içində çabalayır. Hətta sərhədlərinin o tayında olan insanlarla ziddiyyət təşkil edir. Ərəb və qeyri-ərəb, ərəb və fars, ərəb və türk qarşı-qarşıya qoyulur. Çünki onda bu milli mənsubiyyətdən daha geniş dairəni əhatə edəcək bir ideya yoxdur. İslam quruluşu isə belə deyil. İslam quruluşu həm milli, həm İslami, həm də qlobal baxımdan işləkdir.1
5. İslam quruluşunun dünya miqyasında önəmi.

Mən prezident olduğum dönəmdə Zimbabvedə Bitərəf Dövlətlər Hərəkatının konfransında iştirak etdim. Bitərəf Dövlətlər Hərəkatının konfransı əsasən solçuların ixtiyarında idi. Əlbəttə, Qərbə, Amerikaya meylli dövlətlərdən də orada olan var idi. Amma əsas aparıcılar solçular idi. Misal üçün, onlardan biri Robert Muqabe, digəri isə Fidel Kastro idi. Bunlar solçu idilər. Sovet İttifaqının tərəfdarı olan dünyanın digər solçu ölkələri də orada idilər. Başlıca idarəçilik onların əlində idi. Mən getdim və orada çıxış etdim. Mənim çıxışım tam olaraq antiamerika, antiimperializm mövqeyindən idi. İnqilab gerçəkləri, ölkənin gerçəkləri, Amerikanın İran xalqı əleyhinə cinayəti, məcburi savaşla bağlı məsələlər və s. bu kimi mövzular. Sonra da həmin sərtlikdə Sovetin Əfqanıstana təcavüzünə hücum etdim. Bunlar heyrətdə idilər. Həmin solçu ölkə başçılarından biri mənə dedi: "Bu konfransda bitərəf yalnız İrandır". Görürsünüzmü, İslam quruluşu dünya miqyasında necə önəm kəsb edir, necə özünü göstərir. Belə ki, hətta düşmənləri belə ona hörmətlə yanaşmağa məcbur olurlar.2


6. İslam hərəkatının təməl prinsipləri.

Bu və ya digər böyük hərəkat xalq arasında özünə yer tutmaq, öz yerini tapmaq istəyirsə, cəmiyyətin ziyalıları, fərqlənənləri tərəfindən qəbul olunmaq istəyirsə, ortaya yeni söz, yeni fikir qoymalıdır. Şüarla xalqı dörd-beş gün səhnədə saxlamaq olar. Əsaslı mübarizəni bəzilərinin ağzından eşidilən səthi, içi boş şüarlarla həyata keçirmək olmaz. Əksinə, o mübarizə üçün, xalqı meydanda saxlamaq üçün fikir lazımdır. Böyük xalq hərəkatına dayaq ola biləcək möhkəm fikri sədd lazımdır. Bizim dahi imamımız bu möhkəm dayağı İslamdan çıxara bildi.

Bu təfəkkürün ümdə təməlləri həmin İslam prinsiplərinin yenidən baxılmış, yenidən düşünülmüş forması, etinasızlıq olunmamış variantıdır. Misal üçün, tövhid İslam hərəkatının təməl prinsiplərindən biridir. Xalq arasında onu "Allah birdir, iki deyil" kimi izah edirlər. Əlbəttə, məlumdur ki, Allah birdir, iki deyil. Amma tövhid yalnız bu deyil. Tövhid insan həyatına hakim gücün yeganəliyidir.

Bu nə deməkdir? Bu, insana hökmranlıq edən bütün güclərin inkarı deməkdir. Görürsünüzmü, birdən-birə necə böyük bir məna kəsb edir? Bu, hökmranlığın, istənilən zülmkar hakimiyyətin inkarıdır. Bütün xalq iradəsinə dayanmayan, irsi hakimiyyətlərə rədd cavabıdır. Bu, insan toplumlarına öz iradələri ilə hakim kəsilmək, öz şəxsi mənafeləri çərçivəsində, öz hissləri, duyğuları ilə hakimiyyət sürmək istəyənlərə yox cavabıdır. İstər bu hakimiyyət siyasətçilərin olsun, istərsə də iqtisadçıların. Bu möhtəşəm hərəkatın təməl prinsiplərindən biri olan tövhidin mənası budur.

Bu hərəkatın əsas təməllərindən biri də insan şərafəti, izzətidir. Bu nə deməkdir? Bu, insana dəyər verməkdir. Amma dildə yox, əksinə, əməldə ona qərar hüququ, seçim hüququ, öz taleyini təyin etmək, ona doğru səyinə imkan verməkdir. Digər bir yöndən isə ona dəyər verməyin, hörmət etməyin mənası onu Allahın məxluqatının, mövcudatın seçilmişi hesab etməkdir. Onun üçün mütləq kamilliyə, mütləq gözəlliyə, Allaha doğru aparan yolu açmaqdır. Bunlar insana hörmətdir, ona dəyər verməkdir. İnsanı cismani, cinsi, qarın istəkləri ilə məhdudlaşdırmaq onu kiçiltməkdir, alçaltmaqdır. Necə ki, onu məişətdən məhrum etmək, ailə-uşaq yanında xəcalətli etmək də ona hörmətsizlikdir. Bu baxımdan insana hörmət hər iki yöndən insanın ehtiyaclarını təmin etməkdir. Bu mövzular bütün diktatorluqları, insanı öz gələcəyinin idarəsi ilə bağlı heçə sayan fəlsəfi cərəyanları inkar edir. Bunlar böyük İslam hərəkatının təməl prinsiplərindəndir. Bunlar dünyada yeni sözdür. Bu sözlər, bu gün də yenidir.

Bu gün də dünyanın hegemon, imperialist dövlətlərinin arxasında böyük kompaniyalar durur. Bu dövlətləri idarə edən, səhnələşdirən onlardır. Onlar insanlara yalnız özləri üçün dollar istehsal edəcək, sərmayə, maddi gəlir gətirəcək qədərincə dəyər verirlər. Dünyanın bütün bu hay-küylərini bir qrup şirkətlər, kapitalistlər idarə edirlər. Kapitalist ölkələrində yalnız onların istədiyi partiya, yalnız onların dəstək verdiyi namizəd iş başına gəlir. Sözü pul deyir. Demək, insana hörmət, bu qeyri-insani üsulun tam qarşısındadır.

Ədalət də İslam hərəkatının əsas prinsiplərindən biridir. Bu gün dünyada ölkələrin varlı olmasını belə təyin edirlər: Ümumi daxili məhsulun ümumi miqdarını hesablayıb, adambaşına filan qədər düşür – deyirlər. Bu nə deməkdir? Yəni sərvət, sərmayə bütün insanlara bərabərmi çatır? Əsla! Bu və ya digər ölkənin varlı dövlət olmasının mənası bu deyil ki, o ölkədə ilkin məişət ehtiyaclarından məhrum, səfil, yoxsul insan yoxdur. Çünki Amerika və dünyanın digər varlı ölkələrində elə yoxsul, səfil insanlar var ki, onların vəziyyəti Hindistan və ya Əfqanıstan kimi yoxsul ölkələrdə yaşayan yoxsulların vəziyyəti ilə heç də fərqlənmir. İslam, sərvətlərin ixracını, istehsalını vacib hesab edir. Amma sərvətin bərabər bölünməsini istəyir. Əlbəttə, İslamda ədalət kommunistlərin deyib, heç zaman əməl etmədikləri müsavat (bərabərlik) kimi izah olunmur. Əksinə, ədalət təbəqələr arasında uçurumun yaranmamasıdır. Öz cəmiyyətinizə baxın. Bu prinsiplərin əksinə olan hər nə görürsünüzsə, bizim yanıldığımız tərəflərdir. Yanlış getdiyimiz yollardır. Mövcud problemlərimiz də bu yanlışlardan törəyir.1
7. Bu gün İslam İmam Xomeyni və İslam Respublikası quruluşunun sayəsində müsəlmanların könlündə ümid yaratmışdır.

Bu gün İslam dünyasında meydana gəlmiş bu cərəyanın (oyanış) mənşəyi İranda böyük İslam hərəkatı və İslam Respublikası quruluşunun təşəkkülüdür. Onun aşkar həqiqətləri İmam Xomeyninin sözləri, onun xətti, onun yoludur. Bu sözlər dünyanın harasına getdisə, onu deyənin kim olduğunu bilmədikləri halda haqq sorağında olan insanların könül lövhələrinə həkk olundu. İmamın adı bu sözlərin, şüarların gərəyi olaraq camaatın könlündə yer açdı. Belə ki, bu hərəkatı İmamın sayəsində hər yerdə tanıdılar.

Bir zamanlar əgər dünya hegemonları – istər Amerika, İngiltərə, keçmiş Sovet İttifaqı, istərsə də ondan öncəki dönəmlərdə Fransa, Qrenlandiya, Portuqaliya və digər ölkələr – müsəlman ölkələrinə girmək istədikdə onların qarşısını alan İslam kimliyi, ümmət və İslam mənliyi kimi şeylər yox idi. Bu gün artıq İslam Respublikası quruluşu sayəsində müsəlmanlar təcavüzkarlara qarşı tələbkar olmuşlar, ürəklərində ümid işartıları əmələ gəlmişdir. Bir zamanlar "müsəlmanlar, oyanın", "hərəkət edin ki, özünüzü bu zincirlərdən azad edə biləsiniz" – deyildikdə bir çoxları qəbul edirdi, "bu yaxşı işdir, lakin mümkün deyil, olmaz", - deyirdilər. Artıq bu gün isə bu gerçəyin İslam Respublikasında baş verməsi, İslam Respublikası quruluşunun təşkil olunması bu "olmaz"ları, ümidsizlikləri, ümidə çevirdi. Buna görə də siz bu gün şahidsiniz ki, sionistlərin çətin, zülmkar, sərt mühasirəsində bir qrup silahsız xalq, əli hər yerdən üzülmüş Fələstin xalqı neçə illərdir ki, müqavimət göstərir, mübarizə aparır. Onları saxlayan bu ümiddir.

Bu millət, bu gün Fələstində müqavimət göstərən, mübarizə aparan xalq başqa yerdən gəlməyib. Bunlar əlli il sionizmin güc tətbiqinə, yekəxanalığına, hökmranlığına dözmüş insanlardır. Bütün bunlara baxmayaraq, heç bir iş də gömürdülər. Ən böyük işləri bu idi ki, bir dəstə gənc digər ölkələrə gedir, bir müddət sonra geri dönür, zərbə endirir və yenə sıradan çıxırdılar. Adını eşitdiyimiz təşkilatların – Fələstin Azadlıq Təşkilatı və başqaları – ən böyük hünəri bu idi. Bir millət sionistlərin mühasirəsində, bu qədər dayanıqlı ola bilirsə, onu ayaqda saxlayan nədir? Evini, məscidini dağıdırlar, şəxsiyyətlərini öldürürlər, uşaqlarına işkəncə verirlər, minlərlə insanını həbsxanalarda saxlayırlar, evlərini qarət edirlər, özlərini mühasirədə saxlayırlar, tarlalarını dağıdırlar, ağaclarını kəsirlər; hansı ki, bu cinayətlərin onda biri belə əks etdirilmir. Lakin bütün bunlara baxmayaraq, bu xalq yenə mübarizə aparır. Onları ayaqda saxlayan ümiddən başqa bir şey deyil.

Fələstin mübarizləri özləri bu neçə illər boyu İslam Respublikasına gəldikdə bizə deyirdilər ki, İmam Xomeyninin bu hərəkatı, İran xalqının hərəkatı bizə ümid bəxş etmişdir. Həqiqət budur. Eynilə həmin məsələ İraqda da var. Eynilə həmin məsələ dünyanın digər İslam hərəkatını müşahidə etdiyiniz yerlərdə də var. Demək olar ki, bu, az ya çox olmaqla bütün İslam dünyasında var. Amma qüllə buradır. Ümid, idrak, stimul çeşməsi buradır. Buradan qaynayır və İslam ümmətinə doğru gedir. Demək, siz bu gün belə bir təcrübəni yaşayırsınız. Hegemonlar cəbhəsinin ən çox təzyiqinin bura yönəlməsi təbiidir.1
8. İnqilab bizə can verdi, şəxsiyyət və mənlik hissi bəxş etdi.

Bizim cəmiyyətimiz İslam İnqilabından sonra mənlik hiss etdi. Yəni öz şəxsiyyətini yenidən tapdı. Bu dünya hərəkatları içində doxsan doqquzuncu dalğa kimi itib-batmışdı. İnqilab bizi diriltdi, bizə can verdi, şəxsiyyət bəxş etdi. İnqilab bizə öyrətdi ki, bir millət ən əsaslı dünya məsələlərində öz sözünü deyə, öz mövqeyini nümayiş etdirə bilər. Öz istəyini, fikrini açıq-aydın, dünya hegemonlarının, quldurlarının nə istəməsinə baxmayaraq, deyə və arxasında da dayana bilər. Beynəlxalq ictimaiyyətdə bu və ya digər millətin dəyəri bunlarla ölçülür, nəinki mənfi məsələlərdə kortəbii asılılıqlarla, təqlidçiliklərlə. Bu və ya digər millətin hegemon dövlətlərin "bəli rəis" deyəni olması onun üçün dəyər deyil. Bunu İnqilab bizə verdi. Bu, İslamın sayəsində bizə gəlib çatdı. İndi də İslam Respublikası quruluşu, İran milləti dünya miqyasında müxtəlif məsələlərdə bir şücaətli, cəsarətli millət olaraq ideya, söz sahibidir, sayılandır.2


9. İslam hərəkatının İranda gördüyü ən böyük iş bu idi ki, bizi gələcəyə etinasızlıqdan, laqeydlikdən çıxartdı.

İslam hərəkatının İranda gördüyü ən böyük iş bu idi ki, biz iranlılara çırtma vurub qəflət yuxusundan oyatdı, gələcəyə laqeydlikdən, etinasızlıqdan çıxartdı. Sədi Gülüstan əsərində – birinci fəslin ikinci ya üçüncü dastanı – bir qrup oğrunun əhvalatını nağıl edir. Deyir ki, bunlar bir neçə nəfərə hücum etmək istəyirdilər. Lakin onlara hücuma keçən, onları yenən ilk düşmən yuxu idi. Xarici düşmən onlara hücum etməzdən öncə, daxili düşmən onlara qələbə çaldı. Bu düşmən yuxu idi. Biz yuxuda idik, inqilab bizi oyatdı.

Mən özüm üç min yüz illik Həmədan tarixini xatırladıqda iftixar hissi keçirirəm. Həmədan mənim də evimdir. Bir şəhər üç min yüz il ayaqda qalırsa, insan iftixar hissi keçirir. Amma bu, məsələnin bir tərəfidir. Məsələnin digər tərəfi isə budur ki, görəsən, bu üç min yüz illik İran tarixində - hansı ki, onun simvolu Həmədandır – biz iranlılar ilahi peyğəmbərlərin, ilahi dinlərin insanlardan istədiyi kimi yaşaya bilmişikmi? Öz taleyimizə hakim olmuşuqmu? Özümüzə gəlmişikmi? Öz gələcəyimiz üçün layihə işləyib hazırlamışıqmı? Bu uzun və köhnə tarixin ən yaxşı hissəsi ləyaqətli bir diktatorun iş başında olduğu, bizim üçün qərar qəbul etdiyi, gələcəyimiz üçün plan hazırladığı, ölkənin ərazilərini genişləndirdiyi dövrdür.

İran xalqı İslam İnqilabının qələbəsinə qədər bir xalq olaraq, bir toplum olaraq, özü üçün gələcək layihəsi hazırlamağa fürsət, imkan tapa bilməmişdi. Gələcəyin mənzərəsini müəyyənləşdirə bilməmişdi. Onun üçün proqram hazırlaya bilməmişdi. Ona doğru hərəkət edə bilməmişdi. Nə qədər ki, gələcəyin mənzərəsini özümüz üçün aydınlaşdırmamışıq (inkişaf planı hazırlamamışıq), heç bir düzgün iş görülməyəcək. Hamısı ötəri olacaq. Məsələyə tərif verdikdən, aydınlaşdırdıqdan sonra proqramlaşdırmasaq nəticə ala bilməyəcəyik. Proqramsız iş bəhər verməyəcək. Proqramlaşdırdıqdan sonra ciddi-cəhdlə çalışmasaq, hərəkət etməsək, fikrimizi, əzələlərimizi, cismimizi yormasaq, yola çıxmasaq, məqsədə yetməyəcəyik. Bunlar zəruridir.1


10. İslam və inqilab bizə elmi canlanma, hərəkət gücü, cürəti bəxş etdi.

Biz elmi baxımdan geri qalmış və geri saxlanılmışdır. Əlli ildən çox idi ki, bu ölkədə elmi hərəkət, elmi canlanma zəif idi. Bəzi sahələrdə isə ümumiyyətlə yox idi. Bu millətin qarşısına elə maneələr çıxarmışdılar ki, öldürücü zəhər tək ondan inamı almışdı.

Millətimizi, seçilmişlərimizi, düşünən beyinlərimizi sərhədlərimizdən kənarda olanlara o qədər bağlamışdılar ki, heç kim özündə o sözlərin, o fikirlərin, o nəzəriyyələrin əksini düşünməyə, üzə çıxarmağa, cəsarət tapa bilməsin. Biz hələ də həmin fikirlərin təsirindən çıxa bilməmişik. Əlbəttə, İslam bizə özümüzə inam verdi. İnqilab bizə cürət verdi. Bu gün müşahidə etdiklərimiz həmin cəsarətin nəticəsidir. Bu cəsarəti gücləndirmək, inkişaf etdirmək lazımdır.2
11. Bu inqilab qalasıdır. Çünki bir milləti imansızlaşdırmaq çox çətindir.

Xaricilərin, əks-inqilabçıların (bu inqilab batdı və s. kimi) təbliğat xarakterli mənasız sözlərinə, proqnozlarına baxmayaraq, bu İslam quruluşu çox köklüdür.

Onlar təsəvvür edirlər ki, (inqilab) yalnız dörd nəfər mollanın dörd kəlmə sözündən ibarətdir. Biri yuxarıda oturub şüar verir. Yavaş-yavaş enerjisi bitəcək. Belə deyil. Məsələ din məsələsidir.

Bu İnqilab, bu quruluş dinə, imana köklənmişdir. İman bir millətdən alınacaq şey deyil. Bir nəfər müəyyən şəraitdə dinini imanını əldən verə bilər. Amma bütöv bir milləti imansız etmək olduqca çətindir. Bu iman aydın, şəffaf iman olduqda bu çətinlik daha da artmış olur. İslam imanı şəffaf və aydın imandır. Yəni imanın təməlləri möhkəmdir.

Bu inqilab qalasıdır. İntəhası gəncin dinsizləşməyi, laübaliliyi ilə onda problemlər meydana gələcəkdir. İnqilabın təməli sarsılmayacaq, amma yolu uzanacaq, problemləri çoxalacaq, nəticələr gec əldə olunacaq. Bu gün bizim inqilabımız şən, gümrah vəziyyətdədir. Buna səbəb odur ki, bizim cəmiyyətimizdə gənc nəsil dindar nəsildir. Onu dindar saxlamaq olar. Onu düzgün din hökmləri ilə agah etmək olar. Böyük gücünü, enerjisini dinə sərf etmək olar. Bu gün hamının bu böyük gücə ehtiyacı var.1

  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə